Sağalmaz döyüş yaraları, 50 min manatlıq borc və qazi həyatı


“Həyatımda ən böyük ağrını Şuşa işğal olunanda keçirmişəm. Amma indi ondan pis günlər yaşayıram” – deyən Qarabağ qazisi, tək döyüşdə aldığı yaraların ağrısından danışmır, həm də biganə münasibətdən yaşadığı üzüntülərindən söhbət açır.

Onların yaşadığı yerə bayram günü getmişdik. Martın 21-də Şuşadan olan məcburi köçkünlərin məskunlaşdığı Pirşağıda yerləşən Qızılqum sanatoriyasına baş çəkdik. Güclü yağış yağırdı. Açığı, axşam saatlarında sanatoriyanın ərazisində nə bir hənirti, nə də bayram sevinci vardı. Heç tonqal işartısına da rast gəlmədik. Bəlkə də səbəb yağan güclü yağışdı…

Qızılqum sanatoriyasına pənah aparan şuşalıların içində Şunasi Babayev də var. İkinci qrup əlil olan Qarabağ qazisi 3 övlad atasıdır.


“Borc dərdi mənim Şuşa dərdimi yaddan çıxarıb”

Açığı, nə ev bayram havasındaydı, nə də sakinləri. Süfrəni təsvir etmək istəmirəm. Çünki sanatoriya otağının sakini kimi o da sönükdü. Süfrəyə səməni belə qoyulmamışdı.

“Ən pis Novruz bayramını bu il qarşıladım. Həm maddi, həm də mənəvi cəhətdən. Bu bayram da dərd içindəyəm. Mənim həyatda bir dərdim olub – Şuşa. Kasıbçılığı, malı, pulu heç vaxt dərd etməmişəm. Ancaq indi vəziyyət elədir ki, borc dərdi mənim Şuşa dərdimi yaddan çıxarıb. Borcdan başqa heç nə haqda düşünə bilmirəm. Iki-üç ay buna qədər fikirləşirdim ki, heç kəs mənim banklara borclu olduğumu bilməsin. Ancaq sonra problem şişdi, əvvəl bir yerə, sonra başqa yerə yazdım. Öz gücümə bu böhrandan çıxmağa çalışdım, ancaq olmadı… Vəziyyət elə həddə çatıb ki, bu məsələ məndən ötrü məmləkət məsələsinə çevrilib” – deyir qazi.

Övladlarının yanında dərdini açmaq istəmir Ş.Babayev. Onları bir-bir çölə çıxarır.


“Ayağım ya kəsilməli, ya da davamlı müalicə edilməlidir”

Beş bacının bir qardaşı olduğunu deyən Şunası Babayev 1992-ci il martın 29-da Şuşada qrad mərmisindən yaralanıb. Yanında iki nəfər ölür, ancaq o sağ qalır. 22 dəfə əməliyyat olunub. Qarabağ qazisi Şuşadakı xəstəxanada ilkin tibbi yardım aldıqdan sonra Bakıya gətirilir. Travmatalogiya İnstitutunda 3 ay yarım müalicə alır. Həkimlər ayağını amputasiya etmək istəsələr də yaxınları buna razı olmayıb. Ancaq davamlı müalicə ala bilmir. Yarasından irin gəlir və sağalması uzanır. Dövlət xətti ilə Ukraynada və Almaniyada da əməliyyat olunub:

“Ukraynada əməliyyatdan biri düz 13 saat oldu. Öz bədənimdən ət kəsilib ayağıma calanıb. Həkimlər mənə ayaq yaratdılar. Ayağımda olan astemilit- sümüyün çürüməsi, irin gəlməsi dayanmadı. Dəfələrlə ayağımdan sümük kəsildi, qaşındı. Mən dəfələrlə əməliyyata girdim. Ağır əməliyyatlar Ukraynada, Almaniyada oldu. Digər əməliyyatları isə borc-xərclə Türkiyədə elətdirdim. Bütün əməliyyatlar ardıcıl olmalı idi. Ayağım ya kəsilməli, ya da davamlı müalicə edilməlidir. Xaricdə də həkimlər mənə davamlı müalicəni məsləhət görmüşdülər. O vaxtı böyük kastillərlə, ayağımdan çirk axa-axa dövlət idarələrinə müraciət elədim. Ancaq müsbət cavab ala bilmədim”.

