Sarkisyan Əliyevə cavab verdi: Döyüldükdən sonra atasını köməyə çağıran yeniyetmə kimi davranır

“Qalib o zaman sayıla bilərsən ki, münaqişənin həlli üçün əlindən gələni edirsən və buna nail olursan”

Source:


Ermənistanın sabiq prezidenti: "Hamı Birinci "Artsax" müharibəsi zamanı mənim və sənin harada olduğumuzu bilir"

“Kim fərarilikdən danışdısa, sən susmalısan. Hamı Birinci "Artsax" müharibəsi zamanı mənim və sənin harada olduğumuzu bilir. Sən o yaşda idin ki, döyüş meydanında ola bilərdin və olmalıydın. Amma harada idin, bilirəm”.

Bu sözləri Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan Azərbaycanın dövlət başçısı İlham Əliyevə cavabında

deyib

.

İlham Əliyev oktyabrın 3-də Serj Sarkisyanı fərari adlandıraraq onu sərt ifadələrlə ittiham edib.

O, bunu Tərtər rayonunun Suqovuşan qəsəbəsində Azərbaycan bayrağının açılışı zamanı

deyib

.


İlham Əliyev: "Bu adam ömrü boyu oğru, cinayətkar, saxtakar, xain, satqın, fərari kimi tanınıb"

İlham Əliyev deyib ki, fərarilərin içində Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan da olub:

"Bu yaxınlarda mənə verilən məlumata görə, o, haradasa Azərbaycan haqqında, Ulu Öndər haqqında öz səviyyəsinə uyğun çirkin sözlər ifadə edib. Birinci fərari elə odur. Çünki o, müharibə zamanı Xankəndiyə soxulmuşdu, guya orada hansısa işlər görəcək. Amma görəndə ki, Azərbaycan Ordusu artıq gəlir və onun qulağından tutub Bakıya gətirə bilər, qorxaqcasına oradan fərari kimi qaçdı. Mən ona Serjik Sarkisyan ona görə demirəm ki, onu alçaltmaq istəyirəm, ona görə ki, bu, onun əsl adı və soyadıdır. Bizim arxivlərimizdə bu məlumatlar var. Onun doğum haqqında şəhadətnaməsində, onun komsomol biletində Sarkisyan Serjik yazılıbdır. Sonra bunu edib Sarkisyan Serj. Guya “Serj”, necə deyərlər, məqbul bir addır. Bu adam ömrü boyu oğru, cinayətkar, saxtakar, xain, satqın, fərari kimi tanınıb. Serjikin oğurluğu haqqında Ermənistanda bilməyən yoxdur. Bu gün onunla əlbir olan “müharibə qəhrəmanları” artıq ya həbsdədir, ya cəhənnəmdədir. “Tuşonka” satan və artıq cəhənnəmdə yanan, Serjikin sağ əli olan “general” Ermənistan ordusunun və Serjikin əsl simasını göstərir. Müharibə zamanı “tuşonka” satan general hansı sözlərə layiqdir? Serjikin sağ əli olan, müharibə dövründə müdafiə naziri vəzifəsində çalışan hərbi cinayətkar bu yaxınlarda Ermənistanda həbs edildi, oğurluğa görə. Nasaz silahlar alırdı, pullarını da qoyurdu cibinə. Bu haqda bizdə kifayət qədər məlumatlar var, həm müharibədən əvvəl, həm müharibə zamanı hansı əməllərdən çıxırdılar. Ayaqları altında torpaq yanırdı, Azərbaycan Ordusu hər gün irəli gedirdi, Ermənistan müdafiə naziri kontraktlar imzalayıb, nasaz silahlar aldırıb, qiymət fərqini də cibinə qoyurdu. Onlar Serjikin yetirmələridir, onun kimi oğrulardır".


"Çörəyini yediyi Azərbaycan xalqına xəyanət edib"

