Hadisənin tamah məqsədilə törədildiyi bildirilir
Salyanda eyni gündə – martın 1-də bir ailənin iki üzvünün qətlə yetirildiyi ayrı-ayrı hadisələr baş verib. Bu ağır qətl hadisələrindən biri rayonun Pambıqkənd, digəri isə Kərimbəyli kəndlərində baş verib.
Kərimbəyli kəndində keçmiş baş həkim İsrafil Məmmədov və onun həyat yoldaşı Münəvvər Məmmədova yaşadıqları evdə öldürülüb. Ər-arvadın iplə boğulduğu və baş nahiyəsindən küt əşya ilə zərbələr nəticəsində qətlə yetirildiyi bildirilir.
İlkin məlumatlara görə, cinayətin tamah məqsədilə törədilməsi ehtimalı var.
Pambıqkənddə isə ana və oğlu qətlə yetirilib. Bu hadisə martın 1-də saat 16.00 radələrində baş verib.
Kənd sakini, 1963-cü il təvəllüdlü Rahilə Əliyeva və oğlu, 1992-ci il təvəllüdlü Bəhruz Əliyev bıçaqla öldürülüb.
Hadisədən sonra 43 yaşlı Ziya Əliyev könüllü şəkildə polisə gələrək, təslim olub. O, qardaşının arvadını və oğlunu mübahisə zəminində öldürməkdə ittiham olunur.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsilə cinayət işi başlanıb.