“SalamNews” və “İnterAz”ın rəhbərinə hökm oxunub

Foto: İnterAz

Mətləb Bağırov 3 il jurnalistika fəaliyyətinə qadağa qoyulmaqla 12 il müddətinə azadlıqdan məhrum edilib

“SalamNews” informasiya agentliyi və “İnterAz”ın rəhbəri Mətləb Bağırovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Prosesdə əvvəlcə təqsirləndirilən şəxsin vəkili çıxış edib.

O bildirib ki, cinayət işində adı keçən bir neçə nəfər dindirilməyib:

 “Bu iş üzrə adı keçən H.Kefsiz, N.Kaya və digər şəxslər məhkəmədə dindirilməyib. Bununla bağlı vəsatətlərimiz təmin edilməyib. Müvəkkilim bir sıra maddələr üzrə özünü təqsirli bilmir. Xahiş edirəm, ona bəraət verilsin”.

Mətləb Bağırovun vəkili müdafiə etdiyi şəxsin məhkəmədə sərgilədiyi davranışın da nəzərə alınmasını xahiş edib.

Daha sonra Mətləb Bağırov son söz deyib. O, hakimlərdən ədalətli qərar verilməsini xahiş edib:

“Məhkəmədən xahiş edirəm ki, mənə bəraət verilsin. Hamınıza təşəkkür edirəm. Eyni zamanda, bu müddət ərzində əziyyətimi çəkən əməkdaşlara və vəkilimə də təşəkkür edirəm”.

Hökmə əsasən, Mətləb Bağırov 3 il jurnalistika və Kütləvi İnformasiya Vasitələri sahəsində fəaliyyətinə qadağa qoyulmaqla 12 il müddətə azadlıqdan məhrum edilib.

Dövlət ittihamçısı çıxışında onun 13 il müddətə azadlıqdan məhrum edilməsini istəmişdi.

Hacı Mətləb kimi tanınan Bağırov Mətləb Mirzəmməd 2023-cü il yanvarın 30-da Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə həbs olunub. Cinayət işi üzrə zərərçəkmiş qismində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tanınıb. O, Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi (Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), 167-3.1-ci maddəsi (Dini ekstremist materialları saxlama), 193.2.2-ci maddəsi (Xüsusilə külli miqdarda gəlir əldə etməklə yalançı sahibkarlıq), 193-1.3.2-ci maddəsi (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pulları leqallaşdırma) və digər maddələri ilə təqsirləndirilir.

Lakin Mətləb Bağırov bu ittihamları qəbul etmir və özünü təqsirli bilmir.

Ana səhifəSiyasət“SalamNews” və “İnterAz”ın rəhbərinə hökm oxunub