Sarojini Naydu – Mahatma Qandinin silahdaşı, Hindistan Milli Konqresinin ilk qadın başçısı

Britaniya müstəmləkəçiliyi bitəndən – Hindistan müstəqillik əldə edəndən (1947) iki il sonra Saroji Naydu 60 milyondan çox əhalisi olan Birləşmiş Əyalətlərin (indiki Uttar Pradeş ştatı) qubernatoru vəzifəsində çalışmağa başlayır.

Source: meydan.tv


“Azadlıq uğrunda mübarizədə qorxu bağışlanmaz xəyanət, ümidsizliksə bağışlanmaz günahdırdır”



“Əsl milli qurucular siz kişilər yox, biz qadınlarıq. Biz inkişafın bütün mərhələlərində sizinlə fəal əməkdaşlıq etməsək, keçirdiyiniz konqres və konfransların heç bir əhəmiyyəti olmaz. Öz qadınlarınızı maarifləndirin. Bunu etsəniz, xalq özü öz qeydinə qalacaq. Dünyanı idarə edən güc beşik yırğalayan əllərdir – dünən də beləydi, bu gün də belədir, sabah da belə olacaq”.


Sarojini Naydu

Sarojini Naydu – qadın haqları uğrunda və müstəmləkəçiliyə qarşı mübarizə aparmış, Hindistan Milli Konqresinin sədri və müstəqil Hindistanda qubernator olmuş ilk qadın; Mahatma Qandinin silahdaşı; şeirlərilə “dirçəliş hərəkatını ilhamlandıran, hindli qadınların həyatını yaxşılaşdırmağa səsləyən” şair.


****


Sarojini 1879-cu ildə Hindistanın Telenqana ştatının adminsitrativ mərkəzi olan Heydərabad şəhərində, 8 uşaqlı ailənin ilk övladı olaraq


dünyaya gəlib. Atası


Aqor Çattopadhyay şəhərdəki Nizam Kollecinin qurucusu, rəhbəri və Hindistan Milli Konqresinin üzvü; anası Varada Devi benqal dilində yazan şairə; qardaşalarından biri kommunizm görüşlü siyasətçi, digəri şair və dramaturq, bir bacısı aktrisa olub.


Sarojini hələ kiçik yaşlarından xarici dillərə və yaradıcılığa xüsusi qabiliyyət nümayiş etdirib; ingilis, benqal, urdu, teluqu və fars dillərini öyrənib; atası onun riyaziyyatçı olmasını istəsə də, bu fənlə elə də arası olmayıb.


“11 yaşım vardı, bir riyaziyyat məsələsini həll etməyə çalşırıdm, amma bacarmırdım. Qəfildən beynimdə bütöv bir şeirin misraları yarandı. Mənim “şairlik karyeram” o gün başladı" – sonralar o günləri Sarojini belə xatrlayacaqdı.


Çox keçmir ki, o, ingilis dilində “Gölün ledisi” adlı 1300 sətirlik şeir yazır. 12 yaşı olanda isə atasınını yardımıyla fars dilində “Maher Muneer” adlı pyes qələmə alır. Nizam Kollecinin xeyriyyə fondu gənc şairənin yaradıcılığını təqdir edərək bir neçə il sonra xaricdə oxumaq üçün ona stipendiya ayırır və o vaxta qədər Mədrəs Universitetində təhsilini başa vurmuş 16 yaşlı Sarojini


əvvəl Kraliyyət Kollecində, sonra Kembric Universitetinin Girton Kollecində təhsil alır; tanınmış Britaniya şairi və tənqidçisi Artur Uilyam Saymons və digərləriylə tanış olur. Onlar gənc şairəyə məsləhət görürlər ki, “İngiltərə klassikasının mahir imitatoru olmaqdansa,


gerçək Hindistan şairəsi” olsun.


İngiltərədə Saroji Cənubi Hindistandan olan həkim Paydipati Nayduyla rastlaşır və ona vurulur. Hindistana qayıdandan sonra (19 yaşında) ailəsinin də xeyir duasıyla həkimə ərə gedir.


Başqa bir mənbədə bu evliliklə bağlı fərqli məumat var. Qeyd olunur ki, gənclər Hindistanda tanış olublar və cənab Naydu brahman kastasından olmadığı üçün həm iki ailə bu nikaha qarşı çıxıb. Valdeynləri Sarojini sevdiyi gəncdən ayırmaq üçün İngiltərəyə göndəriblər, amma Girton Kollecində təhsil aldığı dövrdə səhhətində problemlər yaranana gənc qız geri qayıdandan sonra kasta qadağalarını pozaraq yenidən onunla əlaqələrini bərpa edib və bir neçə ay sonra baş tutan nikah bütün Hindistanda hay-küyə səbəb olub.


