Satınalmalarda Dibirovlar izi… (II yazı)

Balakəndə əksər tenderlər bu soyadı daşıyanlar tərəfindən udulur. Fəal qalibləri olan Dibirov qardaşlarının vəzifə sahibi olan qohum-əqrabası az deyil. Dibirov qardaşlarının qohumu – Mahir Tacəddin oğlu Dibirov Balakən rayon təhsil şöbəsinin müdiridir. Və qardaşlar təhsil şöbəsinin keçridiyi müsabiqələrdə də qalib…

Source:


Balakəndə əksər tenderlər bu soyadı daşıyanlar tərəfindən udulur

“O, 9 sentyabr 2013-cü ildən Agentliyin “İqtisadi təhlil və nəzarət” şöbəsində aparıcı məsləhətçi vəzifəsində işləyir. Agentliyə qəbul olunan şəxslər 15 nəfərdir və onların hamısı gənc olmaqla yanaşı, qurumun əməkdaşlarının təqribən yarısını təşkil edirlər. Artıq 10 aydır agentlikdə çalışan Dibirov Zamir Cavad oğlu bu sıradandır. Agentlik bildirir ki, sorğuda adı çəkilən tərəflərin satınalma fəaliyyətləri ilə bağlı hər hansı bir maraqlar ziddiyyəti və ya digər qanuna zidd halların olması nəzəri və praktiki olaraq qeyri mümkündür”.

Satınalmalar üzrə Dövlət Agentliyi 20 iyunda göndərdiyimiz sorğuya iyulun 1-də cavab yollayıb. Cavabda quruma ünvanladığımız sullara birbaşa cavab verilməsə də, qismən münasibət bildirirlib. Belə ki, Meydan TV əməkdaşının sorğusunda bu suallar öz əksini tapıb:

  1. Satınalmalar üzrə 2011, 2012, 2013, 2014-cü illərdə tender qalibləri arasında Dibirovlar ailəsi var. Sizin qurumda İqtisadi nəzarət və təhlil şöbəsində çalışan  Zamir Cavad oğlu Dibirovun tender qalibləri ilə qohumluq əlaqəsi var?
  2. Qanun bu cür qohumluq əlaqələrinə əsasən tenderdə iştiraka icazə verirmi?
  3. İcazə verirsə, keçirilən tenderlərin ədalətliliyinə və şəfaflığına necə nəzarət edirsiniz?

Agentlik bildirir ki, Zamir Cavad oğlu Dibirov “Dövlət qulluğu haqqında” Qanuna uyğun olaraq (maddə 28.28.1. Dövlət qulluğuna vətəndaşlar müsabiqə və ya müsahibə əsasında qəbul edilirlər) Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilən dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üzrə keçirilmiş müsabiqə və müsahibə mərhələlərində uğurla iştirak edərək Agentliyin “İqtisadi təhlil və nəzarət” şöbəsində müvafiq dövlət qulluğu vəzifəsinə daxil olunub.

Balakən rayonunda tenderlərin fəal qalibləri olan Dibirov qardaşlarının vəzifə sahibi olan qohum-əqrabası az deyil. Dibirov qardaşlarının qohumu – Mahir Tacəddin oğlu Dibirov Balakən rayon təhsil şöbəsinin müdiridir. Və qardaşlar təhsil şöbəsinin keçridiyi müsabiqələrdə də qalib olub. Mahir Dibirov isə 2011-ci ilin fevral ayından Balakən Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışır. Təhsil şöbəsindən Hacı Dibirov 2011-ci ildə internat şəhər ümumi orta məktəbinə dəftərxana ləvazimatlarının və təsərrüfat mallarının, məktəb ləvazimatlarının satın alınmasına 2509 manat, eləcə də Yusif Dibirov 1 saylı peşə məktəbinə inventarların və avadanlıqların satınalınmasıyla bağlı keçirilən 1760 manatlıq tenderi udub. 2013-cü ildə isə Ayzənət Dibirova Balakən şəhər ümumi orta internat məktəbinə dəftərxana ləvazimatları və təsərrüfat mallarının satın alınması üçün 2579, eləcə də eyni bənd üzrə Təhsil şöbəsindən 2998,4 manatlıq sifarişi udub.