Dövlət başçısı keçmiş həmkarını hərbi cinayətkar adlandırıb: "Bunu təkcə mən demirəm, bunu bölgə ilə tanış olan bütün qərəzsiz və müstəqil politoloqlar, jurnalistlər deyirlər. Britaniyalı jurnalistə verdiyi müsahibədə demişdi ki, Xocalı soyqırımını şəxsən özü törədib. Bunun da izahatını vermişdi ki, azərbaycanlılar bilməlidirlər, Ermənistan ordusu dinc əhaliyə qarşı silah qaldıra bilər. Bu qanlı cinayətkar Serjik Sarkisyandır. Xain deyirəm, bu, təhqir deyil. O, hər addımbaşı xəyanət edib. Birincisi, çörəyini yediyi Azərbaycan xalqına. İkincisi, onun rəhbəri olan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin birinci katibi Gevorkova ki, onun yavəri olub, onun qovluq daşıyanı olub. Bu, onun tərcümeyi-halında da var, bəlkə də onu sildirib, amma bizim arxivlərdə var. Çünki onun vəzifələrə təyin olunması Bakıdan keçirdi. Bizim arxivlərdə hər şey var. Serjik Sarkisyan Boris Gevorkovun rəsmən köməkçisi vəzifəsini daşıyırdı, amma faktiki olaraq nökəri, kabab bişirəni və istirahət məclislərinin təşkilatçısı funksiyasını yerinə yetirirdi. Sonra nə oldu? Sonra separatist hərəkat başlayan kimi Serjik Gevorkovu satdı, xəyanət etdi. Bu, ikinci xəyanət. Üçüncü xəyanət onun rəhbəri olan Köçaryana qarşı idi. İndi Ermənistanda bunu bilməyən yoxdur. Serjiki qulağından tutub vəzifələrə gətirən Köçaryan olmuşdur. Bütün vəzifələrə onu o, təyin edib. Prezident vəzifəsinə də zorla o, təyin etdirib. Halbuki erməni xalqı Serjikə nifrət edirdi. Ondan sonra nə oldu? Heç bir il keçmədi Köçaryanı artıq kənara qoydu, heç telefonlarına da cavab vermirdi. Görün, bu, nə qədər alçaq xislətli bir ünsürdür".


"İrəvanda oturub banlamaqla özündən qəhrəman düzəldə bilməzsən"

İlham Əliyev ötənilki müharibədə Ermənistanın məğlubiyyətində Baş nazir Nikol Paşinyanın məsuliyyət daşımadığı qənaətindədir:

"Müharibə ilə bağlı təhlillər onu bir daha göstərir ki, bu müharibənin uduzan tərəfi məhz Serjik Sarkisyan və onun kimilərdir. İndi o, məğlubiyyəti Paşinyanın üstünə atmaq istəyir. Guya Paşinyan günahkardır. Paşinyan 2018-ci ildə hakimiyyətə gəlib. O, cəmi iki il ərzində ordu yarada bilərdi? Yaxud da ki, “möhkəm”, “güclü ordu”nu dağıda bilərdi? Bu ordunu yaradan Serjikdir. Serjik Ermənistanda müdafiə naziri olub. Serjik Ermənistanda baş nazir olub. Prezident Administrasiyasının rəhbəri olub, Təhlükəsizlik Nazirliyinin rəhbəri olub. Prezident olub 10 il ərzində. Bu ordunu yaradan Serjik deyil, kimdir? Biz o ordunu məhv etməklə Serjiki və onun kimi ünsürləri məhv etdik. Qoy o, bu məğlubiyyəti Paşinyanın üstünə atmasın. Paşinyan nə edib, o başqa məsələdir. Ancaq biz Serjiki məğlub etmişik, onu diz çökdürmüşük, onun belini qırmışıq. O, bizim qabağımızda, onun qurduğu ordu bizim qabağımızda diz çöküb. Bu gün mən buradayam, Ali Baş Komandan kimi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindəyəm. Serjikin kişiliyi çatırsa, gəlsin bura. O, kişilikdən danışır. Qafqazda kişilikdən danışır. Birincisi Qafqaza bunun millətinin heç bir aidiyyəti yoxdur. Onlar gəlmədirlər, haradan gəliblər, hamı yaxşı bilir. İkincisi, kişilikdən danışırsansa, gəl kişi kimi buraya. Bax, mən burada dayanmışam. Sənin “Madagiz” adlandırdığın Suqovuşanda dayanmışam. Kişiliyin varsa, gəl buraya. Yoxsa orada – İrəvanda oturub banlamaqla özündən qəhrəman düzəldə bilməzsən. Demişəm bir dəfə, hələ sinəsində gəzdirdiyi o dəmir-dümürləri zibil yeşiyinə atsın. Onların heç bir qəpik də qiyməti yoxdur".


“İndi Ermənistanda yaxşı bir ortağınız var, onu dəvət edin”

Ermənistan mətbuatının yazdığına görə, Sarkisyan bildirib ki, Azərbaycan lideri özünü lovğa yeniyetmə kimi aparıb: "O, bir anda döyüldükdən sonra atasını köməyə çağırmaq üçün qaçan və arxasında dayanıb cəsarətli və lovğalanan lovğa bir yeniyetmə kimi davranır".

