Sabiq prezident Əbülfəz Elçibəyin doğum günüdür

O, uzun sürən ağır xəstəlikdən sonra 2000-ci ilin avqustun 22-də Türkiyənin Gülhanə Hərbi Tibbi Akademiyasında vəfat edib

Source:
Əbülfəz Elçibəy
Əbülfəz Elçibəy
Əbülfəz Elçibəy
Əbülfəz Elçibəy


O, uzun sürən ağır xəstəlikdən sonra 2000-ci ilin avqustun 22-də Türkiyənin Gülhanə Hərbi Tibbi Akademiyasında vəfat edib

İyunun 24-ü Azərbaycan milli azadlıq hərəkatının lideri, sabiq prezident Əbülfəz Elçibəyin doğum günündür.

Əbülfəz Elçibəy 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. 1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilən Əbülfəz bəy 1964-cü ilin okyabrına kimi Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışıb. Xarici ezamiyyətdən dönərək 1965-ci ildə BDU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb. “Tulunilər dövləti (868-905)” mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb (1969). BDU-nun “Asiya və Afrika ölkələri tarixi” kafedrasında müəllim və baş müəllim işləyib (1968-1975).

1975-ci ilin yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adıyla həbs edir və 17 iyul 1976-cı ilədək siyasi dustaq olaraq azadlıqdan məhrum edir. Əsasən Qaradağ daş karxanasında ağır fiziki işlərə məhkum edilmişdir.

Həbsdən buraxıldıqdan sonra bir müddət işsiz qalır. 1976-cı ilin dekabrında AMEA Azərbaycan EA Əlyazmalar İnstitutunda kiçik elmi işçi kimi elmi fəaliyyətə başlayır. Sonralar böyük elmi işçi, şöbə müdiri, aparıcı elmi işçi elmi rütbə və vəzifələrə qədər yüksəlir (16.07.1992-ci ilədək).

 O, 1988-ci ildə Azərbaycanda başlayan xalq hərəkatının öndərlərindən biri, Azərbaycan Xalq Cəbhəsini yaradanlardan olub.

Onun haqqında vikipediyada belə yazılıb: Azərbaycanlı dövlət, siyasi və ictimai xadim, dissident, Azərbaycan Xalq Cəbhəsinin lideri və Azərbaycan Respublikasının ikinci prezidenti (1992-1993). Azərbaycan tarixində xalq tərəfindən, demokratik seçkilər yolu ilə seçilən ilk və yeganə prezident.

1992-ci ildə prezident seçilən Əbülfəz Elçibəy bir il sonra Gəncədə başlayan qiyam nəticəsində Bakını tərk edərək Kələkiyə gedib. Milli Məclisin qərarı ilə səlahiyyətləri ləğv edilən Əbülfəz Elçibəy fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi davam etdirib. Uzun sürən ağır xəstəlikdən sonra 2000-ci ilin avqustun 22-də Türkiyənin Gülhanə Hərbi Tibbi Akademiyasında dünyasını dəyişən Əbülfəz Elçibəyin nəşi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn edilib.

Ana səhifəXəbərlərSabiq prezident Əbülfəz Elçibəyin doğum günüdür