Şahbaz Quliyevin səhhəti pisləşib

Azərbaycan vətəndaşı Yerevanda xəstəxanaya yerləşdirilib

Source:


Azərbaycan vətəndaşı Yerevanda xəstəxanaya yerləşdirilib

Azərbaycan ərazisindəki tanınmamış “Dağlıq Qarabağ Respublikası”nda həbsdə saxlanılan Şahbaz Quliyevin səhhəti pisləşib, o, Yerevanda xəstəxanaya yerləşdirilib.

Şahbaz Quliyevin qohumu “Report”-a deyib ki, o, bundan sonra bir ay müddətində xəstəxanada saxlanılacaq:

“Bizə Şahbaz Quliyevin danışığı olan video görüntü gətirdilər. O, həmin görüntüdə bildirir ki, ödündən əməliyyat olunub, əməliyyatdan sonra səhhətində ciddi problemlər yaranıb və bir aydan sonra xəstəxanaya yerləşdirilib. Şahbaz deyir ki, həzm sistemində ciddi problem var, nə yemək yeyə bilir, nə də yediyi yeməyi normal həzm edə bilir”.

2014-cü il iyulun 10-da Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda Ermənistan silahlı qüvvələri tərəfindən saxlanılıb.

Kəlbəcərə yaxınlarının məzarını ziyarətə getdiyini deyən Azərbaycan vətəndaşları ilə bağlı həmin ilin dekabrında məhkəmə prosesi keçirilib. Tanınmamış “DQR”-də keçirilən məhkəmə Dilqəm Əsgərovu ömürlük, Şahbaz Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrum edib.

Hər iki Azərbaycan vətəndaşı Şuşa həbsxanasında saxlanılır.

Hazırda onlarla əlaqə yalnız Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri vasitəsilə mümkündür.

Ana səhifəXəbərlərŞahbaz Quliyevin səhhəti pisləşib