Şamaxı sakini: Pensiyamı kirayəyə verim, bəs özüm nə ilə dolanım?

“Nə smeta, ay başınıza dönüm?”

Source: Specify Source


Zəlzələdən evinin ziyan çəkdiyini deyən 70 yaşlı qadın laqeydlikdən narazıdır

“Günorta kişi yatmışdı, qəfil yuxarıdan taxta qopub başına düşdü. Ev 1915-ci ildə tikilib, uçub-tökülür. Bir dəfə də zəlzələ olsa, tamamilə dağılacaq”.

Bunu Meydan TV-yə 70 yaşlı Şamaxı şəhər sakini Reyhan Saatxan qızı Qasımova deyir.

Gileylənir ki, ötən ilin fevralında baş verən zəlzələdən onların ikiotaqlı mənzilləri də ciddi ziyan görüb. Lakin aidiyyatı qurumlar evinin yenidən inşa olunması ilə bağlı müraciətlərinə məhəl qoymur:

“Birinci dəfə gəlib baxanda, başımıza uçan evə təmir yazdılar, biz razılaşmadıq. Evə düz beş dəfə baxış keçiriblər. Şamaxı Rayon İcra Hakimiyyəti Memarlıq və tikinti şöbəsinin müdiri, baş memar Rüstəm Əliyev evə özü baxdı. Dedi ki, ev uçulub-tökülür, sökülüb, yenidən inşa olunmalıdır. Sonra müəyyən fasilələrlə oğlum, həyat yoldaşım, daha sonra mən də getdim. Söz verdilər ki, evə yenidən baxış keçirəcəyik. Hətta ötən il noyabrın əvvəlində Bakıdan Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi gəlib evə baxış keçirdi. Baxırlar, deyirlər ki, gəlib yenə baxacağıq. Bu evə nə qədər baxmaq olar? Sonuncu dəfə demişdilər ki, evə baxacağıq görək smeta dəyəri nədir? Nə smeta, ay başınıza dönüm? Bəs yaxşı, biz harada yaşayaq? Özümün pulum olsa, buranı söküb, yerində yeni ev tikərəm”.

image_from_ios (3).jpg
“Birinci dəfə gəlib baxanda, başımıza uçan evə təmir yazdılar, biz razılaşmadıq”.

Şikayətçinin bildirdiyinə görə, qəzalı vəziyyətdə olan evdə yaşamaqdan ehtiyat ediblər. Buna görə kirayəyə çıxmaq məcburiyyətində qalıblar:

“Zəlzələdə belə köhnə binalar dözmür. Mənim 70, yoldaşımın isə 80 yaşı var. Yaşlı adamlarıq, ev uçar, altında qalarıq, qorxuruq. İkiotaqlı ev tutmuşuq, kirayə yaşayırıq, 180 manat pul veririk. Yaxşı, pensiyamı kirayəyə verim, bəs özüm nə ilə dolanım? Astma xəstəsiyəm, hər ay dərman alıram. Köhnə ev də rütubətli və nəmişlikdir. Bilmirik, kirayə pulu verək, qarnımızı dolandıraq, yoxsa kommunalları ödəyək. Nəyə görə mənim evimi tikmək istəmirlər? Rahat, təmirli və təhlükəsiz mənzildə yaşamaq hər kəsin istəyidir. Haqqımı tələb edirəm, mənim evimi tiksinlər. Prezident sərəncam imzalayıb, baxan yoxdur”.

Meydan TV FHN-in Zəlzələ bölgəsi üzrə Qərargahının rəisi Həsən Qasımzadə ilə dəfələrlə əlaqə saxlamağa çalışsa da, zənglərə cavab verməyib.

2019-cu ilin fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda, Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Həmin gün Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Fevralın 9-da və 11-də də Pirqulu stansiyasından 8 və 9 km cənub-qərbdə və qərbdə yeraltı təkanlar baş verib.

image_from_ios (2).jpg
“Zəlzələdə belə köhnə binalar dözmür”.

Zəlzələ nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında bir çox fərdi və çoxmənzilli yaşayış evlərinə ziyan dəyib.

Prezident İlham Əliyevin sərəncamına əsasən, indiyədək dövlət büdcəsindən təbii fəlakətdən zərər görmüş hər üç rayona ümumilikdə 7 milyon manat ayrılıb.

FHN-nin ötənilki hesabatında bildirilir ki, hər üç rayon üzrə 10 min 137 müraciət daxil olub, onlardan 10 min 87-nə baxılıb.

Komissiya tərəfindən bu evlərdən 830-u qəzalı, 2190-ı isə bərpa-gücləndirməyə ehtiyacı olan yaşayış binaları hesab edilib. İndiyədək 120 evin inşası başa çatıb, 112 evdə isə tamamlama işləri aparılır.

image_from_ios (5).jpg
“Evə düz beş dəfə baxış keçiriblər”
Ana səhifəBölgəŞamaxı sakini: Pensiyamı kirayəyə verim, bəs özüm nə ilə dolanım?