Sabunçu rayon İcra Hakimiyyətinə müraciət edən qazi başçının humanitar məsələlər üzrə birinci müavini ilə görüşə bilir. Buna da səbəb növbəti əməliyyat üçün Almaniyaya getməyə vəsait axtarışı olur:


Borcların üzünə yol açan bağlı qapılar

“Həyatımda ən böyük ağrını Şuşa işğal olunanda keçirmişəm. Amma indi ondan pis günlər yaşayıram. Başçının müavini mənə elə sözlər dedi ki, yer yarılsaydı yerə girərdim. Ondan kömək istəyəndə mənə “bəzi adamlar elə bilirlər ki, humanitar məsələlər əlillərə kömək etmək deməkdir. Humanitar məsələlər üzrə  kömək uşaq evləri, internatlara, məktəblərə köməklik etməkdir. Əlillərə kömək etmək bizim işimiz deyil” dedi. Mən də bir az üzlülük edib yol puluma 100 manat, 200 manat kömək etməklərini xahiş etdim. Dedi heç nə mümkün deyil. Baxdım ki, başının üstündə Azərbaycan bayrağı var. Bir zaman Şuşada Sovet Ordsunun qarşısında Azərbaycan bayrağını qalaya sancmağımı xatırladım. Mən o bayrağı sancmaq üçün həyatımı risqə atırdım. İndi gör kimin başının üstündədir…”.

Sabunçu İcra Hakimiyyətindəki məsul işçinin bu sözlərindən ağır təsirlənən Qarabağ qazisi borclarını qapatmaq üçün banklardan kredit götürməyə başlayır. Əvvəlcə özünün, sonra isə ailə üzvlərinin, qohumlarının adına kredit alır:


“Bu vəziyyətə düşəcəyimi bilsəydim, ayağımı dibindən kəsib atardım”

“Müalicələrimi başa çatdırdım. Əslində tam başa çatdırmadım. Almaniyada daha bir ağır əməliyyat olunmalıyam. Amma borclar imkan vermədi. Mənim ümumilikdə 50 min manat borcum var. Onun yarısı Ukraynaya, Almaniyaya, Türkiyədəki  müalicələrə gedəndə yarandı. Mən bu vəziyyətə düşəcəyimi bilsəydim ayağımı dibindən kəsib atardım. Nə zülümlər çəkdim. Heç erməniyə də bu vəziyyətimi arzu eləmərəm” – deyir Şunasi Babayev.

Yaralanmasının bir ilindən sonra 9 ay yataqda yatan qazi, əməliyyatdan sonra kastellə ayağa qalxır. Növbəti əməliyyatlardan sonra ayağının vəziyyəti yaxşılaşır, ortopedik ayaqqabı, eləcə də çəliyin köməkliyilə gəzməyə başlayır. Heç bir yerdən gəliri olmadığına görə yaşadığı sanatoriyanın qarşısında balaca dükan açdırır. Növbəti borcu dükan üçün götürür. Ancaq burada da uduzur:


Borclarla birgə dərdlər də artdı

“Satıcılarım məni aldatdı. Mən tez-tez müalicəyə gedirdim. Əməliyyatlardan sonra bir neçə ay evdə qalırdım. Çölə çıxa bilmirdim. Övladlarım da nəzarət edə bilməzdi, çünki balaca idilər. Yoldaşım da uşaqlarla məşğul olurdu. İndi oğlumun biri leytenantdır. Ancaq zaman keçdikcə satıcılarımın mənə kələk gəldiyini anladım. Onlar kim idi? Mənim kimi məcburi köçkün idilər. Başqa millət deyildilər ki… Mənim banklardan müalicəmin pulunu və dolanışığımızı ödəmək üçün götürdüyüm kreditləri satıcılarım havaya sovurdu. Şikayət də edə bilmirdim. Tutduğum yer qanunsuz hesab olunurdu. Düz sanatoriyanın qarşısında dükan açmışdım”.


