Satılan qəhrəmanlıq

Olqa Korbutun və nənəmin ordenləri

Source:
Günel Mövlud (illüstrasiya)
Günel Mövlud (illüstrasiya)

Bugünlərdə mətbuatda bir xəbər oxudum. Dördqat Olimpiya çempionu, sovetlərin ən məşhur qadın idmançılarından olan Olqa Korbut öz medallarını hərrəcda satışa çıxarıb.

“Hörüklü qızcığaz” ləqəbli Olqa Korbut sovetlər dövründə milyonların sevimlisi idi. Saysız uğurlarına, şöhrətinə baxmayaraq, “hörüklü qız” imperiya dağılan kimi ölkəsini tərk edərək əri və oğlu ilə Amerikaya mühacirət edib. Bir müddət sonra həyat yoldaşı geri qayıtsa da, Korbut orda qaldı və 2000-ci ildə Amerika vətandaşı pasportunu ala bildi.

Lakin məşhur idmançı uğurlu karyeranı burda unutmalı oldu. Sadə dolanışıq sarıdan belə çətinlik çəkən keçmiş çempionu 2002-ci ildə supermarketdən 20 dollar məbləğində ərzaq oğurlayan yerdə polis yaxaladı. Hadisə kifayət qədər çoxdan baş versə də, Korbutun maddi problemlərinin həll oldunduğunu düşünmək üçün zəmin yaradan heç nə yoxdu. Əksinə, onun öz medallarını satışa çıxarması keçmiş çempinonun çətin dolanışığından xəbər verir. Xüsusilə bəzi medallarının ilkin qiymətinin 250 dollar məbləğində göstərilməsi onun necə pis vəziyyətdə olduğunu göstərir.

Keçmiş sovet çempionunun medallarını satması yadıma başqa hadisəni saldı. Ana nənəm on uşaq doğub-böyütdüyünə görə “Qəhrəman ana” ordeni almışdı. Sovetlər dövründə bu orden həm də müəyyən sosial təminat, növbəsiz maşın ala bilmə imkanı, müxtəlif tədbirərdə nüfuzlu qonaq olmaq şərəfi və nəhayət, sadə əyalət qadınına “döşünə orden taxıblar” havalı bir qürur verirdi.

“Qəhrəman ana” ordeni 1944-cü ildə Ali Sovetin qərarı ilə təsis olunmuşdu. Sovetlərin əhalisinin, xüsusilə kişilərin müharibədə kütləvi həlakı yeni döyüşçülərin və yeni işçilərin dünyaya gəlişini tələb edən bir həll yolu lazım idi. Və sovet rəhbərləri bu həlli sovet qadınını daha çox doğmağa həvəsləndirmək idi. Sosial təminat, imtiyazlar, imkanlar az idi, işin mənəvi tərəfini də düşünmək vacib idi. Sovet qadınla uşaq doğmağın mənəvi üstünlüyünü də əyani göstərmək lazım idi.

Savaş, həlak olan ərlər, oğullar, insanların davamlı maddi və mənəvi böhranda yaşaması gerçəyinin fonunda isə ən romantik status qəhrəmanlıq idi. Qorxmadan düşmən üzərinə yeriyən qəhrəman sovet döyüşçüsü ilə bərabər tutulmaq. Bunun üçün isə sovet qadınına sadəcə çoxlu sovet vətəndaşı dünyaya gətirmək lazım idi.

4 qram yarımı qızıldan, 11 qram yarımı gümüşdən hazıranan “Qəhrəman ana” ordeni belə yaranmışdı və düz 1991-ci ilə qədər yarım milyondan çox sovet qadınının yaxasına bu ordendən sancılmışdı.

Sovetlər dağılandan sonra imperiyanın bu simvola yüklədiyi məna da öz-özünə ləğv olundu. Ordenə qoyulan hörmət, verilən imkanlar, imtiyazlar, xüsusilə də onun verdiyi qürur və şərəf hissi yoxa çıxandan sonra yerdə qalan tək dəyər həmin 4 qram yarım qızıl, 11 qram yarım gümüşün dəyəri qədər oldu.

Şəhərda dolanışıq sarıdan korluq çəkən böyük dayım nənəmin “Qəhrəman ana” ordenini zərgərə aparıb lom kimi satdı. Başı on uşaq doğub, qəhrəman olmaq istəyən anaların çoxuşaqlı ailədə doğulan bütün uşaqları kimi dayımın da nə normal təhsil almaq, nə yaxşı iş tapa bilmək, nə də özünə layiqli həyat qurmaq imkanı olmamışdı.

Qəhrəman ana adı almaq üçün on, on bir, on iki uşaq doğan o yarım milyon qadın görəsən ən azı üçüncü uşağı doğanda, düşünürdülərmi normal uşaqlığı olmayan, uşaq yaşlarından istismar olunan, qoyuna-mal arxasınca göndərilən, fəhlə, pambıqçı, malsaxlayan aqibətindən başqa heç bir gələcəyi olmayan on övladının rifahını qurban verdikləri şey bir gün lom kimi satılacaq 16 qram əlvan metaldan başqa bir şey deyil.

Olqa Korbutun medallarını satması mənim üçün simvolik hadisə oldu. Demək ki, imperiyanın, sistemin mənalandırdığı, dəyər və qürur qazandırdığı şeyin bütün dəyəri imperiyanın ömrü boyunca qüvvədədir. Hətta qəhrəmanlıq da.

İstəyirsən bir ucqar vilayətdə on uşaq doğub qəhrəman adı al, istəyirsən idman arenalarında imperiyanı təmsil edib qəhrəman ol, istəyirsən imperiya üçün qanını, qolunu, ayağını qurban verib qəhrəman ordeni al, istəyirsən imperiya üçün min tonlarla məhsul becərib, yığıb qəhrəman ol, fərqi yoxdur. O qəhrəmanlığın ömrü imperiya dağılana qədərdir.

İmperiya dağılanda isə bütün qəhrəmanlıqların simvollarını eyni ləyənə töküb, ekzotika kimi turistlərə satacaqlar.

Ana səhifəMənim FikrimcəSatılan qəhrəmanlıq