Sara əvvəl qadın kimi öldü…

O gündən sonra ora kamera aparmadım…

Source:

Xərçəng xəstəliyi ilə apardığı iki illik mübarizənin sonunda Sara vəfat etdi. Bir neçə gün əvvəl. Azərbaycan həkimləri Saraya və ailəsinə ömürləri boyunca yaşaya biləcəkləri ağrıları bu iki ildə yaşatdılar. Bəli, insan ölür, bu banal gerçəyi hər birimiz bilirik. Amma bir cəmiyyətdə insanın ölməyi yox, necə ölməyidir göstərici. O cəmiyyətin mədəni inkişaf səviyyəsinin göstəricisi….

Kamyu “Vəba” əsərində deyir: “Bir şəhəri tanımaq istəyirsənsə, bax, gör orada insanlar necə ölürlər”. Mən də bu məqsədlə ağır xəstəliyi olan insanlarla vaxt keçirdim. Dedim, görüm insanlarımız xəstə ikən həyatı, münasibətlərini necə təcrübə edirlər, nələr dəyişir? Bir sözlə, onlar necə ölürlər?

Saranın vəziyyətini öyrəndikdən sonra ailəsini ziyarət etdim. Ailəni uzun illərdir tanıdığımdan, ünsiyyət qurmaq, istədiyim zaman gedib-gəlmək problem olmadı. İlk günlər Sara vəziyyəti haqqında danışmaqdan çəkinsə də, zamanla ağrılarından, qayğılarından uzun-uzun danışmağa başladı.

Əvvəl-əvvəl onu narahat edəcəyimdən qorxaraq, fotolarını çəkməyə tərəddüd etsəm də, sonralar o, kameranın varlığına alışmağa başladı. Mənimlə yanaşı, kameranın orada olmasında həm də simvolik bir məna var idi. O da bilirdi ki, mən jurnalistəm. Bu çəkdiklərim haradasa göstəriləcək. Buna görə, əlimi hər dəfə kameraya atanda, o özünü yığışdırır, üst-başını düzəldirdi. Bu, onun xəstəliyinin ilk dövrləri idi. Xəstəliyi çox inkişaf etməmiş, bədəninin forması çox da dəyişməmişdi.

İlk ağrını saçlarını kəsdirəndə yaşadı. Hər dəfə yuyunanda, saçları bir az daha tökülür, əriyib gedirdi. Bu halı hər dəfə yaşamamaq üçün, saçlarını kəsdirməyə qərar verdi. Kiçik qardaşı Tural bir axşam uşaqlar yatdıqdan sonra Saranın saçlarını kəsməyə başladı. Tural Saranın saçlarından hər tutam kəsəndə, gözlərini Saradan uzaqlaşdırıb, ya anasına, ya da otağın bir başqa küncündə gəzdirirdi. Sara yerə tökülən sarı, uzun saçlarını izlədikcə əllərini bir-birinə sıxıb, ağlamamaq üçün özünü tuturdu. Tural Saranın bütün saçlarını kəsdikdən sonra onu öpüb, bərk-bərk qucaqladı.

Saçlarını kəsdirdikdən sonra Sara başını bağlamağa başladı. Mənim yanımda başını açmır, saçları haqqında söhbət belə etmirdi. Bu onun xəstəliyinin erkən dövrləri idi. Vaxt keçdikcə səhhəti daha da pisləşməyə başladı. Artıq sərbəst hərəkət edə bilmir, vaxtının böyük hissəsini yataqda və ya divanda uzanmaqla keçirirdi. Evdən çölə ancaq həkimə müayinəyə və kimyaterapiyalarını etdirmək üçün gedəndə çıxırdı. Digər vaxtlarda anası, qardaşları nə qədər israr etsələr də, çölə çıxmır, evdə qalıb gizlənməyə üstünlük verirdi.

Sara vaxtının böyük hissəsini yataqda keçirirdi. Qohum-əqrəba gələndə onun yatağının ətrafında toplaşıb, söhbət edirdilər. Öz aləmlərində Saranın bir az kefini açmağa çalışırdılar. Belə vaxtlarda mən də narahatçılıq verməmək üçün qonaq otağına keçib, gözləyirdim. İlk əvvəllər narahat olurdum ki, görəsən insanlar niyə bu qədər uca səslə söhbət edir və heç fasilə vermirlər. Sonra qənaətim belə oldu ki, ölümün, xəstə otağının ağır səssizliyindən narahat olurlar.

Bəzən ani bir səssizlik olurdu. Dərhal kimsə müdaxilə edib, səssizliyi pozurdu. Saranın vəziyyəti ağır olduğundan, çox danışa bilmirdi, daha çox dinləyir, səbirsizliklə qonaqların getməyini gözləyirdi. An gəlir, hər kəs otağı tərk edirdi, Sara və anası tək qalır və bu iki qadın ağrılarını təkbaşlarına yaşamağa davam edirdilər.

Vaxt keçdikcə hər yeni kimyaterapiya Saranı daha da ağırlaşdırırdı. Terapiyalardan sonra bir neçə gün ağrılardan yata bilmirdi. Mərkəzi Klinikanın həkimləri isə daha bir kimyaterapiya bitmədən növbəti terapiyanın tarixini Tamara xanıma bildirib, uzun söhbətlərə girmədən sağollaşırdılar.

