Valideyn: “Qızımın mənə danışdıqlarından şok keçirtdim”
Martın 12-də XI siniflər üçün keçirilən buraxılış imtahanından sonra sosial şəbəkələrdə Dövlət İmtahan Mərkəzi (DİM) ilə əlaqədar xeyli narazılıqlar var.
Şikayətçilərdən biri də Günay Musayeva adlı istifadəçidir.
O, “Facebook” hesabında yazıb ki, buraxılış imtahanına girişdə məsuliyyətli şəxslər onun övladının və digər oğlan və qız şagirdlərin üzərində alçaldıcı şəkildə yoxlamalar aparıb:
“Qızım bir çox 11-ci sinif şagirdləri kimi buraxılış imtahanına girdi. Evə gəlib mənə danışdıqlarından şokdayam. Uşaq özü şokda idi. Uşaqlar imtahan keçirilən binaya daxil olarkən onları girişdə çox alçaldıcı şəkildə yoxlayırlar. Oğlanlar və qızlar ayrı-ayrılıqda məsuliyyətli şəxslər tərəfindən əl ilə toxunularaq, alt paltarına kimi yoxlanırlar. Burada ətraflı deməyi özümə ayıb bilirəm, amma uşaqların bütün bədən üzvlərinə toxunmaq nə deməkdir?”
“Kimin ixtiyarı var ki, yeniyetmənin valideyni yanında olmadan onu bu şəkildə alçaltmağa, əl vurmağa kimin ixtiyarı var? Biz hansı cəmiyyətdə yaşayırıq? Bu, insan haqlarının pozulması deməkdir. Kimin ixtiyarı var ki, uşaqlarımızın hüququnu bu cür kobud formada pozsun, alçaltsın, psixoloji təzyiq göstərsin?!”, – şikayətçi yazıb.
Gender aktivisti Gülnarə Mehdiyeva da bu halın qəbuledilməz olduğunu deyir:
“Mən də bu cür yoxlamaya məruz qalmışam. Düşünürəm ki, bu, illərdir davam edir. Həmin dövrdə mən yeniyetmə idim, 17 yaşım vardı. Bu hərəkətin yanlış və ya doğru olması ağlıma gəlməmişdi. Təbii ki, bir yeniyetmənin bədəninə toxunmaq heç bir halda etik deyil”.
“Kiminsə paltarında nəyisə keçirib-keçirmədiyini yoxlamaqdansa, imtahan otaqlarında müşahidə kameralarını və nəzarəti gücləndirmək lazımdır. Məncə, bu, elə də çətin bir iş olmamlıdır. Yetkinliyi olan hər hansı bir şəxsə qarşı belə bir hərəkət alçaldıcıdır. Heç kimin ixtiyarı yoxdur ki, onun bədən nahiyyəsində “gəzişsin”, – deyə o bildirib.
Psixoloq Nərgiz Hüseynova isə hesab edir ki, bu kimi hallar gələcəkdə ciddi psixoloji travmalara səbəb ola bilər:
“Şagirdlərin toxunulmazlığı, sərhədləri pozulub. Əgər toxunan kişidirsə, bu onda gələcəkdə əks cinsin nümayəndələri ilə çətinliklər yarada bilər. Hətta özünə qapana bilər. Uşaq imtana girdiyi üçün zatən stress keçirir. Üstəlik, ona əlavə bir stress də veriblər. Həyəcan, təşviş kimi fəsadlara gətirib, çıxara bilər. İnsanlarla ünsiyyətdən qorxu ola bilər”.
Təhsil eksperti Elçin Əfəndi deyir ki, son dövrlər imtahanlar xüsusi cihazlar vasitəsilə yoxlanılır. Əgər üzərində “şparqalka” varsa, həmin cihaz avtomatik səs çıxarır. Yalnız həmin halda şagirdin üzəri yoxlanılır:
“Əgər valideynin dediyi kimidirsə, əlbəttə, bu, doğru deyil. Yoxlama prosesində məhz həmin cihazlardan istifadə olunmalıdır. İkincisi, müvafiq qurumlar da var, prosesə nəzarət edirlər. Bu kimi halların qarşısını almaq üçün tədbir görməlidirlər. İmtahan prosesində şəffaflıq və obyektivliyin qorunması da kiminsə sərhədlərini pozmaqla, diskomfort yaratmaqla nəticələnməməlidir. Onun bədəninin hansısa üzvünə toxunmaqla olmamalıdır. Cihazla yoxlamaq daha məqsədə uyğun olar”.
