“Bu sahələrdə yüzə yaxın fəhlə işləyir, hamısının ailəsi gözünü maldan gələcək qazanca dikib”
Tovuz sakini Nail Cəfərov Şəmkir rayonu ərazisindəki istilikxanalarda tərəvəz yetişdirir. Deyir ki, artıq 8 ilə yaxındır yetişdirdiyi məhsulları xarici bazarlara, əsasən də Rusiyaya satır:
“Bu il 200 tona yaxın xiyar yetişdirmişik. Hər il yetişən məhsulu iri maşınlarla Rusiyaya göndəririk, orda da topdan satırıq. 4 gündü 120 ton xiyardan xəbər yoxdu. Maşını sərhəddə saxlayıblar. Sürücü deyir, Azərbaycan tərəfi keçiblər. Neytral zonada qalıblar. İndi Rusiya tərəf nə o tərəfə buraxır, nə də geri qaytarır”.
Nail Cəfərov narahatdır ki, məhsul xarab olsa, il ərzində çəkdikləri bütün zəhmət itib-batacaq:
“Sərhəddə niyə problem olmalıdır axı? Maşının sənədləri qaydasındadır. Birinci dəfə deyil gedir. Səbəb nədir, demirlər. Heç olmasa malımızı geri gətirməyə imkan verələr. Qaytarsaq, soyuducu anbarda saxlaya bilərik. Bir neçə gün də qalsa, xarab olacaq. Bu sahələrdə yüzə yaxın fəhlə işləyir, hamısının ailəsi gözünü maldan gələcək qazanca dikib”.
Sahibkarın sözlərinə görə, Tovuz ərazisində təsərrüfatla məşğul olan bir neçə sahibkar da eyni problemlə rastlaşıb: “Sahibkarlara dövlət dəstək göstərib məsələni həll etməlidir”.
Tovuz rayon Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi Canpolad Qəhrəmanov deyir ki, hələlik sahibkarların bu kimi problemləri ilə bağlı məlumatlı deyillər: “Gömrük komitələrində Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri də təmsil olunurlar və belə hal olsa, lazımi tədbirlər görüləcək”.
Şəmkir rayon İcra Hakimiyyətinin iqtisadi məsələlər üzrə şöbəsindən verilən məlumata görə, Şəmkir ərazisində istehsal edilən məhsulların 90 faizi Rusiya bazarlarına aparılır. Beləliklə, Şəmkirin ümümdaxili məhsuldan əldə etdiyi gəlirin 60 faizi sözügedən kənd təsərrüfatı məhsullarından əldə edilir.
Bir neçə gün əvvəl Rusiyaya kənd təsərrüfatı məhsulu daşıyan vaqonların boşaldılmasında da problemlər yaşanmışdı.
Azərbaycan Kənd təsərrüfatı naziri Heydər Əsədov mediaya açıqlamasında bildirib ki, Azərbaycan sərhəddində heç bir maneə yoxdu, ləngimələr Rusiya tərəfindədir.
“Rusiya yük daşınması üzrə yol tariflərini qaldırıb. Buna görə də Rusiya tərəfində sürücülər etiraz edərək işə çıxmaqdan imtina ediblər, kənd təsərrüfatı mallarını daşıyan yük maşınlarının sürücülərinin işə çıxmaması isə vaqonların boşaldılmasında fasilələr yaradıb”.
Nazir qeyd edib ki, problemin aradan qaldırılması üçün dövlət səviyyəsində Rusiya tərəfi ilə danışıqlara başlanılıb:
“Çalışırıq ki, bu məsələ yaxın günlərdə öz həllini tapsın. Rusiya tərəfinin verdiyi məlumatlar deməyə əsas verir ki, problem qısa müddət ərzində həll olunacaq”.