Şahid qəza törədən avtobusda nasazlıq olduğuna inanmır
“Atletlər kəndi”ndə baş verən qəzada təqsirləndirilən sürücünün məhkəməsi davam edir
Aprelin 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə Avropa Oyunları zamanı yaradılan “Atletlər kəndi”ndə baş verən yol qəzasında təqsirləndirilən sürücü Vəli Əhmədov və digərlərinin məhkəməsi davam edib.
Meydan TV əməkdaşının məlumatına görə, prosesdə şahid qismində dindirilən Nəqliyyat Nazirliyinin Aparat rəhbəri Cavid Nəcəfov bildirib ki, oyunlar zamanı nazirlik tərəfindən bir çox işlər görülüb: “Həmin işlərdən biri də marşrutların seçilməsi olub və buna bir il vaxt sərf edilib. Yollarda sıxlığın aradan qaldırılması ilə bağlı işlər görülüb. Avropa Oyunları ilə bağlı işçi qrup yaradılmışdı və mən həmin qrupun üzvü idim. Sürücülərin seçilməsi və siyahısının hazırlanmasını nazirliyin Dövlət Avtomobil Nəqliyyatı Xidməti həyata keçirib”. Daha sonra məhkəmə iştirakçılarının suallarını cavablandıran şahid bildirib ki, Dövlət Avtomobil Nəqliyyatı Xidməti təsərrüfat işləri ilə məşğul olub.
Bu zaman təqsirləndirilən Hüseyn Salamov onun dediklərini təkzib edib. Bildirib ki, onun işlədiyi Dövlət Avtomobil Nəqliyyatı Xidməti təsərrüfat işləri ilə məşğul olmayıb: “75 nəfər dövlət qulluqçusu necə təsərrüfatla məşğul ola bilər? Biz təsərrüfat işləri ilə məşğul olmamışıq”.
Hakim Cavid Hüseynov isə şahiddən sürücü Vəli Əhmədovun sürücülərin siyahısına salınmasında kiminsə marağı və rolunun olub-olmamasını soruşub. C.Nəcəfov onda belə bir məlumatın olmadığını deyib.
Daha sonra prosesdə şahid Lalə Aşurzadə ifadə verərək bildirib ki, Avropa Oyunları Komitəsində avtobus deposunda baş dispetçer işləyib. Şahid oyunlar zamanı sürücülərə təlim keçdiklərini deyib: “Biz nəzarət edirdik ki, sürücülər depodan vaxtında çıxsınlar, getdikləri ünvanları tanısınlar. İstifadədə olan avtobuslar hər gün texniki baxışdan keçirildi. Mən bunun şahidi olmuşam. Qəza törədilən avtobusda nasazlıq olmasına inanmıram”.
Şahid Mətanət Səmədova isə İdman Tibbi Reabilitasiya İnstitutunda işlədiyini deyib. Bildirib ki, hadisədə xəsarət alan Luna onların xəstəxanasına gətirilib və rentgen müayinəsi olunub: “Ondan sonra həmin qız təcili yardım maşını ilə aparıldı. Digər xəsarət alan qızı isə xatırlamıram”.
Prosesdə şahid qismində dindirilən Nəqliyyat Nazirliyinin Nəqliyyatda Əlaqələndirmə və Lisenziya Şöbəsinin keçmiş müdiri Məzahir Məmmədov ifadə verib. O, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etsə də, vəkillərin suallarına cavab verə bilməyib. Buna görə də onun istintaq zamanı verdiyi ifadəsi elan edilib. Həmin ifadədə o, bildirib ki, sürücülərin siyahısını Dövlət Avtomobil Nəqliyyat Xidməti hazırlayıb və Avropa Oyunları Nəzarət Komitəsinə göndərib. Onun sözlərinə görə, həmin siyahıdan qəza törədən sürücü Vəli Əhmədovun adı çıxarılsaydı onunla əmək müqaviləsi bağlana bilməzdi.
Hakim Cavid Hüseynov isə bildirib ki, şahid ətraflı ifadə vermir. Avropa Oyunlarının mühüm tədbir olduğunu deyən hakim bildirib ki, həmin yarışın incəliyi ondan ibarət idi ki, ilk dəfə Azərbaycanda keçirilirdi: “Bizdən əvvəl Avropa təcrübəsi yox idi ki, baxıb yararlanaq. İndən sonra bizim təcrübəmizdən istifadə olunacaq. Bu yarışın təməli bizim ölkəmizdə qoyulub”.
Prosesdə “Bakı Sərnişin Nəqliyyatı” MMC-nin rəisi vəzifəsində işləmiş Rövşən Məmmədov da ifadə verib. O, istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bildirib ki, oyunlar zamanı işləyəcək sürücülərin anket məlumatlarını toplayıb Dövlət Avtomobil Nəqliyyat Xidmətinə göndəriblər.
Məhkəmə prosesi iyunun 10-da davam etdiriləcək.
2015-ci il iyunun 11-də, I Avropa Oyunlarının “Atletlər kəndi”nin nəqliyyat deposunda, “Bakubus” MMC-yə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadaları üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Paceri vurub.
Yol-nəqliyyat hadisəsində sürücü Vəli Əhmədov, Nəqliyyat Nazirliyinin (NN) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov, “Təhlükəsiz şəhər” kamerasının operatoru Elçin Həsənov və NN-in Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanov təqsirləndirilir.
V.Əhmədova qarşı Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda), H.Salmanov və E.Həsənova qarşı 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), F.Əmiraslanova qarşı isə 314-cü (səhlənkarlıq) maddəsi ilə ittiham irəli sürülüb. Digərlərindən fərqli olaraq, F.Əmiraslanov barəsində həbs-qətimkan tədbiri seçilməyib. O, zaminə buraxılıb.