Kasta və ənənə fərqlərinə baxmayaraq


Sarojini və Paydipati birlikdə xoşbəxt olmağı bacarıblar, onların 5 qızı olub, onlardan biri – Padmaya da azadlıq hərəkatına qoşulub, Hindistanın müstəmləkə boyunduruğundan azad edilməsi prosesində iştirak edib.

Evliliyin ilk illərində təbiətdən, sevgidən, o cümlədən, vətən sevgisindən yazan Sarojininin bəzi şeirlərinə mahnılar bəstələnib, əvvəlcə “Qızıl astana” (1905), daha sonra “Zamanın quşu”, “Qırılmış qanadlar” adlı şeirlər kitabı dərc olunub, yaradıcılığı təkcə Hindistanda yox, Britaniyada da maraqla qarşılanıb.

O, eyni zamanda, öz siyasi baxışlarını əks etdirən, qadın haqları və sosial problemlərlə bağlı esselər yazıb (məsələn, “Azadlıq sözləri” kimi).

****

1905-ci ildə ingilislərin Benqaliyada yeni ərazi (hinduslar və müsəlmanlar arasında ədavəti qızışdıran) bölgüsü tətbiq etməsi nəticəsində vüsət almış müstəqillik hərəkatı Sarojini də cəlb edir. Tezliklə gənc şairə hərəkatın liderləriylə – Qopal Krişna Qokhale, Rabindranat Taqor, Cəvahirləl Neru və Mahatma Qandi kimi məşhur şəxslərlə tanış olur, onalın təbliğ etdiyi müstəqillik və sosial islahatlat ideyalarını dəstəkləməyə başlayır.

Həmin dövrdən etibarən ədəbi yaradıcılığını arxa plana keçirən Naydu 1915-18-ci illərdə Neruyla birlikdə Hindistanın müxtəlif bölgələrinə gedib sosial təminat, qadın haqları və millətçilik haqqında leksiyalar oxuyur, çox pis şəraitdə çalışan fələlərin hüquqlarını qorumaq üçün ingilislərlə mübarizə aparır, Avropa ölkələrinə və ABŞ-a gedib Hindistandakı milli hərəkatın hədəfləri barədə danışır, Hindli Qadınlar Assosiasiyasının qurulmasında iştirak edir, qadınların azadlıq uğrunda mübarizəyə cəlb olunmasının vacibliyini təbliğ edir; onları mətbəxlərindən çıxarmaq üçün yorulmadan çalışır.

Həm assosiasiyanın, həm də Özünüidarəetmə Liqasının rəhbəri Enni Bezantla birlikdə Seçkilər üzrə Birləşmiş Komitənin Londonda keçirilən (1917) yığıncağında iştirak edir.

İki il sonra müstəqillik uğrunda mübarizə aparan Ümumhindistan Özünüidarə Liqasının bu şəhərdə keçirdiyi görüşlərə qatılır. Ordan qayıdandan sonrasa Mahatma Qandinin yaratdığı qeyri-zorakı müqavimət platformasına – “Satyaqraha” (“Həqiqətin gücü”) hərəkatına qoşulur (Deyilənlərə görə, Qandiylə aralarında həm qarşılıqlı sayğı, həm də zarafatyana münasibət olan Sarojini ona “Mikki Maus” deyirmiş).

****

1919-cu ildə Britaniya hökuməti şübhəlilərin məhkəmə qərarı olmadan həbs edilməsi və bağlı qapı arxasında, vəkilsiz və tərcüməçisiz mühakimə edilməsini nəzrədə tutan Rouletta qanununu qəbul edir və bu, Hindistandakı azadlıq mübarizəsinin güclənməsinə səbəb olur. Qandinin bununla bağlı başlatdığı müqavimət hərəkatında yaxından iştirak edənlərdən biri də Sarojini olur.

Yenə həmin il Britaniya ordusunun əsgərləri Amritsar şəhərindəki “Calianvala bağ” parkında (Pəncab ştatı) dinc aksiya keçirən şəhər sakinlərini güllə-borana tutub 400 nəfərdən çox adamı qətlə yetirir. Buna görə Naydu ingilislərin ona daha əvvəl (vəba epidemiyası zamanı gördüyü işlərə görə) verdiyi “Qeysəri-Hind” medalından imtina edir.

1924-cü ilin yanvarında Hindistan Milli Konqresinin (HMK) Şərqi Afrika hinduslarının konqresinə qatılan iki şəxsdən biri Sarojini olur. HMK-nın bir il sonra keçirilən sessiyasında partiya üzvləri onu sədr seçirlər. Həmin sessiyadakı çıxışında Naydu iştirakçılara bu sözlərlə müraciət edir:

“Azadlıq uğrunda mübarizədə qorxu bağışlanmaz xəyanət, ümidsizliksə bağışlanmaz günahdırdır”.

Bir neçə il sonra (1929) Sarojiniyə Şərqi Afrikadakı konqresə rəhbərliyi də həvalə edirlər.

