Xəbərdarlıq almayan restoranlar arasında yasaqlanan günlərə sifariş alanlar da var
Avropa Yay Oyunları günlərində Bakıda toy keçirilməyəcək. Səbəb paytaxtda tıxacların aradan qaldırılması, şəhərdə sıxlığın qarşısının alınmasıdır.
Şadlıq saraylarına iyunun 12-dən 28-dək toy mərasimləri ilə bağlı sifariş qəbul etməmək barədə xəbərdarlıq olunub. Məlumatı mediaya açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov da təsdiqləyib. O, bu addımın Avropa oyunları günlərində yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün atıldığını deyib.
Şadlıq evləri toy qadağası ilə bağlı xəbərdarlıq alıblarmı?
“Neolit” şadlıq sarayına rəsmi xəbərdarlıq daxil olub. Restoran əməkdaşı bildirdi ki, məktubu bir gün öncə alıblar:
“Qadağayla bağlı artıq bizə rəsmi məktub göndərilib. Ancaq onu da deyim ki, xəbərdarlıqdan öncə də həmin günlərdə toyla bağlı müraciət edən olmayıb. Çünki sözügedən tarixə hələ çox var. Ancaq indi iş dəyişib. Xəbərdarlıq aldığımızdan 12-28 iyun tarixlərinə toy qəbul etməyəcəyik”.
Nizami rayonunun 8-ci kilometr ərazisində yerləşən “Xan Sarayı” şadlıq sarayı isə hər hansı xəbərdarlıq almayıb:
“Bizə olimpiya oyunları zamanı toyların keçirilməyəcəyi ilə bağlı hər hansı xəbərdarlıq edilməyib. Bu haqda ancaq eşitmişik”.
“Meridian” şadlıq sarayı da qadağayla bağlı heç bir rəsmi xəbərdarlıq almayıb. Restoran əməkdaşı bildirdi ki, əgər bu haqda rəsmi məlumat daxil olmasa, toylar baş tutacaq:
“Artıq həmin tarixlər üçün müraciət edənlər də var. 12-28 iyun tarixlərində bir neçə gün indidən bron edilib”.
“Sarı gəlin” şadlıq sarayı 12-28 iyun tarixlərinə toy mərasimi salmayıb. Restorandan bildirildi ki, əgər bununla bağlı hər hansı bir tapşırıq varsa, bu,bütün restoranlar kimi onlara da şamil olunacaq:
“Hələlik bizə rəsmi müraciət daxil olmayıb. Ancaq bu haqda eşitmişik və o tarixlərə olan toy sifarişlərinin vaxtını sifarişçilərlə razılaşdıraraq dəyişdik”.
“Əməl edən edəcək, etməyən də kiçik restoranlara, çadır toylarına üz tutacaq”
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu qadağada pis heç nə görmür. Düşünür ki, bəlkə də hökumət bir neçə günə bu qərarını dəyişəcək. Çünki kənar restoranlar var ki, onlarda toy etmək Avropa Olimpiya Oyunlarının gedişatına təsir etməyəcək:
“Yox, əgər qadağa olduğu kimi qalsa, onda da əməl edən edəcək, etməyən də kiçik restoranlara üz tutacaq. Hətta çadır toyu da edənlər olacaq”.
Ekspert hesab edir ki, bu qadağa əslində əhalinin təhlükəsizliyi üçün düşünülüb: “Çünki Avropa Olimpiya Oyunları zamanı Bakıya dünyanın müxtəlif ölkələrindən insanlar gələcək. Şəhərdə insanların sayı artacaq. Belə olan halda toy sahiblərinə toylarını oyunlar bitəndən sonra sakitçilikdə etmələri daha sərfəli ola bilər. İndi yenə deyirəm, bu təklifi qəbul edənlər toy tarixini ertələyəcək. Ancaq qəbul etməyənlər də ola bilər ki, onlar gedib kənardakı restoranları seçəcək və ya kiçik banket zallarında toy edəcəklər”.