Digər qardaş  – Musa Müslüm oğlu Dibirov Balakən Rayon İcra Hakimiyyətində işləyir. O, aqrar məsələlər şöbəsində baş məsləhətçi (zootexnik) işləyir. Dibirov qardaşları satınalma müsabiqələrində əsasən ərzaq məhsullarının alınmasıyla bağlı tenderin qalibi olurlar. Bu tenderlərin sifarişçisi də birbaşa Balakən Rayon İcra Hakimiyyəti (BRİH) olub.

2011-ci ildə BRİH bir sıra kəndlərində ərzaq məhsullarının satınalınmasını həyata keçiriblər. Həmin il üçün bu işi Dibirova Kərimət Müslüm qızı görüb. 2011-ci ildə ərzaq məhsullarına 76148.3 manat vəsait nəzərdə tutulub. Bundan başqa, Balakən rayon Mədəniyyət və Turizm Şöbəsinə dəftərxana və təsərrüfat malları üçün 3034.40, rayon icra hakimiyyətinin Balakən şəhər icra nümayəndəliyinə materialların alınmasına 4496, inventarların satın alınmasına isə 2639 manat vəsait ayrılıb. Təkcə Dibirova Kərimətin udduğu satınalma 86317.7 manat edib.

Müstəqil ekspertlər isə fiziki şəxslərin böyük tenderlərdə 50 000 manatdan yuxarı kimi yüksək məbləğ udmasının tərəfdarı olmadıqlarını deyirlər. Onların fikrincə, fiziki şəxslər illik dövriyyəsi 120 000 manatdan yuxarı olmayan sahibkarlardır. Həmin məbləğ də sadələşdirilmiş vergiyə düşür. Sahibkarların 100-dən 99-u fərdi sahibkarlardır ki, 120 manata qədər sadələşdirilmiş vergi ilə işləyirlər. Dövriyyəsi 50 000 -100 000 manat olan fiziki şəxsə 100 000-200 000 manat dövlət vəsaitini həvalə eləmək  nə qədər doğrudur?

Ümumilikdə götürdükdə isə Dibirov qardaşları hər il Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, İdman və Gənclər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyindən,  Fövqəladə Hallar Nazirliyi, Meliorasiya və Su Təsərrüfatı ASC-dən, Balakən Rayon İcra Hakimiyyətindən dövlət sifarişlərini həyata keçirmək üçün müsabiqəni udublar.

İşsizliyin tüğyan etdiyi Balakəndə iş sahibi olan Dibirovlar nəsli hələ Sovet dövründən məşhur olub. Belə ki, Dibirov qardaşlarının bibisi Səfiyyə Dibirova Heydər Əliyevin Mərkəzi Komitənin katibi olduğu dövrdə Azərbaycan Ali Sovetinin deputatı, Qax rayon partiya komitəsinin birinci katibi işləyib. 2002-ci ildə Heydər Əliyev tərəfindən prezident təqaüdünə layiq görülüb. O, 14 il ərzində müxtəlif rayonlarda birinci katib vəzifəsində çalışıb. Ondan başqa Dibirovların digər nümayəndələri də vəzifə sahibləridir.

Satınalmalar Agentliyinin əməkdaşımıza ünvanladığı cavabında “Dövlət satınalmaları haqqında” qanundan sitatlar gətirilib. Agentliyin işçisi Z.Dibirovun yaxın qohumlarının adı çəkilməsə də onların tenderdə iştirakının qanuni olduğu vurğulanıb.

Qanunda əksini tapan maraqlar ziddiyyəti məsələsinə görə, birmənalı olaraq satınalan təşkilatdan hüquqi, maddi və ya təşkilatı asılılığı olan malgöndərənlərin həmin təşkilat tərəfindən keçirilən satınalmalarda iştirakına yol verilmir.

Ana səhifəXəbərlərSatınalmalarda Dibirovlar izi… (II yazı)