“Vergilər naziri Fazil Məmmədovla 20 illik haqq-hesabım, yaxın münasibətim olub”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şair Saday Şəkərlinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə məhkəmə istintaqının başlanması barədə qərar elan edilib. Dövlət ittihamçısı ittiham aktını elan edib. İttiham aktına görə, Saday Şəkərli hədə-qorxu ilə pul tələb edib.
İttiham aktı elan olunduqdan sonra Saday Şəkərli ifadə verib. O, ittihamla razılaşmadığını deyib: “Elan olunan ittiham üzrə özümü təqsirli bilmirəm. Bütün ittihamlar bir hekayənin məzmunudur. Mən heç kimə zəng edib, hədə-qorxu gəlməmişəm. Mən “Bakcell” operatoruna məxsus telefon nömrəsi istifadə etmişəm. Başqa bir telefonum və nömrəm olmayıb. Vergilər naziri Fazil Məmmədovla 20 illik haqq-hesabım, yaxın münasibətim olub. Nazir həmişə mənim şerimə hörmətlə yanaşıb. Dəfələrlə Vergilər Nazirliyində nazirin qəbulunda olmuşam. Həmişə çap olunan kitablarımın ilk nüsxəsini nazir Fazil Məmmədova təqdim etmişəm. O, mənim yaradıcılığıma hər zaman qiymət verib. Sonuncu çıxan kitabımı da ona təqdim etdim. Bundan sonra Vergilər Nazirliyinin əməkdaşı məni nazirliyə dəvət etdi. Əvvəl bütün sənədlərimi əlimdən aldılar. Sonra nazirliyin əməkdaşı Asif Cahangirovla 4 dəqiqə söhbətim oldu. O, mənə 10 min manat pul təklif etsə də, onu qəbul etmədim. Asif Cahangirov zorla pulu mənə verdi. Bu zaman korrupsiyanın əməkdaşları otağa daxil oldu. Onlar mənə dedilər ki, sən hədə-qorxu ilə Vergilər Nazirliyindən pul tələb etmisən”.
Məhkəmə prosesi aprelin 6-da davam etdiriləcək.
Baş Prokurorluğun yaydığı məlumata görə, Saday Şəkərovun (Saday Şəkərli) külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. S.Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.