“Zaman-zaman olur ki, uşaqlar imtahana mobil telefonlar, smartfon və yaxud nələrisə keçirmək istəyiblər. Əsaslı şübhələr olacaqsa, düşünürəm ki, uşaqları yoxlamaq olar. Şagirdlərin bu şəkildə yoxlanması, təbii ki, kütləvi hal deyil. Bunu kütləvi şəkildə etmək heç bir normaya, çərçivəyə sığmır. Yoxlamalar da kamera altında keçirilir. Valideynin şikayəti varsa, müraciət etsin, dövlətin müvafiq qurumları bununla bağlı araşdırma aparsın. Həqiqətən də qanunsuzluq olubsa, mütləq həmin prosesi həyata keçirənlər cəzalarını alacaqlar”, – Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, təhsil eksperti İlqar Orucov Meydan TV-yə belə deyib.
Dövlət İmtahan Mərkəzindən Meydan TV-yə bildirilib ki, imtahanlarda iştirakçıların və imtahan materiallarının təhlükəsizliyinin təmin edilməsi, həmçinin iştirakçılar üçün bərabər səviyyəli imtahan mühitinin yaradılması məqsədilə imtahan binalarına girişdə buraxılış rejimi tətbiq olunur:
“Yoxlamalar etik davranış qaydaları çərçivəsində aparılır. Sənəd yoxlamasından keçən xanım iştirakçılar binanın foyesində öncədən onlar üçün ayrılmış yerlərə dəvət olunur və üst-başları xüsusi təlim keçmiş xanım əməkdaşlar tərəfindən, oğlan iştirakçıların üstləri isə daxili işlər orqanlarının peşəkar kişi əməkdaşları tərəfindən əl və ya metaldetektorla yoxlanılır. Uzun illərin təcrübəsinə əsaslanaraq təəssüf hissi ilə bildirmək istəyirik ki, iştirakçıların bəziləri imtahana gələrkən imtahan binasına keçirilməsinə icazə verilməyən vasitələri bədənlərinin müxtəlif nahiyələrində, paltar və ya ayaqqabılarında öncədən gizlətməklə buraxılış rejimindən keçirməyə cəhd edirlər”.
DİM-in açıqlamasında bildirilir ki, bu il 11-ci siniflər üzrə buraxılış imtahanı zamanı ümumilikdə 12 şagird tərəfindən üzərində öncədən müxtəlif üsullarla gizlətməklə mobil telefon və ağıllı qurğuların binaya keçirilməsi halı müəyyən edilib:
“Bütün inkişaf etmiş dövlətlərdə olduğu kimi bizim ölkədə də keçirilən kütləvi imtahanlarda tətbiq olunan buraxılış rejiminin ciddi aparılması iştirakçıların narahat edilməsi deyil, əksinə, hər kəsin təhlükəsizliyinin təmin olunmasına və şəffaf imtahan mühitinin yaradılmasına xidmət edir”.
Martın 12-də Dövlət İmtahan Mərkəzi tərəfindən Bakının Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami rayonlarında, Gəncə (II zona), Naxçıvan, Mingəçevir şəhərlərində, Abşeron, Samux, Daşkəsən, Ağstafa, Qazax, Tovuz, Sabirabad, Saatlı, İmişli, Qobustan, Zərdab, Şamaxı, İsmayıllı, Cəlilabad, Yardımlı, Lerik, Biləsuvar, Ağcabədi, Beyləqan, Füzuli, Ağdam, Zəngilan (Ağalı kəndi), Qax, Balakən, Zaqatala, Quba, Şabran, Qusar rayonlarında, həmçinin xüsusi məktəblərdə (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə), tədrisi gürcü dilində olan məktəblərdə, hərbi liseylərdə təhsil alan şagirdlər üçün buraxılış imtahanı keçirilib.
İmtahanda 50 mindən çox şagird iştirak edib.