Yeddinci və ya səkkizinci terapiya idi. Sara Mərkəzi klinikanın tualetində oturub, terapiyanın bitməsini gözləyərkən ağır soyuq almışdı. Xərçəng xəstəsi olan insanı, terapiya vaxtı tualetə çox gedir deyə, elə bir başa sistemi qoşub, tualetdə otuzdurmuşdular. Təsəvvür edə bilirsiniz, bu nə deməkdir?! Nəticədə Saranın səhhəti bir az daha pisləşdi. İlk terapiyaların qiyməti 500-600 manat idisə, sonralar daha agırlaşdırılmış tərkibdə qiymət 900 manata qədər yüksəldi.

Bir az faydası olar deyə, Tamara xanım maddi yardım üçün sosial xidmətə müraciət etdi. İdarə işləməyən yaşlı qadına, xərçəng xəstəsi ovladı olan anaya ayda 100 azn yardım müəyyən etdi. Bu pul Saranın müalicəsi üçün heç cür kifayət etmirdi. Bəzi tanışların, mənim də internetdən verdiyim elanın nəticəsində insanların köməkliyi ilə kimyaterapiyaların pulu yığılmağa başladı.

Bütün bu zəhmətin, fədakarlığın qarşılığında Tamara xanım bir az insani tibbi xidmət gözləyirdi. Nə qədər gözləsə də, heç bir faydası olmadı. Saranın xəstəliyindən tək qazanclı çıxan yenə də həkimlər və xəstəxana oldu. Bu Azərbaycan səhhiyəsinin etdiyi ilk qəddarlıq deyildi. Bundan əvvəl də Milli Onkologiya Mərkəzinin rəhbərliyi Tamara xanıma “qızını müalicə üçün Irana aparın, bizim yanımıza gətirməyin” deyərək, Azərbaycan səhiyyəsinin gerçək simasını göstərmişdilər. Saranı öldürmək uğrunda Azərbaycan səhiyyəsi sanki mübarizə apardı və nəticədə onu və ailəsini məhv etdilər.

Sara başına gələnləri heç cürə həzm edə bilmir, üsyan edirdi. Anlaya bilmədiyi tək xəstəliyi yox, həm də 33 illik həyatı boyu yaşadıqları idi. Necə olurdu axı, bir insanın başına bu qədər şey gəlirdi. Bunu Allaha sığınaraq, qədər-qismət ilə izah etməyə çalışırdı, cavablar onu təmin etmirdi. Ailə həyatı qurduğu adam ona dəfələrlə fiziki-mənəvi zorakılıq göstərib. Saranın övladları, anası yoldaşının davranışlarından çox əziyyət çəkib. Həkimlərin dediklərinə görə, onun xəstəliyinə yoldaşından gördüyü ağır fiziki zorakılıqlar da səbəb ola bilərmiş.

Biz hər şeyi qədər-qismətlə izah etməyə çalışsaq, hər kəs öz davranışının nəticələrindən, onun məsuliyyətindən azad olacaq. Fərdin davranışının fundamental keyfiyyəti meydana gətirdiyi məsuliyyəti qəbul etməsi ilə ölçülür. Biz cəmiyyət olaraq, fərdlər olaraq yaşadığımız həyatın meydana gətirdiyi bütün uğursuzluqlarını qədər-qismət anlayışları ilə özümüzdən uzaqlaşdırır, hətta səhiyyə sisteminin, hüquq sisteminin qurbanına çevrilən fərdləri bu anlayışların içində əridib, yox edirik.

Sara vəfat etmədən öncə Tamara xanım hələ də qızının diaqnozunun dəqiq nə olduğunu bilmədiyini söylədi. Əvvəl başqa bir diaqnozla özəl klinikada əməliyyat olunub. Daha sonra Onkologiya Mərkəzi qızında xərçəng xəstəliyi olduğunu bildirib. Bundan sonra xərçəng diaqnozu ilə müalicəyə başlayıblar. Azərbaycan səhiyyə sisteminin Saranın sağalması üçün tətbiq etdiyi müalicə onun tutulduğu iddia edilən xərçəng xəstəliyindən daha əvvəl öldürdü.

Bu müalicə Saranı sadəcə fiziki olaraq öldürmədi, bu prosesdə o qadınlıgını, fiziki görkəmini itirdi. O əvvəlcə qadın kimi öldü, bu onun üçün ən ağır ölümlərdən idi. Sara artıq kameranın qarşısında başını örtüb, yatağını səliqəyə salmırdı, o artıq tükənmişdi. Utanaraq, özünü gizlətdiyi kameraya təslim olmuşdu.

O gündən sonra onu ziyarət edəndə özümlə kamera aparmadım…


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Meydan.TV Milli Onkologiya Mərkəzinin və yazıda adı keçən digər tibb müəssisələrinin mövqeyini yayınlamağa hazırdır.

Ana səhifəMənim FikrimcəSara əvvəl qadın kimi öldü…