Sahibkarlığın yol xəritəsi (III yazı)

Bəziləri hələ də başa düşməyib ki, sahibkara mane olan dövlət qurumları az olsa, kifayətdir

Source:


Bəziləri hələ də başa düşməyib ki, sahibkara mane olan dövlət qurumları az olsa, kifayətdir

Prezidentin 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş 12 strateji xəritədən biri “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”dir. Bu Xəritədəki hüquqi bisavadlıq məsələsinə əvvəl toxunmuşdum. İndi isə bütövlükdə bu Xəritəyə dair rəyimi təqdim edirəm.

Əvvəla, onu deyim ki, Xəritənin adı ilə məzmunu üst-üstə düşmür. O mənada ki, Xəritədə bütövlükdə kiçik və orta sahibkarlığın (KOS) inkişafından bəhs edilir. Yəni söhbət sırf “istehlak mallarının istehsalın”dan getmir. Əslində, elə belə də olmalıdır, yəni hədəf bütövlükdə sahibkarlığa şəraitin yaradılmasıdır. İstehlak mallarının istehsalı isə artıq bunun tərkib hissələrindən biridir. Nə isə, bu, texniki məsələdir. Hüquqi və tərcümə səhvləri fonunda ad boş şeydir…

Xəritədə KOS sahəsindəki problemlər etiraf olunur, statistik məlumatlar açıqlanır. Xarici ölkələrlə müqayisə aparılır və bizdəki vəziyyətin ürəkaçan olmadığı vurğulanır. Problemin etirafı da az iş deyil bizim şəraitdə. Mərhaba!

Düzdür, Xəritə müəllifləri problemləri özünəməxsus məmurcasına başa düşür. Məsələn, 12-ci səhifədə milli sahibkarlığın zəif tərəflərindən biri kimi bu göstərilir: “KOS subyektlərinə dəstək göstərən dövlət orqanlarının və xüsusi institutların sayının məhdud olması”. Bəziləri hələ də başa düşməyib ki, sahibkara mane olan dövlət qurumları az olsa, kifayətdir, dəstəkverənə ehtiyac yoxdur, çünki nəticədə hər belə dəstəkverən mane olana çevrilir. Əlavə dövlət qurumları yaradıb yeni məmur ordusu yaratmağa, sahibkarladan alıb onlara yedizdirməyə nə lüzum var axı?!

Digər tərəfdən isə Xəritədə qeyd olunur ki, guya bu sahədə bəzi müsbət addımlar artıq atılıb. Məsələn, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun qəbul edilib. Amma nə olsun ki? Xəritə müəllifəri istəsə, onları həmin Qanunun məhkəmə təcrübəsi ilə tanış edə bilərəm. Həmin Qanunun ağına belə məhkəmələr qara deyir. Daha sonra Xəritədə deyilir ki, sahibkarların hüquqlarının qorunması ilə bağlı Apellyasiya Şuraları yaradılıb. Nə olsun ki? Həmin şuralar da sahibkarı top kimi ötürə-ötürə yola salır, dadına çatmır. Və s. və i.a. İnstitutlar işləmirsə, onları yaratmağın nə mənası var?..

Yaxşı, bəs Xəritə müəllifləri bu problemləri bundan sonra necə həll etməyi düşünür? “Qanunvericiliyi təkmilləşdirəcəyik” və bu kimi digər ümumi və deklarativ ifadələri kənara qoysaq (onlara dair Xəritədə hər dəfə vurğulanır ki, icrasına heç pul da tələb olunmur, yəni elə belə yazmışıq da özümüz üçün), aşağıdakı tədbirlərin görülməsi planlaşdırılır:


1.

Mərkəzləşdirilmiş KOS agentliyinin yaradılması. Bu agentlik sahibkarlara dəstək verməklə məşğul olacaq. Necə, nə cür – məlum deyil. Amma agentliyin özünə 10 mln. manat vəsait tələb olunur. Xəritənin özündə tədbirin icrasının yeganə riski kimi bu göstərilir: “agentliyin fəaliyyətinin düzgün təşkil edilməməsi”. Yəni əl yeri qoyulur ki, 10 mln. göyə də sovrula bilər.


2

. Sənaye zonalarının və klasterlərin yaradılması. Orada real nə edəcəklərini bilmirəm, amma icrasına 630 mln. manat istəyirlər. Düzdür, risklərdən biri kimi də səmimi olaraq bunu göstərirlər: “dövlət tərəfindən ayrılan vəsaitlərin qeyri-effektiv xərclənməsi”. Mövcud idarəetmə və institutlar şəraitində böyük ehtimalla elə belə də olacaq…


3.

Biznes assosiasiyaları təşkil ediləcək. Hətta qadın sahibkarların da belə birlikləri olacaq. Qeyri-hökumət təşkilatlarının təsis edilməsindəki problemlər hamıya bəllidir. Yəni sahibkarlar istisna olacaq? Yaşayarıq – görərik…


4.

Sahibkarlara maliyyə resurslarına sərfəli və səmərəli çıxışın təmin edilməsi. Xəritənin özündə də göstərilir ki, sahibkarlar aşağıdakı dövlət qurumlarından maliyyələşir:


1) Sahibkarlığa Kömək Milli Fondu;


2) Azərbaycan İnvestisiya Şirkəti;


3) Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu;


4) Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti;


5) İnformasiya Texnologiyalarının İnkişaf Dövlət Fondu.

Amma Xəritə müəllifləri bunun kifayət etmədiyini vurğulayır və beynəxalq maliyyə bazarlarına çıxışın vacib olduğunu qeyd edirlər. Düzgün tövsiyədir, amma buna necə nail olacağıq və dövlət nə edəcək bu sahədə? Dövlət heç olmasa adı çəkilən 5 dövlət qurumu tərəfindən maliyyələşməsini dürüst, şəffaf və ədalətli təşkil edə bilsə, kifayət edər. Amma həmin qurumlardan sahibkarlar vəsaiti necə cəlb edir – hamı gözəl bilir…

Bütövlükdə yalnız bu Xəritənin icrası üçün 700 mln. manat tələb olunur. Yəni ümumi sözlər, icra mezanizmləri məlum olmayan tədbirlər üçün bu qədər pul istəyir Xəritə müəllifləri. Faydası olsaydı, bundan çox da ayırmaq olardı. Amma olmayacaq. Niyə? Əvvəllər də dəfələrlə vurğulamışam ki, iqtisadi islahatların uğuru üçün əsas şərt səmərəli institutların yaradılmasıdır:


1) mülkiyyət hüququnun müdafiəsi;


2) müqavilələrin icrası;


3) sağlam rəqabət;


4) keyfiyyətli mülki və əlaqədar qanunvericilik;


5) müstəqil və ədalətli məhkəmələr və s.

Bütün bunlar barədə Xəritələrin təhlilini bitirəndən sonra ətraflı yazacağam. Hələlik isə 3 xəritəni şərh etmişəm. 9 xəritə qalıb və onun biri hələ heç dərc də olunmayıb.

Ana səhifəAnalitikaSahibkarlığın yol xəritəsi (III yazı)