Şahbaz Quliyev Yerevanda müayinədən sonra saxlanılma yerinə qaytarılıb

”Sağlamlıq durumu normal vəziyyətdədir”

Source:


”Sağlamlıq durumu normal vəziyyətdədir”

“Separatçı Dağlıq Qarabağ rejiminin qeyri-qanuni məhkəməsi tərəfindən azadlıqdan məhrum edilmiş Quliyev Şahbaz Cəlal oğlu bu ilin avqust ayında müayinə məqsədi ilə aparıldığı Ermənistan Respublikasının Yerevan şəhərindən əvvəlki saxlanma yerinə geri qaytarılıb”.

Report.az-ın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına istinadən verdiyi xəbərə əsasən, məlumat aidiyyəti beynəlxalq təşkilatlar tərəfindən verilib.

“Saxlanma yerinə qaytarılma prosesi 2017-ci il oktyabrın 16-da həyata keçirilib”.

Bildirilib ki, zəruri müayinə prosedurlarını keçmiş Şahbaz Quliyevin səhhətində hər hansı problem aşkar edilməyib və sağlamlıq durumu normal vəziyyətdədir.

Şahbaz Quliyev müayinə üçün Yerevan şəhərinə aparılarkən və saxlanma yerinə geri qaytarılarkən müvafiq prosedurlara uyğun olaraq, Dövlət Komissiyası məlumatlandırılıb.

2014-cü il iyulun 10-da Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda Ermənistan silahlı qüvvələri tərəfindən saxlanılıb.

Kəlbəcərə yaxınlarının məzarını ziyarətə getdiyini deyən Azərbaycan vətəndaşları ilə bağlı həmin ilin dekabrında tanınmamış “DQR”-də məhkəmə prosesi keçirilib. 2015-ci il yanvarın 30-da məhkəmə Dilqəm Əsgərovu ömürlük, Şahbaz Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrum edib.

Hər iki Azərbaycan vətəndaşı Şuşa həbsxanasında saxlanılır.

Hazırda onlarla əlaqə yalnız Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri vasitəsilə mümkündür.

Ana səhifəXəbərlərŞahbaz Quliyev Yerevanda müayinədən sonra saxlanılma yerinə qaytarılıb