Samir Əliyev: SOCAR-ın qiyməti qaldırmaqda maraqlı olduğu sezilir

”SOCAR-ın həm qaz istehsal edib, həm də paylaması şəffaflıq baxımından düzgün deyil”

Source:
foto google.az
foto google.az


”SOCAR-ın həm qaz istehsal edib, həm də paylaması şəffaflıq baxımından düzgün deyil”

Son bir neçə gündür sosial şəbəkələrdə və mediada hökumətin təbii qazın qiymətini artıracağı haqda informasiyalar yayılır. Hazırda 1 kubmetr qazın qiyməti 10 qəpikdir və son 12 ildə qaz 17 dəfə bahalaşıb, sonuncu dəfə 1 kub metr qaz 0,6 qəpik olub.

Əhaliyə satılan qazın qiymətinin artırılmasına zərurət yaranıbmı? Hansı səbəblər bu məsələni gündəmə gətirib?

Meydan TV-nin suallarını cavablandıran iqtisadçı Samir Əliyevin fikrincə, kommunal xidmətlərin qiymətlərinin qaldırılması gözləniləndir. O, 2016-cı ilin büdcə layihəsi müzakirə olunanda bu ehtimalı sezdiyini deyir: “Layihədə dövlət qurumlarına ayrılan kommunal xərclərin artımı bu ehtimalı gücləndirmişdi. Suyun və işığın qiymətinin qalxması ehtimalımızı doğrultdu. Belə olan halda qazın qiymətinin artması gündəmə gəlir”.

Samir Əliyev SOCAR rəhbərliyinin qazın qiymətinin qonşu ölkələrlə müqayisədə ucuzluğu və qiymətin artmasına ehtiyacın olması barədə fikirlərini bölüşmür: “Dünya bazarında neftin qiyməti 110-100 dollar olanda Azərbaycanda yanacağın qiyməti artırılmışdı və hökumət bunu neftin bahalaşmasıyla əlaqələndirmişdi. Amma sonradan neft 3 dəfəyə qədər ucuzlaşdı, amma yanacağın qiyməti ucuzlaşmadı. İndi qaz məsələsi gündəmə gəlib və SOCAR-ın qiyməti qaldırmaqda maraqlı olduğu sezilir. Bunun isə iqtisadi əsası yoxdur. Əsas kimi manatın 2 dəfə devalvasiyaya uğradığı bildirilir, ancaq bu fikrin də əsası yoxdur. Çünki qaz idxal olunmur. İdxal olunan mallar bahalaşa bilər və bu da onların valyuta ilə alınmasıyla bağlıdır. Manat da xarici valyutaya nisbətdə dəyərini itirdiyindən xaricdən gətirilən malların bahalaşması təbiidir. Qaz isə Azərbaycanın daxili istehsalıdır və bunu istehsal etmək üçün hər gün avadanlıq dəyişilmir. Həmin avadanlıqlar da devalvasiyadan əvvəl alınıb. Ona görə də manatın devalvasiyasının qazın qiymətinə təsirini demək düzgün deyil”.

Samir Əliyev foto sosial şəbəkə

İqtisadçı xarici ölkələrdə qazın qiymətinin baha, Azərbaycanda isə ucuz olması barədə fikirlərin də düzgün olmadığını bildirib: “Çünki idxal edən ölkələrdə qazın qiyməti bahadır. Son vaxtlar neftin qiymətinin uzuclaşması qazın da qiymətinə təsirsiz ötüşməyib. Neft-qaz idxal edən ölkələrdə təbii qazın satış qiymətində müəyyən ucuzlaşmalar var. Düzdür, bizdən bahadır, çünki onlar qaz idxal etdiyindən buna təbii yanaşılmalıdır”.

Samir Əliyevin sözlərinə görə, əgər qazın qiyməti artsa, digər sahələrdə də qiymət artımına təsir edəcək: “İctimai iaşədən başlamış çörəyin qiymətinə qədər bahalaşma olacaq”.

O, ümumiyyətlə, qazın paylama işinin SOCAR tərəfindən həyata keçirilməsini düzgün hesab etmir: “Bütün dünyada şəffaflığı təmin etmək üçün istehsalçıyla paylayıcı şəbəkə ayrı olur. Ona görə SOCAR-ın həm qaz istehsal edib, həm də paylaması şəffaflıq baxımından düzgün deyil. İşıqla bağlı dəyişiklik oldu, “Azenerji” istehsal edir, “Azərişıq” paylayır, bu, enerji itkisindəki müəyyən şəffaflığa təsir edir. Bu baxımdan paylayıcı iş SOCAR-dan alınsa, müsbət olar”.

Ana səhifəAnalitikaSamir Əliyev: SOCAR-ın qiyməti qaldırmaqda maraqlı olduğu sezilir