Şahbaz Xuduoğlu: “150 min “Qanun”a kəsilən ölüm hökmüdür


Vergilər Nazirliyinin “Qanun” nəşriyyatına kəsdiyi 150 min manatlıq cərimə ilə bağlı dəyirmi masa keçirilib.

Martın 7-də AYB-də keçirilən tədbirdə qurumun katibi Çingiz Abdullayev nəşriyyatın belə bir cəriməni ödəmək iqtidarında olmadığını vurğulayıb: “Biz bu gün “Qanun”u müdafiə etməyə toplaşmışıq. Təbii ki, 150 min böyük məbləğdir. İnandırım ki Avropa ölkələri də belə bir vergi versələr, bilmirəm sonra necə işləyəcəklər. Siz deyirsiz ki, cərimə ləğv olunsun. Mən inanmıram ki, ləğv olunacaq. Bəlkə başa düşsünlər ki, bu nəşriyyata lazımdır”.

AYB katibi Azərbaycanda kitablara olan faiz dərəcəsinin çoxluğuna da toxunub və əlavə edib ki, bu, ya azaldılsın, ya da götürülsün: “Başqa ölkələrdə kitablara vergi yoxdur. Bizdə yeddi kitab mağazası var. Bu vergi Gürcüstan, Fransada yoxdur, Ukraynada isə aşağıdır. Halbuki, Ukrayna və Gürcüstan bizdən kasıb ölkədir. Kitaba 18 faiz vergi çox böyükdür və mən bunu dəfələrlə demişəm”.

Millət vəkili Fazil Mustafa deyib ki, bu işləri bəhanə edərək Azərbaycan cəmiyyətində az olan kitab sferasını sıradan çıxartmaq, nəşrlərin fəaliyyətini dayandırmaq, həm də bunu qəsb yolu ilə etmək heç cür yolverilməzdir: “Hüquqi dövlətdən danışırıqsa, heç olmasa yazışma formasında nələrsə tələb olunur. Çox təəssüf ki, hüququn aliliyinə olan münasibətlərdə o qədər laqeyidlik ortadadır ki, bir nəşriyyata belə bu özünü qabarıq formada göstərir”

“Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu 150 minlik cəriməni nəşriyyata kəsilən ölüm hökmü adlandırıb və bildirib ki, qurum bunu ödəyə bilməyəcək. O, əvvəllər nəşriyyatın adının rüşvətdə hallanmasına da ayınlıq gətirib: “Burada rüşvət eşidilibsə, bu mümkün deyil. O  rüşvət varsa və artıqdırsa verərəm tərcüməçiyə”. Bu məqamda Çingiz Abdullayev “gəlin, rüşvəti burda müzakirə etməyək” deyə səsləndi.

Tədbirin sonunda Pezidentə müraciət ünvanlanıb.

Ana səhifəVideoŞahbaz Xuduoğlu: “150 min “Qanun”a kəsilən ölüm hökmüdür