Şahmar Mövsümov: Yeni iqtisadi modelin axtarışına başlanılıb

”YAP hakimiyyətinin 23-cü ildönümündə model axtarışı barədə bəyanat səsləndirilməsi faciədir”

Source:


”YAP hakimiyyətinin 23-cü ildönümündə model axtarışı barədə bəyanat səsləndirilməsi faciədir”

“Ötən ildən Azərbaycanda 2 dəfə devalvasiya olub, neftin qiyməti 3 dəfə düşüb, büdcədə azalma var, tədiyyə balansında problemlər müşahidə olunur”.

Bunu Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, bunlar təbii və obyektiv proseslərdir: Şahmar Mövsümov deyib ki, Azərbaycanın 10 ildə olan iqtisadi modeli, artımı özünü doğruldub, qısa müddətdə yeni infrastruktur qurulub, Azərbaycan tamamilə yeni ölkəyə çevrilib:

“Ancaq yeni iqtisadi şəraitdə bu modelin davam etdirilməsinin o qədər də töhfəsi böyük olmadı. Ona görə də ölkədə yeni iqtisadi modelin axtarışına başlanılıb. Prezident tərəfindən növbəti mərhələ üçün Strateji Yol Xəritəsi imzalanıb. Bütün sahələri əhatə edən bu sənəd artıq açıqlanıb, hər kəs, xüsusilə iqtisadçılar ona baxıb öz fikirlərini, rəylərini verə bilər”.

Şahmar Mövsümov ölkədə yüksək səviyyəli iqtisadçıların azlığından da şikayətlənib:

“Bu gün ən mühüm problem odur ki, ölkədə yüksək səviyyəli mütəxəssis iqtisadçı azdır”.

2015-ci ildə manatın iki devalvasiyasından, neftin dəyəri 3 dəfə ucuzlaşdıqdan sonra rəsmi Bakı ölkənin postneft dövrünə daxil olduğunu bəyan edərək qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndiriməsi xəttini götürüb. Müxtəlif strateji konsepsiylar və yol xəritələri hazırlanır. Haqqında bəhs edilən “Milli İqtisadiyyat və iqtisadiyyatın əsas inkişaf istiaqəmətləri haqqında” Strateji Yol Xəritəsi də bu yöndə inkiaf istiqamətlərini müəyyən edən əsas sənəddir.

Müstəqil istisadçılar isə ölkəni maliyyə böhranından çıxarmaq üçün hakimiyyəti təcili monopoliyanın ləğvinə, rəqabətli bazar formalaşdırılması üçün məmur sahibkarlığına son qoymağa, ədalətli məhkəmə sistemin bərpasına, insan hüquq və azadlıqların, o cümlədən, mülkiyyət hüququnun qorumağa və təmin etməyə çağırıb (

azadliq.org

).

Şahmar Mövsümovun fikirlərini Meydan TV-yə şərh edən iqtisadçı Natiq Cəfərli hesab edir ki, YAP hakimiyyətinin 23-cü ildönümündə model axtarışı barədə bəyanat səsləndirilməsi faciədir. Çünki 20 ildən çox hakimiyyətdə olan hökuməti bu modeli çoxdan hazırlayıb həyata keçirməliydi. Hətta 2-3 il əvvəl “Azərbaycan modeli dünyaya bir örnəkdir” bəyanatları səslənirdi. Görünür, hökumət həmin modelin uğursuzluğunu dərk edir. Bu mənada cənab Mövsümovun bəyanatının bu hissəsi doğru dəyərləndirilməlidir, yəni vəziyyətin ağırlığını hiss edirlər.

Natiq Cəfərli sual edib ki, Azərbaycan hökuməti indi model axtarışına çıxıbsa, bəs bunu nə zaman tapacaq, nə vaxt həyata keçirəcək və ölkəyə pozitiv təsirləri nə vaxt olacaq? Yaxşı olardı, Şahmar müəllim və həmkarları bu suallara da aydınlıq gətirərdi. Ölkədə çox ağır böhranlı durum yaranıb, amma model axtarışına yeni çıxıblar. Mövsümovun fikirləri həm də hökumətin problemləri hansı səviyyədə dərk etdiyini büruzə verir.

Şahmar Mövsümovun iqtisadçılarla bağlı dediklərinə gəlincə, Natiq Cəfərli bildirib ki, onlar illərdir hökumətin neft borusundan asılı iqtisadi model qurduğunu, iqtisadi sistemin zəif olduğunu və təlatümlərə davam gətirməyəcəyini səsləndiriblər: “Bu barədə 4-5 il əvvəl araşdırmalar aparılıb, məqalələr dərc olunub. Şahmar müəllim axtarış versə, internetdə tapa bilər. Yəni iqtisadçıların edə biləcəyi bir şey yoxdur, artıq bu dönəm də bitib və iqtisadi modellə nəyəsə nail olmaq mümkünsüzdür. Bugün Azərbaycanda yeni siyasi idarəetmə modelinə ehtuyac var, bütün transformasiya olunmuş ölkələrin tarixi göstərir ki, iqtisadi islahatlarla yanaşı ciddi idarəetmə, məhkəmə islahatları da vacibdir. Yalnız bunlar olsa, inkişaf olacaq. Ona görə əllərini iqtisadçılardan çəksinlər, indiki ağır vəziyyətin çıxış yolu iqtisadi addımlarda deyil. Yalnız iqtisadi islahatlarla paralel məhkəmə, idarəetmə islahatları aparılsa, effekti olacaq”.

Ana səhifəXəbərlərŞahmar Mövsümov: Yeni iqtisadi modelin axtarışına başlanılıb