Samir Şərifov: ”Azərbaycanın yeni iqtisadi inkişaf modeli yaradılmalıdır”

Natiq Cəfərli: ”Maliyyə naziri kimi yüksək post sahibi ”yeni iqtisadi model yaradılmalıdır” deyə cəmiyyətə mesaj verə bilməz”

Source:


Natiq Cəfərli: ”Maliyyə naziri kimi yüksək post sahibi ”yeni iqtisadi model yaradılmalıdır” deyə cəmiyyətə mesaj verə bilməz”

“Azərbaycanın yeni iqtisadi inkişaf modeli yaradılmalıdır”.

“APA-Economics”in məlumatına görə, bunu bu gün “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrans çərçivəsində keçirilən maliyyə üzrə seksiyada maliyyə naziri Samir Şərifov deyib.

Azərbaycanın davamlı iqtisadi inkişafa nail olunduğunu, ildən-ilə əhalinin maddi rifah halının yaxşılaşdırıldığını deyən maliyyə naziri bildirib ki, dövlət və özəl sektor bu nailiyyətlərin qorunmasına çalışmalıdır: “Biz, cənab prezidentin də qeyd etdiyi kimi, bu nailiyyətləri qorumaqla, yeni inkişaf modeli yaratmalıyıq. Neftdən, neftin qiymətindən asılı olmayan yeni modelin yaradılması bizim qarşımızda duran əsas vəzifədir. Biz çalışmalıyıq ki, bu vəzifənin öhdəsindən layiqincə gələk, əhali üçün yüksək həyat standartlarını qoruyaq. Biz bunun üçün ilk növbədə sahibkarlara yaxşı şərait yaratmalıyıq, dəstək verməliyik, əngəl törətməməliyik. Çünki, iqtisadiyyatın hərəkətverici qüvvələrindən biri sahibkarlardır. Onlar yeni müəssisələr yaratmaqla yeni iş yerləri açırlar. Yaxşı biznes mühiti olanda, sahibkar gələcək perspektivləri başa düşəndə, o, investisiya yatıracaq”.

Nazirin fikirlərini Meydan TV-yə şərh edən iqtisadçı Natiq Cəfərli deyir ki, 10 il hakimiyyəti təmsil edən nazirin bu gün yeni iqtisadi modelə keçidlə bağlı danışması qəribədir: “Əgər yeni iqtisadi modelə keçid lazım idisə, niyə əvvəlcədən həyata keçirilmirdi və bunun günahı kimdədir? Suallar çoxdur, birinci, niyə Azərbaycan yeni iqtisadi modelə keçə bilməyib, ikinci, neftdən asılılığını azalda bilməyib və sair. Təbii ki, fikir olaraq cənab Şərifovun fikirləri doğru yanaşmadır”.

Natiq Cəfərli düşünür ki, yeni iqtisadi modelin konstruksiyası yalnız iqtisadi istiqamətlərlə idarə oluna bilməz: “İlkin addım kimi məhkəmə-hüquq sistemində islahat aparılmalıdır. Azad və ədalətli məhkəmə sistemi yaradılmalıdır ki, daxili və xarici investorlar öz haqlarını qoruya bilsinlər. Və bununla da mülkiyyət toxunulmazlığının təminatını alsınlar. Bu isə maliyyə nazirinin səlahiyyətində deyil”.

Sahibkarlara dəstəyə gəlincə, Natiq Cəfərli hesab edir ki, indiyə qədər sahibklarlarla bağlı müxtəlif proqramlar həyata keçirilib: “Bəs effekt hardadır? Hökumət hesabat versin ki, Sahibkaralara Dəstək Fonduna nə qədər vəsait ayrılıb, nə qədər iş yeri yaradılıb, büdcəyə nə qədər vergi ödənilib və ümumiyyətlə, irəliləyiş nədən ibarətdir. Əgər hökumətin hesabatlılığı və məsuliyyəti yoxdursa, hansı qərarın verilməsindən asılı olmayaraq effektivliyi çox aşağı olur. Son illər sahibkarlarla bağlı onlarla cinayət işi açılıb, budurmu dəstək? Hətta yumurtanın qiymətinin qaldırılması barədə cinayət işi açılırsa, hansı dəstəkdən danışmaq olar?!”

O, nazirin açıqlaması baxımından yaxın gələcəkdə hər hansı dəyişikliklərin olacağı barədə suala belə cavab verdi: “Nazirlərin tez-tez yeni iqtisadi model haqqında danışması pozitivdir. O mənada ki, yuxarı təbəqədə ölkəni bu cür idarəçiliklə gələcəyə aparmağın mümkünsüz olduğunu anlayırlar. Nəyisə dəyişmək lazımdır. Amma maliyyə naziri kimi yüksək post sahibi “yeni iqtisadi model yaradılmalıdır” deyə cəmiyyətə mesaj verə bilməz. Bunu hökumət və Maliyyə Nazirliyi yaratmalıdır. Cəmiyyətə mesaj bu olmalıdır ki, hökumət yeni modelə keçid təqdim edir və bu da proqram, buyurun, müzakirə edək və təkliflərinizi verin. Samir Şərifov bu gün yeni iqtisadi modeldən danışırsa, biz 10 ildir yeni çoxşaxəli iqtisadi modelə keçilməyəcəyi təqdirdə problemlərin olduğunu bəyan edirik. Yəni nazir bu barədə danışmaqdansa, modelin detallarını ictimaiyyətə təqdim etsin, mütəxəssislər də münasibətini bildirsin. Lazımdırsa, keçin, kimi və nəyi gözləyirsiniz?”

Ana səhifəXəbərlərSamir Şərifov: ”Azərbaycanın yeni iqtisadi inkişaf modeli yaradılmalıdır”