Sahibinə oxşayan avtomobil

Haqqını tələb etmək azadlığı

Source:

İçimdəki sıxıntılardan bir az da olsa, uzaqlaşmaq üçün parka üz tutdum. Parkın əsas girəcəyində qara rəngdə xarici avtomobil yolu tamamilə kəsmişdi. Avtomobilə baxdım. Parkın əsas qapısının önündə avtomobil saxlayan şəxsdən nə gözləyə bilərdim?

Diqqət yetirmişəm, avtomobillər bir növ sahiblərinin xarakterini özlərində formalaşdırır. Şəxsin necə olmasından asılı olaraq, avtomobil mənə o cür təsir bağışlayır. Bilmirəm, bu hissə nə ad verim? Bəlkə də bu hiss başqa adamlara yaddır, hətta səslənməyi də absurddur. Amma müşahidələrimdə çox vaxt yanılmıram. Uzun sürən müşahidələrim bunu deməyə əsas verir.

Avtomobili diqqətlə incələdikcə, oradan xəyali dalğaların sürətlə yayıldığını duyuram. Saturn planetini əhatə edən halqaya bənzəyən dalğalar mənə avtomobil sahibinin yaxşı və ya pis olduğundan xəbər verir. İlk dəfədir bu haqda fikirlərimi bölüşürəm. Qəribə duyğudur.

Nə isə, keçək parka keçməyimə mane olan avtomobilə. Əslində, əlil arabasından istifadə etməsəydim, mən də o biri insanlar kimi ayaq üstə avtomobilin böyründən keçib, parka girə bilərdim. 90 sm eni olan arabam həmin kiçik aradan keçə bilməzdi. Avtomobil sahibi “lütf” edib təxminən 50-60 sm məsafəni xalqın ixtiyarına buraxmışdı. Əminəm ki, avtomobilin uzunluq sarıdan yetərli olmaması onu bu əməldən kənarda saxlayıb. Yoxsa acgözlüklə həmin yolu da qapadardı.

Parkın o biri tərəfindəki qapı həm məsafəcə dayandığım yerdən uzaq, həm də giriş hissəsinin aşağı ətrafı pilləkanlarla inşa edilmiş olduğundan, əlil arabamla oradan sərbəst, təkbaşına parka girməyim mümkün deyildi.

Əsəbi halda ətrafa göz gəzdirməyə başladım. Yaxınlıqdakı taxta sexinin həyətində bir qrup kişi nərd oynayırdı. Onlara yaxınlaşdım. Sexin ustalarını üzdən tanıyırdım. Ustalardan başqa orada 4-5 kişi də vardı, nərd oyununa tamaşa edirdilər. Düşündüm, bəlkə onlar avtomobilin sahibini tanıyarlar. Salam verdim, soruşdum ki, həmin avtomobil kimindir? Bilmədilər. Bir az susandan sonra niyə soruşduğumla maraqlandılar.

Vəziyyəti izah etdim. Heç nə olmamış kimi, oyunlarına davam etdilər. Bir tanışım uzaqdan məni görüb, yaxınlaşdı. Ona da vəziyyəti anlatdım və hirslə dedim ki, “maşını elə saxlayıb, elə bil dədəsinin evinin qabağıdır”. Nərdi izləyən kişilərdən biri həmin ifadəmə reaksiya verdi: “Elə demə, ayıbdır”. Onun belə deməyinə təəccübləndim. Sanki bayaq çətin vəziyyətlə qarşılaşdığımı izah edəndə laqeyd münasibət göstərən bu deyildi. Ona adekvat cavab verdim: “Ayıb yol kəsməkdir! Ayıb insanların haqqına girməkdir! O, adam kimdirsə, mənim yolumu kəsməklə haqqıma girib”.

Kişi cavab tapmadığından, susdu. Yanındakılar dediklərimi eşidəndən sonra məsləhət verməyə başladılar: “Parkın o biri girişi də var, get oradan keç”. O biri girişin pilləkanlarından xəbər verəndən sonra oradan içəri keçməyimə kömək təklif etdilər. Təşəkkür edib, imtina edərək bildirdim ki, rahatsızlığımı pozub, özümü təhlükəyə ata bilmərəm. Eyni zamanda, nə üçün kiməsə zəhmət verməliyəm ki, çətinliyə girib, məni qaldırsın.

Həmin kişilərə əlavə olaraq söylədim ki, kiminsə parkın qapısında avtomobil saxladığını görəndə, o adama desinlər ki, burada bu cür şəkildə maşın saxlamayın. O yol kəsilməklə nəinki mənim kimi əlil arabası istifadəçilərinin yoluna əngəl yaranır, eyni zamanda hər gün o parka gələn onlarla uşaq arabasından istifadə edən valideynlərin özü də mənim duruma düşürlər.

Oradan uzaqlaşdım və tanışımla avtomobilin yanına yaxınlaşdım. Bir xeyli orada gözlədim ki, maşının sahibi gəlsin ki, ona sözümü deyim. Hava soyuduğundan üşüyürdüm.

Artıq evə dönmək istəyirdim ki, bir orta yaşlı qaraqabaq kök kişi həmin avtomibilin qapısına yanaşdı. Maşına əyləşməmiş onu səslədim, etirazımı bildirdim. Üzr istəmək yerinə, utanmadan mənə başqa qapıdan keçməyi məsləhət gördü. Ona da izah etdim ki, bunu pilləkanlara görə sərbəst şəkildə edə bilmərəm. Arsız şəkildə mənə hökmlə dedi ki, kimisə çağırardın, kömək edərdi də oradan qalxmağa. Eyni hökmlə ona cavab verdim ki, gələn dəfə burada belə saxladığını görən də köməyə evakuator xidmətini çağıracam ki, yolu kəsən maşını buradan götürsün. Nifrətlə üzümə baxdı. Heç nə demədən geri çevirilib, avtomobilinə oturub, oradan uzaqlaşdı.

Bir neçə gün sonra parka gedəndə həmin avtomobili o biri minik maşınlarının sırasında gördüm. Sevindim ki, etirazım səmərə verib. Bilmirəm bu evakuator qorxusudur ya sağlam düşüncəli nəticə, istənilən halda müsbət sonluqdur.

Təəssüf ki, insanlarımız təbii, halal haqqlarını tələb etməyə çəkinirlər. Avtobus sürücüsü, məktəb müəllimi, bələdiyyə sədri, JEK müdirindən niyə çəkinirsiniz?

Nədir, yoxsa avtobus sürücüsündən salonda siqaret çəkmə, avtobusu düzgün idarə et deyəndə sürücü yeyəcək sizi? Məktəb müəlliməsindən normal təhsil tələb edəndə, dəyənəyi başınıza vuracaq? Bələdiyyə sədrinə ətrafa düzgün nəzarət etmədiyini vurğulayanda, həbs edəcəklər sizi? JEK müdirinə zibil qutularını vaxtı-vaxtında boşaldılmasını tələb edəndə asacaqlar sizi?

Biz həmişə haqqımızı tələb edək. Nəticəsi gec də olsa, olacaq.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəSahibinə oxşayan avtomobil