5 nəfər xəsarət aldı, 1 yanğınsöndürən zəhərləndi
Martın 12-də səhər saatlarında “Sahil” Ticarət Mərkəzinin 3-cü mərtəbəsi yanıb. Yanğın nəticəsində 5 nəfər xəsarət alıb, Fövqəladə Hallar Nazirliyinin bir uyanğınsöndürəni zəhərlənib. Bundan əlavə ticarət mərkəzində obyektləri olanlardan bayılanlar olub. Onlara ilkin tibbi yardım göstərilib. Bu barədə hadisə yerində olan Meydan TV-nin əməkdaşı məlumat verib. Bildirildiyinə görə, Ticarət Mərkəzinin 1500 kvadrat metri ərazisini əhatə edən 3-cü mərtəbəsi tamam yanıb. Hadisə yerinə gedən yollarda tıxac olduğundan yanğınsöndürənlərin gecikməsi yanğını daha şiddətləndirib. Amma hazırda hadisə yerində 12 yanğınsöndürən maşını var.
Son məlumata görə binanın 7-ci mərtəbəsində azyaşlı bir uşaq xilas edilib. Yanğın nəticəsində binanın 7-ci mərtəbəsinə giriş qapandığından uşaq təhlükə qarşısında qalıbmış. Əməkdaşımızın verdiyi məlumata görə, uşaq Metropoliten idarəsinin keçmiş rəisi Tağı Əhmədovun nəvəsi imiş.
Yanğının səbəbi hələ məlum deyil, araşdırma gedir. Qeyd edək ki, Ticarət Mərkəzi “Sahil” metrostansiyasının üstündə yerləşir.