Ümid dolu cavabsız məktublar

Səhiyyə Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Heydər Əliyev Fonduna, ölkə başçısına, birinci lediyə ərizələr, məktublar yazır. Həmin ərizələrin də ünvanına gedib çatmadığını düşünür. Çünki ərizələrinə və məktublarına indiyə qədər müsbət cavab ala bilməyib:

“Bilirəm ki, məktubum onlara çatmır. Çatsa yəqin ki, köməklik olunardı. Fonda, prezidentə məktub yazmışam. Hətta teleqram da vurmuşam. 2-3 ildə 20-dən artıq ərizə yazmışam. Ümidim var ki, yazıram. Ümidim olmasa yazmaram, göndərmərəm. Hər ərizədə məndən bir ümid gedir kaş ki, oxuyalar. Artıq sponsor axtarmaqdan da bezmişəm, hər dəfə ona-buna ağız açmaqdansa, ölmək ondan yaxşıdır” – deyir qazi.

Zaman-zaman bank işçiləri ilə də problemlər yaşayır. İntihar həddinə çatır. Bəzi bank işçilərinin onu təhqir edir:


“Ürəyim niyə partlamadı, bilmirəm…”

“Heç deməzdim Qarabağ əlili olduğumu. Ancaq elə vəziyyətə düşdüm ki, bunu dedim. Gözümə elə göründü ki, rəhmətlik Zaur kimi özümü bankda yandırıram. Bunu bank işçisinə də dedim. O da mənə qayıtdı ki, özünü yandıran olsaydın, belə vəziyyət yaratmazdın. O sözdən sonra ürəyim niyə partlamadı bilmirəm…”

Şunasi Babayev bu gün borcunun onu kiçiltdiyini, qorxutduğunu söylədi.

 “Qrad mərmisinə diksinməyən Şunasi telefon zənglərindən qorxur. Zəng gələndə bank işçilərinin məni axtardığını bilirəm. Cüssəmə baxmayın. Mən abırsız adam deyiləm. Borclu olduğum adamların yanında dilim qısadır”.

Qarabağ qazisi 22 ildir Şuşanın qayıdacağı günü gözləyib. Buna görə nə ev növbəsinə dayanıb, nə də kimdənsə ev istəyib. Qazı olmayan sanatoriya binasının dar, soyuq otaqlarında yaşamağı özünə ar bilməyib. Ancaq bu gün borclarını qaytara bilmədiyinə görə “kaş ki, dövlətdən ev alaydım. İndi satıb borcumu ödəyərdim” – deyir:

“İndi çox həssas olmuşam. Az qalıram ağlayım. Çox utanıram. Borclarım daha da ağırlaşdı və get-gedə ağırlaşmaqda davam edir. Kreditləri qapatmaq üçün digər bankdan, onu qapatmaq üçün başqa bankdan pul götürdüm. Nəticəsi də belə oldu. İndi mən sadəcə borclarımı ödəmək üçün bank axtarıram ki, pensiya kartımı alıb, kredit borclarım ordan tutsunlar. Təki mən bu utancdan qurtulum. Vaxtilə övladlarım mənə qəhrəman kimi baxırdılarsa, indi onların yanında bank işçilərinə yalvarmaq məni çox ağrıdır. Bu işdə mənə kömək edin” – deyir, II qrup Qarabağ qazisi, polis kapitanı Şunasi Babayev.

Ana səhifəVideoSağalmaz döyüş yaraları, 50 min manatlıq borc və qazi həyatı