Məktəblinin valideynləri Xaçmaz Rayon Polis Şöbəsinə müraciət ediblər
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri, yoxlamaya getdiyi məktəbdə 9-cu sinif şagirdini döyməkdə ittiham olunan Rüfət Hacıyev vəzifəsindən çıxıb.
Rüfət Hacıyevin Xaçmaz şəhər 4 saylı tam orta məktəbə yoxlamaya getdiyi, şagirdin sinifdə davranışından xoşu gəlmədiyi üçün döydüyü iddia olunur. Valideynlərdən biri deyib ki, uşaq fiziki qüsurludur, bunu direktordan tutmuş valideynlərədək hamı bilir. Uşağın sinifdə səs-küy salmasının səbəbi də məhz budur. Hacıyev şagirdi digərlərinin gözü qarşısında döyüb.
Məktəblinin valideynləri Xaçmaz Rayon Polis Şöbəsinə müraciət ediblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, hadisə ilə bağlı müraciət daxil olub. Hazırda müvafiq araşdırma aparılır.
Rüfət Hacıyev “Report”un regional qrupuna işdən çıxdığını təsdiqləyib:
“Bu gün vəzifəmdən ayrılıram, lakin bütün vücudumla sizlə birgə nazirliyimizin təhsil siyasətini dəstəkləməkdə davam edəcəyəm”.
Lakin o işdən təzyiqlə və ya öz istəyi ilə çıxdığını deməyib.