SAT sualları 3 min dollara satılırmış
ABŞ-da təhsil almaq istəyən tələbələrin daxil olduğu Sxolastic Aptitude Test (SAT) suallarının iranlıların rəhbərlik etdiyi dəstə tərəfindən oğurlandığı bildirilir.
“CNN Türk” yazır ki, “karantin” deyilən evlərdə Azərbaycandan 2-3 min dollara sual gətirib satan dəstənin 6 üzvü saxlanılıb.
İstintaq materiallarına görə, mayın 7-də Türkiyənin Maliyyə Cinayətləri ilə Mübarizə İdarəsinə bildirilib ki, “OSTİM Texnologiya Universiteti, Beştəpə Ankara Kolleci və TOBB Universiteti şəhərciyində keçiriləcək SAT İmtahan sualları əvvəlcədən veriləcək.
Əlavə edilib ki, sualların 2 gün içində paylanacağı bildirilib.
Sualları 3 min dollara satan şəxslərin “Telegram” tətbiqi üzərində təşkilatlandığı, əksəriyyətinin iranlı olduğu bildirilir. Həmin elanda imtahan suallarının Türkiyəyə Cahid və Əli A. adlı Azərbaycan vətəndaşları tərəfindən gətirildiyi və sualların paylanıldığı evləri “karantin” adlandırdıqları iddia edilib.
Xəbərdarlıq üzərinə Ankara Respublika Baş Prokurorluğunun göstərişi ilə istintaq başlanıb.
İstintaq çərçivəsində müəyyən edilən evlərdə aparılan axtarışlar zamanı 11 ədəd ingilis dili imtahanına dair sənəd, 18 ədəd 55 səhifəlik ingilis dilində yazılı sual kitabçası və müxtəlif rəqəmsal materiallar aşkar edilib.
Araşdırmalar çərçivəsində adıçəkilən evlərdə müsadirə edilən sual kitabçalarındakı imtahan sualları ilə imtahandakı sualların tam eyni olduğu müəyyən edilib.
Şübhəlilərin evlərində aparılan axtarış zamanı onların tələbələrə pul qarşılığında sualları təşkil edərək satdıqları ilə bağlı yazışmalar ələ keçirilib.
Prokurorluq şübhəlilərin əlbir olaraq, yekdilliklə külli miqdarda haqsız qazanc əldə etdiklərini və ictimai zərərə səbəb olduqlarını bildirərək mayın 9-da 6 şübhəlini həbs olunma tələbi ilə məhkəməyə göndərib.
Şübhəlilər arasında olan Fuad K. və Əfsanə G. “Binada olan malların oğurluğu, dövlət qurum və təşkilatlarını itirməyə fırıldaqçılıq” ittihamı ilə həbs edilib. Digər şübhəlilər Ələkbər K., Əli A., Farmaz H. və Səid K. isə səfər qadağası və məhkəmə nəzarəti qərarı ilə sərbəst buraxılıb.
Şübhəlilər sual oğurluğunun necə baş verdiyini belə izah ediblər: “Suallar qutuda parolla gəlir. Şifrəni açan onu yerinə qoyur. Hamı bilir ki, bu sualları Cahid gətirir. Bu imtahan 170 ölkədə eyni vaxtda keçirilir. Bəzi ölkələrdə saat fərqinə görə sorğular əvvəlcədən götürülür. Bu suallar PDF formatında gələndən sonra “Telegram” tətbiqinə yüklənir və 2000-3000 dollar kimi qiymətlərlə satılır”.
SAT (Scholastic Aptitude Test) imtahanı Amerikada bakalavr təhsili almaq istəyən Amerikan və xarici vətəndaşlar üçün yaranıb. Hazırda isə dünyanın müxtəlif ölkələrində bu imtahandan istifadə edilir.