“Niyə 3 və ya 10 il əvvəl məni Madagizə dəvət etmirdi. Çünki o, bağlı qapılar arxasında "Artsax"ın müstəqilliyini tanımaq məcburiyyətində qaldığından şikayətlənirdi. Əliyev mənə "qaçqın" deyir? İndi Ermənistanda yaxşı bir ortağınız var, onu dəvət edin. O, artıq sizin ortağınız olmayanda Madagizə və "Artsax Respublikası"nın hər hansı bir ərazisinə gələcəyəm", – Sarkisyan deyib.

Meydan TV Serj Sarkisyanın İlham və Heydər Əliyevlər haqqında son illər nə dediyi haqda məlumatı əldə edə bilməyib. İlham Əliyevin niyə məhz indi Sarkisyanı hədəfə alması məsələsi də birmənalı qarşılanmayıb. Bəzi siyasi fəallar bunu OCCRP-nin Əliyevlər ailəsinin biznesi ilə bağlı araşdırmasının

yayımlandığı

gün gündəmin dəyişmək məqsədilə edildiyini düşünür. Bu barədə sosial şəbəkələrdə də paylaşımlar edilib. Araşdırmada Əliyevlər ailəsinin Londonda təxminən 700 milyon dollar dəyərində onlarla əmlak əldə etdiyindən bəhs edilir.


“Qarşılıqlı ittihamları sülh quruculuğu üçün maneə yaratmayacaq”

Hüquq müdafiəçisi Arzu Abdullayeva isə düşünür ki, İlham Əliyevin məhz indiki məqamda Ermənistanın sabiq prezidentini ittiham etməsində qeyri-adi heç nə yoxdur:

maxresdefault.jpg
Arzu Abdullayeva

"Məsələ ondadır ki, İlham Əliyev əvvəllər də Sarkisyan və Köçəryan barəsində danışıb, qarşı tərəfdən də oxşar ittihamlar səsləndirilib, yaxud cavab verilib. Əslində, Əliyevin çıxışının əsası var. 30 ildə nələr baş vermədi, xalqları düşmən etdilər, insanlar öldü, ailələr məhv oldu, insanlar ölkələrini tərk etdi. Ermənistanın əvvəlki hakimiyyəti xalqını aldadaraq müharibəyə sürüklədi və nəticədə Rusiyanın dəstəyilə Azərbaycan ərazilərini işğal etdi. Həm Köçəryan, həm də Sarkisyan həmişə özlərindən müştəbehcəsinə deyirlər ki, Azərbaycan ərazilərini onlar işğal edib, yaxud Xocalını belə ediblər və s. Ancaq indi əlacsız vəziyyətdə qalıb sublimasiyayla məşğuldurlar. O ki qaldı Azərbaycan hakimiyyətinə, qələbə qazanmaq olar, amma bu, münaqişənin həlli deyil. Qalib o zaman sayıla bilərsən ki, münaqişənin həlli üçün əlindən gələni edirsən və buna nail olursan. Yəni münaqişəni gələcək nəsillərə saxlamırsan. Məncə, Azərbaycanın buna potensialı var və cəmiyyətin də imkanlarından istifadə edilməlidir. Əgər hakimiyyət "özümüz bilərik, necə istəyirik, edirik" şüarıyla gedəcəksə, bu, doğru olmayacaq və nəticəsi də yaxşı olmayacaq. Yalnız hakimiyyət vətəndaş cəmiyyətilə təmasa keçib təklifləri dinləsə, müsbət nəticələr olacaq".

Hüquq müdafiəçisinin fikrincə, İlham Əliyevlə Serj Sarkisyanın qarşılıqlı ittihamları sülh quruculuğu üçün maneə yaratmayacaq:

"Məsələ ondadır ki, Ermənistanın indiki hakimiyyəti də Sarkisyanı və Köçəryanı hakimiyyətdə olduğu illərə görə günahlandırır. Ona görə də bu cür qarşılıqlı ittihamlar sülh prosesinə təsir göstərməyəcək".

1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü.

Həmin il Suqovuşan kəndi Tərtər rayonuna birləşdirildi.

Kənd 1994-cü ilin aprel ayında Ermənistan ordusu tərəfindən işğal edildi.

2020-ci ilin sentyabrın 27-də Azərbaycan Ermənistan arasında 44 günlük mübaribə başlayıb.

Suqovuşan qəsəbəsi oktyabrın 4-də geri qaytarılıb.

Ana səhifəSiyasətSarkisyan Əliyevə cavab verdi: Döyüldükdən sonra atasını köməyə çağıran yeniyetmə kimi davranır