1930-cu ildə Qandi Britaniya hökumətinin duz vergisi siyasətinə qarşı dinc yürüş təşkil edir. 80 nəfərlə başlamış yürüş tezliklə 400 km yol getməyi hədəfləyən böyük aksiyaya çevrilir. Ancaq ingilislər Qandini finişə çatmamış həbs edirlər, aksiyaçıları son ünvana – Dharasan duz zavodunun yanına Sarojini gətirir. Burda onu da tuturlar.

Aksiyanın dünya mətbuatında geniş şəkildə işıqlandırılması Hindistandakı hadisələri beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə gətirir. Bu aksiyalar təxminən bir il davam edir, Cəvahirləl Neru və digər konqres üzvləri başda olmaqla, 60 minə yaxın hindistanlının həbsinə gətirib çıxarır. Sonda Britaniya hökuməti Qandini azad etmək məcburiyyətində qalsa da, qanuna dəyişiklik edilmir.

1931-ci ildə Londonda bununla bağlı keçirilən dəyirmi masada Qandiylə birlikdə Sarojini də iştirak edir. Daxili işlər naziri Uinston Çörçilin sərt etirazlarına baxmayaraq Qandi və Hindistanın vitse-kralı arasında razılaşma əldə edilir (Qandi-İrvind paktı). Britaniya hökuməti bütün hökmlərə və məhkəmə araşdırmalarına son verməyə; zorakılıqlarda iştirak edənlər xaric, bütün siyasi məhbusları azad etməyə; hərəkatın müsadirə edilmiş əşyalarını qaytarmağa; dəniz sahili yaxınlığında yaşayanlara duz toplamağa və istehsal etməyə icazə verməyə; konqresin sesiyasına qoyulan qadağanı aradan qaldırmağa söz verir.

Vətəndaş itaətsizliyi və azadlıq hərəkatlarının əsas fiqurlarından biri olan Sarojini Mahatma Qandinin digər kampaniyalarında da onun yanında olur (Hindistan hökumətində yerli əhalinin təmsilçiliyini artıran Monteqyu-Çelmsford islahatları uğrunda mübarizəsində, Osmanlı xilafətinin qorunması tələbilə başlatdığı hərəkatda və s.), 1932 və 1940-cı illərdə də həbs edilir, üst-üstə 21 ay dəmir barmaqlıqlar arxasında keçirir.

sarojini-naidu-9419997-1-402.jpg
Saroji Naydu

Britaniya müstəmləkəçiliyi bitəndən – Hindistan müstəqillik əldə edəndən (1947) iki il sonra Saroji Naydu 60 milyondan çox əhalisi olan Birləşmiş Əyalətlərin (indiki Uttar Pradeş ştatı) qubernatoru vəzifəsində çalışmağa başlayır.

Daha iki il sonra – 1949-cu ilin fevral ayında Nyu-Deli (Hindistanın paytaxtı) səfərindən əyalətin paytaxtı Lakhnau şəhərinə qayıdan Sarojinin vəziyyəti pisləşir, güclü baş ağrıları olur və bir neçə gün sonra – mart ayının 2-də hökumət evində (qubernator rezidansiyasında) vəfat edir. Dəfn mərasimi Qomati çayında icra olunur. Hazırda 2 mart Hindistanda qadınlar günü kimi qeyd edilir.

****

“Bombeydə olanda bizə Hindistan Milli Konqresinin yenicə seçilmiş prezidenti missis Sarojini Nayduyla görüşmək xoşbəxtliyi nəsib oldu – böyük və cazibədar intllektual güc, cəsarətli enerji, böyük və orijinal mədəniyyət və yumorlu ciddiyyət. Hindistanın bütün siyasətçləri missis Naydu kimidirlərsə, onda həqiqətən bu ölkənin bəxti gətirib” – britaniyalı yazıçı və filosof Oldos Haksli belə yazıv.

Məşhur Hindistan şairi, tənqidçisi və filosofu Sethna (Amal Kiran) da bu möhtəşəm qadının mübarizəsini yüksək qiymətləndirib:

“Mahatma Qandi mənəvi konsepsiyalarla, Cəvahirləl Neru gözəl və böyük idealizmiylə, Sərdar Patel azadlığa itələyən cəsarətli və dinamik zərbələriylə böyük güc yarada bilirdilər. Ancaq bütün yükləri sanki yüngülləşdirən o uzaqgörən ehtiras ancaq Sarojinidə vardı. Bu möhtəşəm qadın çətinlikləri gözdən qaçırmırdı, onları şəffaflaşdırırdı, həmin çətinliklərdən sonrakı möhtəşəm gələcəyi göstərirdi”.

Ana səhifəXəbərlərSarojini Naydu – Mahatma Qandinin silahdaşı, Hindistan Milli Konqresinin ilk qadın başçısı