Xızı Telekommunikasiya Qovşağı : ”Ödəmə etsin, problemi həll edək, 1000 manat vəsait tələb olunur”
Xızı rayonunun Sitalçay kənd sakini Malik Zeynalov deyir ki, 3 ildir evinə genişzolaqlı internet xətti çəkdirə bilmir.
O, Meydan TV-yə bildirib ki, 2013-cü il oktyabrın 15-də müraciət etsə də, Xızı Telekommunikasiya Qovşağı və “Aztelekom” İstehsalat Birliyi onun problemini həll etməyib.
“Əvvəlcə, bildirdilər ki, üç ay müddətində istifadəmdə olan sabit telefon xətti vasitəsilə məni genişzolaqlı internetlə təmin edəcəklər. Amma etmədilər”, – deyə Zeynalov bildirib.
M.Zeynalova “Aztelekom” İstehsalat Birliyindən deyiblər ki, yaşadığı ünvandan keçən xətdə FSM qurğusu olduğundan ona genişzolaqlı internet vermək mümkün deyil.
O, 2014-cü il mayın 12-də məsələ ilə bağlı Sumqayıt İnzibati İqtisad Məhkəməsinə şikayət verib. Məhkəmə şikayəti təmin etməyib.
Şikayətçi 2015-ci il noyabrın 12 -də yenidən “Aztelekom”a müraciət edib. Cavab məktubunda deyilib ki, “Multimediya xidmətlərinin inkişafı” layihəsinə əsasən regionda FSM avadanlığı ilə qoşulmuş xətlər ləğv olunacaq və həmin layihə həyata keçirildikdə M.Zeynalovun da yaşadığı ünvana internet çəkiləcək.
M. Zeynalovun sözlərinə görə, problemin kökündə onun siyasi mənsubiyyəti dayanır:
“İlk dəfə 2013-cü ildə mənimlə birlikdə 5-6 şəxs də internet almaq üçün Xızı Telekommunikasiya Qovşağına müraciət etmişdi. Həmin şəxslərin hər biri internetlə təmin olundu. Yaşadığım kənddə təxminən 25-30 ailə internetdən istifadə edir. Lakin Xızı Telekommunikasiya Qovşağının mənə genişzolaqlı internet vermək fikri yoxdur. Mənə açıq deməsələr də, bilirəm ki, buna səbəb müsavatçı olmağımdır. Xızı Telekommunikasiya Qovşağının iddia etdiyi kimi, əgər mənim istifadəmdə olan xətdə FSM qurğusu varsa, həmin xətlə paralel evimizin 50 metrliyində yerləşən digər ana kabel xətdən internet versinlər.10 nəfərlik kabel xəttinin yalnız iki istifadəçisi var”.
Xızı Telekommunikasiya Qovşağının informasiya texnologiyaları üzrə mühəndisi Murad Quliyev Malik Zeynalov Meydan TV-nin sorğusuna cavabında bu məsələdə siyasi motivin olmadığını bildirib: “Məsələ ondadır ki, ona internet vermək üçün TSM avadanlığımız yoxdur. Özünə də bildirdik ki, imkanı varsa, ödəmə etsin, problemi həll edək, 1000 manat vəsait tələb olunur. Sonra bu məsələnin Regionların İqtisadi inkişaf layihəsinə daxil edildiyini, amma bu layihənin nə zaman gerçəkləşəcəyini bilmədiyimizi dedik. Çünki bu məsələni nazirlik həll edir. Sadəcə, gözləmək lazımdır.
O ki, qaldı qonşularına, onlara internet sıxlaşdırıcı avadanlıqla verilib, bu avadanlıqla Zeynalovun istədiyi interneti vermək mümkün deyil. Biz vətəndaşa internet verilməsində maraqlıyıq, çünki abunəçimiz artır, amma hazırda bu imkanımız xaricindədir”.