Şahid: Hadisə sürücünün səriştəsizliyindən baş verib

”Atletlər kəndi”ndə baş verən qəza ilə bağlı keçirilən məhkəmə istintaqı yekunlaşdı

Source:

“Avropa Oyunları zamanı sürücülərin səriştəsizliyindən 7 böyük yol qəzasə baş verdi”

İyunun 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində I Avropa Oyunları zamanı yaradılan “Atletlər kəndi”ndə yol qəzası törətməkdə təqsirləndirilən avtobus sürücüsü Vəli Əhmədov, həmçinin Nəqliyyat Nazirliyinin (NN) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov, “Təhlükəsiz şəhər” kamerasının operatoru Elçin Həsənov və NN-in Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Prosesi izləyən Meydan TV əməkdaşının məlumatına görə, iclasa hakim Cavid Hüseynov sədrlik edib. Prosesdə şahid qismində Avropa Oyunları Əməliyyat Komitəsinin dəstək meneceri işləmiş Sahil Əhmədov ifadə verib. O, ifadəsində bildirib ki, oyunlar zamanı istifadə olunan avtobuslar Almaniyadan “MAN” şirkətinin Azərbaycandakı nümayəndəliyinə gətirilib: “Avtobuslara ilk texniki baxışı Rusiyanın “MAN” şirkətinin mexanikləri keçiriblər. Oradan böyük bir heyət gəlmişdi. Daha sonra Türkiyədən mütəxəssislər dəvət olundular. Onların bir saatına 75 avro pul verilirdi. Bütün avtobuslar yoxlanılıb. Həmin avtobusda hər hansı nasazlıq baş verə bilməzdi. Bundan əlavə, sürücülərə təlimlər keçirilirdi. Lakin sürücülərin çoxu səriştəsiz idilər. Sürücülərin 40 faizindən çoxu avtobusu idarə edə bilmirdi.  Bu avtobuslar “Qazel” deyil, “VAZ” deyil. Yalnız bu, Azərbaycana problem oldu.  Qəza birbaşa sürücünün səriştəsizliyindən meydana gəlib. Həmin qəza baş verən avtobusu mən növbəti gün idarə etmişəm. Həmin avtobusda əyləc sistemini bir daha yoxladıq. Heç bir problem aşkar edilmədi. O avtobusun vurulmuş halda belə bir nasazlığı yox idi. Əlbəttə ki, bütün oyunlarda nəsə hadisələr baş verir. Avropa Oyunları zamanı sürücülərin səriştəsizliyindən 7 böyük yol qəzasə baş verdi. Həmin avtobuslar demək olar ki, sıradan çıxdı. Həmin avtobusa hər hansı təxribat etmək də mümkün deyildi. Çünkü ərazi güclü şəkildə mühafizə olunurdu. Oyunlar zamanı çalışan 2000-ə yaxın sürücü, hansı ki, onların 800-ü avtobus sürücüsü idi, hər biri təlimlərdə iştirak edib. Lakin bəzən intervala riayət etməyən sürücülər olurdu. Biz dərhal onları işdən azad edirdik. Çünki intervalın qorunması vacib idi”.

 Daha sonra şahid Davud Əfəndizadə ifadə verib. 2010-2012-ci illərdə «Bakı Sərnişin Nəqliyyatı» MMC-də rəis vəzifəsində, 2012-2015-ci illərdə isə rəis müavini vəzifəsində çalışdığını deyib: “Oyunlar başlamamışdan əvvəl nazirlikdə toplantı olub. Orada daşıyıcıların toplanması bizə tapşırıldı. Biz daşıyıcıların ilkin siyahısını toplayaraq Dövlət Avtomobil Nəqliyyatı İdarəsinə göndərdik. Ondan sonra o siyahıdan heç xəbərim olmayıb.  Hadisə olan günü Hüseyn Salamov mənə zəng elədi. Hadisə yerinə getdik. Nəqliyyat naziri Ziya Məmmədov da hadisə yerində idi. Mən nazirə qəza barəsində məruzə etmişəm”.

İclasda məhkəmə istintaqının yekunlaşması barədə qərar elan edilib. Lakin prokuror çıxışa hazır olmadığı üçün iclas iyunun iyunun17-nə təyin edilib.

2015-ci il iyun ayının 11-də, I Avropa Oyunlarının “Atletlər kəndi”nin nəqliyyat deposunda, “Bakubus” MMC-yə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Paceri vurub. Hadisədən sonra avtobusun sürücüsü V.Əhmədov, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi H.Salamov və “Təhlükəsiz şəhər” kamerasının operatoru E.Həsənov adlı şəxs tutulub. NN-in Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi F.Əmiraslanov isə işlə bağlı istintaqa cəlb olunsa da, barəsində həbs-qətimkan tədbiri seçilməyib. O, zaminə buraxılıb. V.Əhmədova qarşı Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda), H.Salmanov və E.Həsənova qarşı 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), F.Əmiraslanova qarşı isə 314-cü (səhlənkarlıq) maddəsi ilə ittiham irəli sürülüb.

2016-cı ilin yanvar ayının 15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən, cinayət işinin baxılmasına xitam verilib və iş ibtidai istintaqa qaytarılıb. Buna səbəb kimi zərərçəkmiş şəxslərin ifadələrinin alınmaması və onların hüquqlarının pozulması göstərilib. Cinayət işi yenidən baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində I Avropa Oyunlarının “Atletlər kəndi”nin nəqliyyat deposunda Avstriya yığmasının atletlərini avtobusla vurmaqda təqsirləndirilən avtobus sürücüsü Vəli Əhmədov, həmçinin Nəqliyyat Nazirliyinin (NN) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov, “Təhlükəsiz şəhər” kamerasının operatoru Elçin Həsənov və NN-in Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Ana səhifəXəbərlərŞahid: Hadisə sürücünün səriştəsizliyindən baş verib