Şahid: Bir gün “Bandotdel”də saxladılar, “ağıllandım”

“Evlərimizi, maşınlarımızı, hətta qarajımızı da əlimizdən aldılar”

Source: Foto: arxiv


“Evlərimizi, maşınlarımızı, hətta qarajımızı da əlimizdən aldılar”

“Günay Bank”ın İdarə Heyətinin keçmiş sədr müavini Emin Zeynalov 30 milyonluq dələduzluq ittihamıyla həbsdədir. O, 20-dən çox adamdan valyuta satışından qazanc (ucuz alıb, baha satmaqdan əldə olunan gəlirin 3 faizini vermək) adıyla pul alıb, onları aldatmaqda ittiham olunur. İttihama görə, pul sahibləri əvvəlki aylarda qazanclarını götürüblər, sonradan E.Zeynalov yoxa çıxıb. Bir müddət axtarışda olandan sonra həbs edilib.

İndi onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. “Günay Bank”da E.Zeynalovla birlikdə işləmiş Turxan Əliyev də onun işi ilə əlaqədar məhkəmədə dindirilib. Deyib ki, bu işə görə onun da başı az çəkməyib – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində qanunsuz saxlanmaqdan tutmuş, evinin, maşının, hətta qarajının da əlindən alınmasına qədər.

T.Əliyev bildirir ki, əvvəl “Amrah Bank”da sonradan isə “Günay Bank”da işləyib, orada E.Zeynalovun işçisi olub. E.Zeynalovun bankdan kənar valyuta alqı-satqısı əməliyyatlarından xəbəri olduğunu, bəzən özünün də bu əməliyyatlarda iştirak etdiyini təsdiqləyib. Əldə olunan qazancdan bəzi hallarda ona da çatıb. Bir müddət sonra T.Əliyev özü də iş üçün ortaya pul qoyub: “Elə ay olub, 3 min qazanmışam, elə olub, 10 min. Elə ay da olub ki, ümumiyyətlə, qazanc götürməmişəm”.

T.Əliyevin sözlərinə görə, E.Zeynalovun həbsindən sonra onu da istintaqa – DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (“Bandotdel” kimi tanınır – red) çağırıblar: “Dedilər ki, guya məndən də şikayət var. Ailəmizin nəyi vardısa, əlimizdən aldılar”.

O, əmlaklarının əlindən alınmasında idarənin müstəntiqləri Moşu Paşayev və Yusif Yusifovun xüsusi rolu olduğunu bildirib: “Mənə dedilər ki, “nəyin var, gətir”. Dedim ki, mən heç kimin bir manat pulunu yeməmişəm, heç nəyimi də vermirəm. Dedilər, “indi səni apararlar, ağıllanarsan”. Çağırdılar ki, “aparın bunu aşağı“. Bir gün orada saxladılar. “Ağıllandım”. İki evimiz vardı, ikisini də aldılar. İki maşınımız vardı, onları da aldılar”.

T.Əliyevin sözlərinə görə, öz maşınları alınandan sonra dostunun avtomobilini sürüb. Bir gün sonra müstəntiqdən ona yenə zəng gəlib: “Müstəntiq dedi ki, maşın alverilə məşğulsan? Həmin maşını da məndən aldılar. İki qarajımız vardı. Sonra bundan xəbər tutub zəng elədilər. İkisinin birlikdə qiyməti 65 min olardı. Dedilər ki, bizdən mal gizlədirsən? Dedim ki, nəyi istəmisiniz, hamısını vermişəm. Qarajları da verdim. Qolumda saatım vardı, onu da özüm təklif elədim ki, əl çəksinlər. Dedilər, lazım deyil, onu istəmədilər…”

T.Əliyev onu da bildirib ki, evləri “Günay Bank”ın rəhbəri Mahmud Məmmədovun mühafizəçisinin adına keçirilib. Maşınları isə göndərilən adama verib.

E.Zeynalovun vəkili Kamandar Nəsibov deyib ki, şahidin danışdıqları hədə-qorxu ilə adamın əmlaklarının əlindən alınmasıdır. Ona görə də məhkəmə bu məsələ ilə əlaqədar xüsusi qərar çıxarmalıdır, baş verənlər araşdırılmalıdır.

Hakim isə deyib ki, şəxs özü müstəqil şəkildə şikayət edib, məsələnin araşdırılmasını istəyə bilər.

E.Zeynalova qarşı Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli midarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

E.Zeynalov elan olunmuş ittihamla özünü təqsirli bilməyib.

Emin Zeynalov “Kapital Bank”ın (adı “BUSBank” olanda) keçmiş rəhbəri Zakir Zeynalovun oğludur. Z. Zeynalov 2000-ci ildə yaradılmış Birləşmiş Universal Səhmdar Bankı (BUS) İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilib. O, 4 avqust 2004-cü il tarixinə kimi həmin vəzifədə işləyib. Daha sonra “Finans Lizinq” ASC Müşahidə şurasının sədri vəzifəsində çalışıb.

Ana səhifəXəbərlərŞahid: Bir gün “Bandotdel”də saxladılar, “ağıllandım”