Şamaxı bazarı

Mənbə: Meydan TV

Başlıq: Şamaxı bazarı

“Şamaxı bazarının zibili, çirkab suları evimizin içindədir”

Gülnaz Babayeva deyir, ərazidən köçürülməsələr, ailəlikcə infeksiyaya yoluxa bilərlər

“Yol süpürürəm, 255 manat maaş alıram, onun yarısı kreditə gedir, yarısı kommunal xərclərə, qalan hissəsi də dərmanlarımıza... Həyat yoldaşım astmadan, özüm epilepsiyadan əziyyət çəkirik. Gündəlik dərmanlarla yaşayırıq. Ev şəraitimiz bərbaddır. Uşaqlar nə gözüdolusu qidalanır, nə də səliqəli ev-eşik görür. Bu şəraitsizlikdə gələcəyə iki əsgər böyüdürəm”.

Bunu Meydan TV-yə Şamaxının Aşıq Məmmədağa küçəsində yaşayan Gülnaz Babayeva deyir.

“Ömrümüz qoxunun içərisində keçir”

Gülnaz xanımın sözlərinə görə, yaşamağa yerləri olmadığından 3 il əvvəl Şamaxının mərkəzindən 30-40 metr aralıda, əhali arasında “yolkalıq” kimi tanınan ərazidə yer alaraq ümumi sahəsi 20 kvadratmetr olan 1 otaqlı ev tikib. Ancaq elə buraya köçüb yaşadığı gündən sanki çirkabın içinə düşüb. Yaşadıqları ərazinin yuxarı hissəsində yerləşən mərkəzdəki bazarın bütün çirkab axıntıları və zibillər gəlib evin ətrafında toplaşır. Beləcə, burada yaşayanlar ömürlərini üfunətin, qoxunun içində keçirir:

“Qonşuluqda yaşayanların heç olmasa az-çox şəraiti var. Mənim durumum çox ağırdır. Qapım birbaşa palçığın, zibilin içərisinə açılır. Yay-qış evin ətrafı çirkab suların yaratdığı, üfunətdən beyin çatlayan palçığın içindən gedib-gəlirik. Yuxarının nə zir-zibili var, axıdırlar bu tərəfə... Bizdən o tərəfə “lyuk” var, keçib o “lyuka” tökülür. Sanki burda yaşayan insan deyil. Ev şəraitimin yaxşılaşdırılması üçün dəfələrlə icra hakimiyyətinə, ölkə rəhbərliyinə müraciət etmişəm, bildirmişəm ki, yoldaşım da, özüm də xəstəlik tapmışıq, heç olmasa iki uşağa yazıqlarını gəlsin, bu gedişlə bu uşaqlar da yoluxucu xəstəliyə tutulacaq”.

“Qaz xəttinin altından gedib-gəlirik”

Gülnaz xanımı həm də evin qarşısından keçən qaz xətti narahat edir:

“Xətti aşağıdan çəkiblər, altından gedib-gəlirik. Dəfələrlə rayonun qaz idarəsinə müraciət etmişik ki, gəlib qaz xəttini qaldırsınlar, deyiblər, 440 manat verin, gələk, həll edək. Ancaq bu ərazinin problemi təkcə bununla bitmir, bura yaşanılası yer deyil, imkansızlıqdan, məcburiyyətdən gəlib burda bir otaq tikib içərisinə girmişik ki, çöldə yatmayaq... İndi gedirəm icra hakimiyyətinə, başçının müavini deyir, cibimdən sənə ev alıb verəsi deyiləm ki... Deyirəm, cibinizdən almayın, dövlət təmin etsin. Dövlət bu uşaqları çirkabın içində yaşamağa layiq görürsə, sabah bu uşaqlar bu dövləti qorumalıdılar? Niyə zibilin, üfunətin içindən çıxıb gedib silaha sarılmalıdılar? Bu vətəndən nə görürlər ki, sabah gedib ona görə canından da keçsinlər?”

“Ömrümüz qoxunun içərisində keçir”

“Ömrümüz qoxunun içərisində keçir”

Mənbə: Meydan TV

İcra hakimiyyəti: “Kömək etmək imkanımız yoxdur”

Gülnaz xanım dövlətdən mənzil şəraitinin yaxşılaşdırılmasını istəyir. O, dəfələrlə ölkə başçısına yazaraq Şamaxıda inşa olunan çoxmərtəbəli binalardan ailəyə mənzil verilməsini xahiş edib. Ancaq Şamaxı Rayon İcra Hakimiyyəti bunu mümkünsüz hesab edir. Qurumdan Meydan TV-yə bildirilib ki, rayonda inşa olunan çoxmənzilli yaşayış binası ötən il baş vermiş zəlzələdən evləri dağılmış vətəndaşlar üçün nəzərdə tutulub. Bu ailəyə mənzil şəraitinin yaxşılaşdırılmasına yardımçı olmaq isə qurumun imkanları xaricindədir. Əraziyə çirkab suların axıdılması ilə bağlı isə bildirilib ki, Şamaxının içməli su və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması ilə bağlı 2010-cu ildən rayonda layihə həyata keçirilir. Rayonun kanalizasiya sistemi yenilənir, ancaq bu işlər mərhələ-mərhələ həyata keçirilir. Qeyd olunan problemin ən tezi 3 il ərzində həll ediləcəyi gözlənilir.

“Cavab məktublarını toplayıb prezidentə göndərdim”

Gülnaz xanım isə icra hakimiyyətinin cavabı ilə razılaşmır:

“Prezident icra hakimiyyətinə tapşırır ki, vətəndaşın problemini həll elə, icra hakimiyyəti isə vətəndaşa əl boyda kağız parçası göndərir ki, mümkün deyil. Vətəndaşına hörmət edən heç bir dövlət, məmur onu donuz bataqlığında saxlamaz. Sabah bu bataqlıqdan iki oğulu hansı üzlə istəyəcəklər məndən?”

Gülnaz Babayeva bu dəfə prezidentə Şamaxı Rayon İcra Hakimiyyətindən ailəyə göndərilən cavab məktublarını toplayıb göndərib. “Prezident görsün ki, verdiyi tapşırıqlar təyin etdiyi məmurlar tərəfindən qulaqardına vurulur”, - deyir Gülnaz xanım.

“Xətti aşağıdan çəkiblər, altından gedib-gəlirik".

“Xətti aşağıdan çəkiblər, altından gedib-gəlirik".

Mənbə: Meydan TV

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/l03zu3

Ən çox baxılan