“İnanırıq ki, 15 gəncə qarşı olan bu özbaşınalığın aradan qaldırılmasına göstəriş verəcəksiniz”
Said Dadaşbəylinin Müdafiə Komitəsi prezident İlham Əliyevə və Azərbaycan Kütləvi İnformasiya Vasitələrinə müraciət edib.
Meydan TV-yə daxil olan müraciətdə prezidentə 17 oktyabr sərəncamı əsasında nazir Eldar Mahmudovun vəzifəsindən kənarlaşdırılması və ardınca bir qrup zabitin həbs edilməsinə görə təşəkkür edilir: “MTN-in oğurluqla, soyğunçuluqla məşğul olan yüksək rütbəli məmurlardan təşkil olunmuş cinayətkar dəstə fəaliyyəti dayandırmağınıza görə Sizə dərin təşəkkürümüzü, minnətdarlığımızı bildiririk. Biz əmin idik ki, Milli Təhlükəsizlik Nazirliyində baş verən bu biabırçılığı gec-tez aşkar edəcəksiniz. Hələ 2008, 2009, 2010-cu illərdə nazirliyin əməlləri barədə sizə müraciət etmişdik. Ancaq bu müraciətlərin sizə çatmadığını da bilirdik. Çünki nazirliyin sabiq rəhbərliyi buna imkan vermirdi. Güman ki, ona görə müraciətlərimiz cavabsız qalırdı.Sonuncu dəfə sizinlə bərabər Respublika Prokurorluğuna, Ədliyyə Nazirliyinə, Milli Məclisə, Prezident Administrasiyasına müraciət göndərsək də, reaksiya olmadı.
Valideynlər 2007-ci ilin yanvarında MTN-nin əməliyyat qrupunun Said Dadaşbəyli və onunla bərabər 15 nəfəri həbsini xatırladaraq bildirir ki, gənclərə qarşı dövlətə xəyanət, hakimiyyəti zorakarlıq yolla ələ keçirmək, qanunsuz silah sürsat və narkotik maddələrin saxlanması ilə bağlı ( şahidsiz, sübutsuz, əsassız olaraq işgəncə verərək, hətta işgəncə zamanı toyuna bir ay qalmış Emin Məmmədov öldürüldü) ittihamlar irəli sürüldü: “Bundan əlavə 15 nəfəri “Hizbullah”, “Fəth”, “Hizb-ut-təxrir” və digər dini təşkilatların, hətta nə qədər absurd səslənsə də, masonçuluqda ittiham etdilər. Beləliklə, bu saxta ittihamlarla şərlənmiş balalarımız günahsız olaraq ittiham olunaraq azadlıqdan məhrum edildilər”.
Müraciətdə gənclərin 10 ay MTN-in təcridxanasında görünməmiş işgəncələrə məruz qaldığı bildirilib: “10 aylıq işgəncədən sonra 2 ay qapalı məhkəmə prosesinə sdtart verildi. Hakim Ənvər Seyidov “mən sizə heç bir köməklik edə bilməyəcəm. Bu MTN-nin sifarişidir, günahınız olsa da, olmasa da” deyərək əlacsızlığını və sifarişli hökm çıxaracağını gizlətməmişdi. Nəticədə Said Dadaşbəyli ilə 3 nəfərə 14 il, qalanlarına isə 12-13 il azadlıqdan məhrumetmə hökmü çıxarəldı. Apellyasiya Məhkəməsi 2008-ci il mart ayında yenə qapalı şəraitdə 2-3 saat ərzində şahidsiz, sübutsuz və qaldırılan vəsatətrləri rədd etməklə əvvəlki hökmü qüvvədə saxlamaqla yekunlaşdı. Said Dadaşbəyli iqtisadçıdır, 5 dili mükəmməl bilir. 1998-ci ildən həbs olduğu günə kimi “Azeri-Mİ Drilling Amerika-Azərbaycan” müştərək neft şirkətində koordinator vəzifəsində çalışıb. İşlədiyi müddətdə heç bir ondan heç bir narazılıq olmayəb və hörmətlə yanaşılıb. Said Dadaşbəyli ziyalı mühitdə böyüyüb və tərbiyə alıb. Onun amalı və istəyi Azərbaycanda islam dininə radikal deyil, sivil yanaşmanı ictimailəşdirmək idi. Həm də ifrat dindarları sevmirdi. Cənab prezident, Said Dadaşbəylinin dövlətə qarşı heç bir iddiası olmayıb, çünki siyasi mənsubiyyəti yox idi. İki övlad atası Said Dadaşbəylinin yaxınlarına məhkəmə ərəfəsində ailəsi ölkəni tərk etməyə məcbur oldu”.
“Cənab Prezident, MTN-nin bu qanunsuzluğundan 8 il 9 ay ötsə də, heç vaxt ümidimizi itirmədik. Düşünürdük ki, bir gün gələcək haqq-ədalət öz yerini tutacaq. İnanırıq ki, 15 gəncə qarşı olan bu özbaşınalığın aradan qaldırılmasına göstəriş verəcəksiniz”,-deyə müraciət bu fikirlərlə bitir.