Saxlanılan inanclıların “Kərimə” dövləti yaratmaq istədikləri iddia olunur

Daxili İşlər Nazirliyi, Baş Prokurorlq, Dövlət Təhlükəsizlik Xidməti. Foto: e-huquq.az

Hüquq-mühafizə orqanları birgə məlumat yayıb

Hüquq-mühafizə orqanları Azərbaycanda şəriət qanunları ilə idarə olunan “Kərimə” dövlətinin qurulması məqsədilə dəstə yaradıldığını iddia edir. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq bu barədə birgə məlumat yayıb. Məlumatda deyilir ki, İranın xüsusi xidmət orqanları maddiyyat və dini təbliğatla bir qrup adamı ələ alıb, Azərbaycanda sabitliyin pozulması istiqamətində cinayətlər hazırlanıb.

İddia olunur ki, İranda yaşayan Rufulla Axundzadə və Bəxtiyar Bayramov Tərtər rayon sakini Arif Cümşüdova şirnikləndirci vədlərlə silahlı iğtişaşlar yoluyla hakimiyyəti ələ keçirmək, şəriət qanunlarıyla idarə olunan “Kərimə” dövləti qurmaq üçün “müqavimətçi dəstə” yaratmaq haqda  tapşırıqlar veriblər.

Arif Cümşüdov isə bu tapşırıqlar əsasında ətrafında olan tanışları – Tərzan Qaraşov, Sənan Məmmədov, Xəqani Məmmədov və İqbal Axundovu bu işə cəlb edib. Hüquq-mühafizə orqanları iddia edir ki, onun yaşadığı evdə mütəmadi gizli yığıncaqlar təşkil olunub, orada Rufulla Axundzadə və Bəxtiyar Bayramovun göstərişləri həmin şəxslərə çatdırılıb:

“Dəstə üzvləri əlavə şəxslərin də cəlb edilməsi üçün fəaliyyət göstərərək, bu barədə Rufulla Axundzadəyə məlumat veriblər. Bundan başqa, Rufulla Axundzadə Bakı sakini Anar İsayevi də əməkdaşlığa cəlb edib, ona da ölkə ərazisində iğtişaşların törədilməsi yolu ilə “Kərimə” dövlətinin qurulması üçün “müqavimətçi dəstə” təşkil etməyi tapşırıb.  Rufulla Axundzadə yüksək maddi gəlir, silah və digər bütün lazımı dəstəyin veriləcəyini vəd edib, təşkilatlanmaları və birgə fəaliyyət göstərmələri məqsədilə Anar İsayevi Arif Cümşüdovla tanış edib.

Saxlanılan şəxslər özlərini cəmiyyətdə “dindar” kimi qələmə verərək, sosial şəbəkələr üzərindən, eləcə də insanların toplaşdığı mərasimlərdə İran və dini radikalizm lehinə təbliğat apararaq, Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün xaricdən aldıqları tapşırıqları yerinə yetiriblər”, – DTX, DİN və Baş Prokurorluğun birgə məlumatında yazılıb.

Hüquq-mühafizə orqanlarının rəsmi açıqlamasından məlum olur ki, saxlanılan şəxslər həm də narkotik satışında ittiham olunur. İddia edilir ki, İrandan məqsədli şəkildə göndərilən narkotik satılıb və əldə edilən vəsait Azərbaycanda dini radikalizmin təbliğinə, başqa pozuculuq fəaliyyətlərinin maliyyələşməsinə sərf olunub.

Hüquq-mühafizə orqanlarının bu məlumatına, orada yer alan ittihamlara saxlanılan şəxslərin yaxınlarından, vəkillərindən, yaxud da İranın Azərbaycandakı səfirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Aprelin 2-də sosial şəbəkələrdə Milli Məclisin üzvü Fazil Mustafaya qarşı silahlı hücumla əlaqədar tutulması haqda sosial şəbəkələrdə məlumat yayılmışdı. Həmin vaxt DİN-in mətbuat xidməti 6 nəfərin şübhəli şəxs qismində saxlandığını təsdiqləsə də, adları və başqa detalları açıqlamamışdı. Sosial şəbəkələrdə açıqlanan adlar arasında Arif Cümşüdov və başqalarıyla yanaşı, İlkin Süleymanov adlı şəxsin də adı vardı. Lakin onun yaxınları iki gün sonra Meydan TV-yə müsahibə verərək, onun təqsirsiz olduğunu, saxlandığı yer haqda ailə üzvlərinin məlumatlandırılmadığını bildirdilər. Aprelin 5-də isə məlum oldu ki, İlkin Süleymanovun barəsində narkotik ittihamıyla cinayət işi başlanıb. İddia edilir ki, o, Binəqədi rayonu ərazisində saxlanılıb, üzərindən təxminən qram narkotik maddə tapılıb.

Ana səhifəSiyasətSaxlanılan inanclıların “Kərimə” dövləti yaratmaq istədikləri iddia olunur