Şahid: ”Kreditlərin verilməsinin arxasında layihələr dururdu”

”Bankdakı qanunsuzluqlardan xəbərim olmayıb”

Source:


”Bankdakı qanunsuzluqlardan xəbərim olmayıb”

Aprelin 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Dünyamin Xəlilov, Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan Əsgərov, Mənsur Zeynalov və Rauf Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Meydan TV-nin məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Əsgər Məmmədov ifadə verib. O, əvvəllər “Beynəlxalq Bank”da işlədiyini deyib:

“Bankda  əvvəlcə departament rəisi, sonra idarə heyətinin sədr müavini işləmişəm. Kreditlərin ayrılmasına göstərişi bankın rəhbəri verib. Bankın idarə heyətinin sədr müavini Emin Mustafayev kreditlərin ayrılmasına nəzarət edib”.

İclasda şahid qismində Fuad İsmayılov da ifadə verib. “Beynəlxalq Bank”da baş direktor işlədiyini deyən şahid Dünyamin Xəlilov və Şakir Musayevi tanıyıb:

“O vaxtlar Kredit Komitəsinin üzvü olmuşam. Kredit alan şirkətlərin sənədlərinə imza etmişəm. Qanunsuzluqlara yol verilməsindən xəbərim olmayıb. Bizə sənədlər verilirdi, həmin sənədlərə uyğun olaraq kreditlərin ayrılması təhlil olunurdu. Mən birbaşa rəhbərlikdın tapşırıq almamışam. O vaxtı Kredit Komitəsinin sədri Elvin Mustafayev və sonra Akif müəllim olub. Kredit Komitəsinin sədri sənədləri bizə verirdi, deyirdi ki, sənədləri bizə rəhbərlik təqdim edib, biz də imza edirdik. Biz imza etməsəydik, kredit ayrılmayacaqdı. Komitənin 7-i üzvü olub. Tək mən imza etməsəydim, digər 6 nəfər imza etsəydi, kredit qeyd olunan şirkətə ayrılacaqdı. Kreditlərin verilməsini bizdən başqa İdarə Heyəti, məbləğ böyük olduqda isə Müşahidə Şurası yoxlayırdı. Kredit 50 mindən çox olduqda Müşahidə Şurası bu sənədləri mütləq yoxlamalı idi. Kreditlərin verilməsinin arxasında layihələr dururdu. Amma sonradan məlum oldu ki, layihələr olmayıb. Amma sənədləşmə işlərində layihələr olub. Həmin layihələrə uyğun kreditlər verilib. Bəzi kreditlər verilərkən girovu olmayıb”.

Digər şahid Viktoriya Xəlilova bildirib ki, Dünyamin Xəlilova aid bir neçə təşkilatda baş mühasib işləyib: “Vergi və digər podratçı şirkətlərə pulların köçürülməsində iştirak etmişəm”.

Proses aprelin 13-də davam edəcək.

İttihama görə, Dünyamin Xəlilov “Azərbaycan Beynəlxalq Bank” ASC-nin İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyevlə yaxın dostluq münasibətində olub. Bir neçə cinayətin törədilməsi üçün “Səbail Mebel” ASC-nin baş direktoru Seyfulla Seyfullayev, “Aqora” MMC-nin direktoru Fərhad Əmiraslanov, “Kondor Qrup” MMC-nin direktoru Mənsur Zeynalov və qeyriləri ilə sabit cinayətkar qrup – mütəşəkkil dəstənin tərkibində  külli miqdarda özgə əmlakı vahid niyyətlə əhatə olunan qəsdlə və təkrarən talayaraq mənimsəyib israf etməklə “Azərbaycan Beynəlxalq Bank”ına külli miqdarda ziyan vurublar.

Ana səhifəXəbərlərŞahid: ”Kreditlərin verilməsinin arxasında layihələr dururdu”