Saleh Rüstəmovla bağlı aksiyanın təşkilatçılarından birinin saxlanıldığı bildirilir (yenilənib)

Mete Türksoy, Foto: MeteTürksoyun şəxsi arxivi

17.59. Polis əməkdaşları siyasi fəal Mete Türksoyu Ələt qəsəbəsinə apararaq sərbəst buraxıblar.

Bu barədə özü Meydan TV-yə məlumat verib.

***

DİN məsələni araşdıracağını deyir

Saleh Rüstəmovun azadlığa buraxılması ilə bağlı aksiyanın təşkilatçılarından Mete Türksoyun saxlanıldığı deyilir.

Bu barədə Meydan TV-yə Mete Türksoyun yaxını Sara Rəhimova bildirib.

Onun sözlərinə görə, Mete Türksoy saat 13.31-də “Koala Park”da saxlanılıb:

“İki mülki şəxs bizə yaxınlaşıb özlərini təqdim etmədən Mete Türksoyu “99 AP 852″ nömrəli ağ maşında apardılar. Onlardan Mete Türksoyun telefonunu almaq istəsəm də, imkan vermədilər. Ancaq çox sakit davrandılar, xüsusi təzyiq olmadı”.

Saxlanılmasından əvvəl Mete Türksoyun e-mail və sosial şəbəkə hesablarına müdaxilə edilib.

Bu barədə özü məlumat yayıb.

Bildirib ki, gmail hesabına hücum olub, şifrə dəyişdirilib:

“İşin yaxşı tərəfi budur ki, bunları öncədən təxmin etmişdim. Hesab kodunu bərpa etdim və gördüm ki, mailto:turkso01@bk.ru adlı qondarma e-mailə yönləndirmə var. Dünən də “Telegram” proqramında xoşagəlməz qəribə hallar yaşanırdı,  mesajlar getmir, ana səhifədə boş sahə yaranır, donurdu. Həmçinin yazışdığım adamda da oxşar proseslər olurdu. Öncə bu barədə əmin deyildim, amma indi əminəm. Bu kiberhücumdur, kibercinayətdir.  Məhkəməyə müraciət edəcək Avropa İnsan Hüquqları Məhkəməsinə qədər gedəcəyəm”.

O, adına saxta “Telegram” hesab da yaradıldığını söyləyib:

“Bu gün nömrəmlə telegramda qeyddən keçilib. Mən “Telegram”ı silmişdim. Buna görə “Bakcell” də məsuliyyət daşıyır. “Bakcell”in də adı Avropa Məhkəməsində hallanacaq. Bu, biabırçılıqdır. Biz hüquqi və açıq formada dövlət orqanlarını xəbərdar etdik, sərbəst toplaşmaq azadlığının etik və hüquqi tələblərinə riayət edəcəyimizi dedik. Siz nə əldə etdiniz bununla?”

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov Meydan TV-yə deyib ki, Mete Türksoyun saxlanılması araşdırılacaq:

“Məsələni araşdırandan sonra məlumat verəcəklər”.

Dekabrın 1-də Bakının “Fəvvarələr bağı”nda Saleh Rüstəmovun azad edilməsi tələbiylə aksiya keçirilməsi nəzərdə tutulub. Saat 15:00-da nəzərdə tutulan aksiyanın təşkilatçıları ictimai fəallar Mete Türksoy və İlkin Rüstəmzadədir.

S.Rüstəmov 26 gündür ki, aclıq aksiyası keçirir.

Onun azad edilməsi ilə bağlı ötən həftə QHT nümayəndələri, hüquqşünaslar, jurnalistlər çağırış etsələr də, heç bir rəsmi reaksiya yoxdur.

Noyabrın 27-də AXCP Gənclər Komitəsi, Müsavat Gənclər Təşkilatı, D18 Hərəkatı, NİDA Vətəndaş Hərəkatı, AXCP Gənclər Komitəsi və REAL Gənclər Birliyinin təşəbbüsü ilə “Saleh Rüstəmovun Hüquqlarının Müdafiəsi Komitəsi” yaradılıb.

Komitə Saleh Rüstəmovun hüquqlarının müdafiəsini koordinasiyalı şəkildə təşkil edib, bununla bağlı müvafiq addımlar atacağını açıqlayıb.

Xalq Cəbhəsinin hakimiyyəti dövründə (1992-1993) Gədəbəyin icra başçısı olmuş Saleh Rüstəmov 2018-ci ilin mayında AXCP-yə maliyyə yardımında ittiham edilərək həbs olunub.

Saleh Rüstəmov 1998-ci ildən Rusiyada yaşayıb.

O, 2018-ci ildə yaxınlarını görmək üçün Azərbaycana gəlib və Şəmkirdə saxlanılıb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilən Saleh Rüstəmova qarşı narkotik ittihamı irəli sürülüb.

İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanıb. Onlar bu idarədə 20 günə yaxın işgəncəyə məruz qaldıqlarını bildiriblər.

Bundan sonra – mayın 25-də AXCP funksionerləri Babək Həsənov, Aqil Məhərrəmli və Ruslan Nəsirli tutulub.

Onların saxlanması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) yaydığı birgə məlumatda iddia olunub ki, bu beş nəfər çirkli pulları leqallaşdırmaqda ittiham olunublar.

İddiaya görə, Saleh Rüstəmov AXCP-yə 420 min dollar pul göndərib. Lakin adları çəkilən şəxslər çirkli pulların leqallaşdırılması ittihamını rədd ediblər.

Saleh Rüstəmov bildirib ki, uzun illər Xalq Cəbhəsinin üzvü olub. Rusiyada həm özü, həm də digər azərbaycanlılar qazanclarından siyasi məhbusların ailələrinə yardım məqsədilə pul göndəriblər.

Təxminən iki il ərzində siyasi məhbus ailələrinə göndərilən vəsait isə 10 min dollar olardı.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saleh Rüstəmov 7 il 3 ay, Aqil Məhərrəmov 4 il, Babək Həsənov isə 3 il azadlıqdan məhrum edilib.

Vidadi Rüstəmli və Ruslan Nəsirliyə şərti cəza verilib. Sonradan Ali Məhkəmə Saleh Rüstəmovun cəzasını 2 ay azaldıb.

Məhkəmənin hökmündə Saleh Rüstəmovun yaxınlarına məxsus mənzil və başqa daşınmaz əmlakların, hətta atalarından qalma evin də müsadirə olunması əksini tapıb.

Babək Həsənov cəzasının başa çatmasına iki ay qalmış – martın 17-də imzalanan sonuncu əfv sərəncamı ilə azadlığa buraxılıb.

AXCP bu cinayət işinin qondarma olduğunu bəyan edib, partiyaya qarşı illərdir davam edən repressiyaların davamı kimi qiymətləndirib.

Ana səhifəSiyasətSaleh Rüstəmovla bağlı aksiyanın təşkilatçılarından birinin saxlanıldığı bildirilir (yenilənib)