Maliyyə naziri parlamentin komitə iclasında büdcə müzakirəsi zamanı çıxış edib
“Gələn il büdcə kəsirinin maliyyələşməsi borclanmayla həyata keçiriləcək”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət və icmal büdcələrinin layihələrinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov bu barədə danışıb.
O bildirib ki, 2021-ci ilin dövlət büdcəsinin xərcləri 28,543 mlrd. manat səviyyəsində proqnozlaşdırılır və büdcədə maliyyə təminatının yaradılması əsas götürülüb: “Dövlət büdcəsinin əsaslı xərcləri 8,3 milyard manat təşkil edir. 5 milyard manatdan yuxarı vəsaitlər investisiya proqramına yönəlmiş vəsaitlərdir. Dövlət borcu ilə bağlı xərclər gələn il cari illə müqayisədə artacaq ki, bu da dövlət tərəfindən orta müddətdə borc strategiyasına nəzərdə tutulan dəyişikliklərlə bağlıdır. Azərbaycanın ümumi yanaşması ondan ibarətdir ki, xarici borcun tam qaytarılmaması həyata keçiriləcək, sərbəstləşən vəsaitlər isə dövlət büdcəsinin xərclərinin maliyyələşdirilməsinə yönəldiləcək. Bunun nəticəsində dövlət borcu bir qədər artacaq”.
ARDNF və Mərkəzi Bankdan transfertlər
Nazir qeyd edib ki, növbəti ildə də iqtisadi aktivliyin canlandırılması üçün dövlət tərəfindən iqtisadiyyata əlavə vəsait təmin ediləcək:
“Bu məqsədlə Dövlət Neft Fondundan da dövlət büdcəsinə transfert bu ildə olduğu kimi saxlanılır və Mərkəzi Bankın sərbəst mənfəətindən bir hissədə dövlət büdcəsinə transfert olunacaq. Eyni zamanda dövlət borcundan da bir hissə bu yöndə transfert olunacaq. Dövlət borclanma səviyyəsinin artırılması barədə qərar qəbul edilib. Bu, daha çox daxili bazarda dövlət istiqrazlarının yerləşdirilməsi hesabına, digər tərəfdən, beynəlxalq maliyyə qurumlarından əlavə kreditlərin cəlb edilməsi nəzərdə tutulur”.
Xəzinədə 500 milyon manat qalıq gözlənilir
Növbəti il üçün dövlət büdcəsinin gəlirlərinin cari illə müqayisədə 5%-dən çoxu qeyri-neft sektorunun payına düşəcəyini deyən nazir qeyd edib ki, hökumətin əsas hədəfi qeyri-neft sektorunun inkişaf etdirilməsidir:
“Gələn il Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmalarının 3,9 milyard manata olacağı gözlənilir. 2019-cu ilin büdcəsində isə bu rəqəm 4 milyard manat götürülmüşdü, sonradan dürüstləşmə zamanı 3,83 milyard manat müəyyən edildi”.
S.Şərifov bildirib ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin isə qeyri-neft sektorunun yığılan vergilər hesabına büdcəyə 5,674 milyard manat təmin edəcəyi gözlənilir:
“Cari ildə bizim büdcə kəsirimiz məbləğ baxımından da növbəti ildən yuxarıdır. Güman edirik ki, bu il müəyyən büdcə qalığı qalacaq. 2020-ci ilin büdcəsinin icrası zamanı xəzinədə 500 milyon manat qalıq gözlənilir və bu qalıq gələn lin büdcəsinin kəsirinin maliyyələşdirilməsi üçün istifadə ediləcək”.
42 rayon və şəhər xərclərini öz gəlirləri hesabına təmin edəcək
Nazir vurğulayıb ki, 2021-ci ildə də Azərbaycanda ABŞ dollarının məzənnəsinin 1,7 manat saxlanılması nəzərdə tutulub.
“2020-ci il Azərbaycan tarixində müstəsna il kimi qalacaq. Ölkənin müdafiə potensialının gücləndirilməsi qarşıda duran ən ümdə məsələdir və bununla bağlı dövlət büdcəsindən 4,6 milyard manata yaxın vəsait ayrılıb. Vətən torpaqlarında ərazilərimizin yenidən qurulması və vətəndaşlarımzın ora qaytarılması, Qarabağın cənnət məkana çevrilməsi önəmlidir. Prezidentin tapşırığı ilə bu məsələyə xüsusi önəm verilib və həmin ərazilərdə müxtəlif infrastrukturun yaradılması üçün 2,2 milyard manat vəsait ayrılıb”.
Nazir bildirib ki, Prezidentin tapşırığına uyğun olaraq təhsil kreditləri ilə bağlı məsələyə baxılır və artıq müəyyən sənədlər hazırdır: “Təhsil kredirləri haqqında” qanun layihəsinin müzakirə edilməsinə ehtiyac var”.
Dövlət büdcəsinin sosialyönümlü olduğunu deyən S.Şərifov qeyd edib ki, sosial xərclərin xüsusi çəkisi dövlət büdcəsində 38,9 faiz təşkil edəcək: “806 milyon manat məbləğində yerli gəlir gözlənilir və gələn ildə də öz gəlirləri hesabına xərclərini təmin edən şəhər və rayonların sayı isə 42-yə çatacaq”.