“Elə durumdadır ki, hətta danışmaqda da çətinlik çəkir, qırıq-qırıq sözlər deyə bilir”
Xalq Cəbhəsinin hakimiyyəti dövründə (1992-1993) Gədəbəyin icra başçısı olmuş, AXCP-yə maliyyə yardımında ittiham edilərək həbs olunan Saleh Rüstəmov 17 gündür ki, aclıq aksiyası keçirir. Vəkili Bəhrum Bayramov noyabrın 22-də Penitensiar Xidmətin Müalicə Müəssisəsində ona baş çəkib.
Vəkilin onun ailə üzvlərinə verdiyi məlumata görə, Saleh Rüstəmovun durumu ağırdır. O, müdafiəçisi ilə görüşdə 10 dəqiqədən artıq dayana bilməyib. Bəhruz Bayramov müvəkkilini aclığı dayandırmağa razı salmağa çalışsa da, bu dəfə də cəhdi nəticəsiz qalıb. Əksinə, Saleh Rüstəmov deyib ki, əgər bu həftə ərzində tələbləri yerinə yetirməsə, su içməkdən də imtina edəcək, quru aclığa keçəcək.
“Atamın vəziyyəti kritikdir, hər an komaya düşə bilər. Elə durumdadır ki, hətta danışmaqda da çətinlik çəkir, qırıq-qırıq sözlər deyə bilir. Aclığı qətiyyən dayandırmayacağını, həftə ərzində nəticəni tezləşdirmək üçün quru aclığa keçəcəyini deyib. Atama bir şey olarsa məsuliyyəti onun həbs qərarını verən şəxs – İlham Əliyev daşıyır”, – Sezgin Rüstəmov Meydan TV-yə bildirib.
Onun sözlərinə görə, noyabrın 19-da Saleh Rüstəmovun qayını, noyabrın 20-də isə bacısı onunla görüşmək üçün Penitensiar Xidmətin Müalicə Müəssisəsinə getsə də, onlara görüş verilməyib. Bu da ailə üzvlərində onun durumu ilə bağlı narahatlığı daha da artırıb:
“Güman edirik ki, onun vəziyyəti ağır olduğuna görə yaxınları ilə görüşməyə qoymurlar”.
Son on gündə Norveç Helsinki Komissiyası ikinci dəfə Azərbaycan hakimiyyətinə müraciət edərək, Saleh Rüstəmovu azad etməyə çağırıb.
Ölkə daxilində də ictimai-siyasi fəallar, təşkilat rəhbərləri Saleh Rüstəmovun azadlığa buraxılması üçün Prezident İlham Əliyevə müraciət ediblər. Müraciətdə Saleh Rüstəmovun ölkənin müstəqilliyi və ərazi bütövlüyünün qorunmasında xidmətləri, icra başçısı olduğu dövrdə Qarabağ döyüşlərində iştirakı, uşurlu Başkənd əməliyyatına rəhbərlik etməsi yada salınıb.
Hələ ki rəsmi qurumlar Saleh Rüstəmovun aclıq etməsi və onun azadlığa buraxılması üçün müraciətlərə münasibət bildirməyib.
Saleh Rüstəmov 1998-ci ildə oğlunun xəstəliyi ilə əlaqədar Rusiyaya gedib və o vaxtdan ailəsilə birlikdə orada yaşayırdı. 2018-ci ilin mayında bacı-qardaşını görmək üçün Azərbaycana gələn sabiq icra başçısı qardaşı və onun ailəsilə maşında gedərkən Şəmkirdə saxlanılıb. Bakıya – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilən Saleh Rüstəmova qarşı narkotik ittihamı irəli sürülüb. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanıb. Onlar bu idarədə 20 günə yaxın işgəncəyə məruz qaldıqlarını bildiriblər.
Bundan sonra – mayın 25-də AXCP funksionerləri Babək Həsənov, Aqil Məhərrəmli və Ruslan Nəsirli tutulub. Onların saxlanması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) yaydığı birgə məlumatda iddia olunub ki, bu beş nəfər çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. İddiaya görə, Saleh Rüstəmov AXCP-yə 420 min dollar pul göndərib.
Lakin adları çəkilən şəxslər çirkli pulların leqallaşdırılması ittihamını rədd edir. Saleh Rüstəmov bildirib ki, uzun illər Xalq Cəbhəsinin üzvü olub. Rusiyada həm özü, həm də digər azərbaycanlılar qazanclarından siyasi məhbusların ailələrinə yardım məqsədilə pul göndəriblər. Təxminən iki il ərzində siyasi məhbus ailələrinə göndərilən vəsait isə 10 min dollar olardı.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saleh Rüstəmov 7 il 3 ay, Aqil Məhərrəmov 4 il, Babək Həsənov isə 3 il azadlıqdan məhrum edilib. Vidadi Rüstəmli və Ruslan Nəsirliyə şərti cəza verilib. Sonradan Ali Məhkəmə Saleh Rüstəmlinin cəzasını 2 ay azaldıb.
Məhkəmənin hökmündə Saleh Rüstəmovun yaxınlarına məxsus mənzil və başqa daşınmaz əmlakların, hətta atalarından qalma evin də müsadirə olunması əksini tapıb.
Babək Həsənov cəzasının başa çatmasına iki ay qalmış – martın 17-də imzalanan sonuncu əfv sərəncamı ilə azadlığa buraxıldı.
AXCP bu cinayət işinin qondarma olduğunu bəyan edib, partiyaya qarşı illərdir davam edən repressiyaların davamı kimi qiymətləndirib.