Məmurun oğlu məhkəmədə xalasıoğlu haqda danışıb
Azərbaycan Dövlət Dəmiryolları QSC-nin sabiq sədri Arif Əsgərovun baldızı oğlu Emil Hüseynovun cinayət işi üzrə oktyabrın 6-da məhkəmə prosesi davam edib.
Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Arif Əsgərovun oğlu Elnar Əsgərov ifadə verib. O, xalası oğlunun biznes əlaqələrindən, gördüyü işlərdən xəbəri olmadığını deyib.
Proses oktyabrın 12-də davam edəcək.
E.Hüseynov vətəndaş Tural Hüseynovun etibarından sui-istifadə edərək, ondan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar və Mərziyyə Rzayevadan isə 19 min 500 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Həmin şəxslərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayət işi başlanılıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur. Cinayət materiallarına əsasən, E.Hüseynov Gürcüstan Respublikasından izolyasiya və digər materiallar gətirmək adı ilə həmin vətəndaşları aldadıb. E.Hüseynov 2016-cı ilin dekabr ayında “İnrerpol” xətti ilə Qazaxıstanda həbs edilərək Azərbaycana təhvil verilib.
Barəsində həbs qətimkan tədbiri seçilən E.Hüseynov məhkəməyə müraciət edib və bunun ev dustaqlığı ilə əvəz edilməsini istəyib. Səbael Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin edilib və E.Hüseynov məhkəmə zalından azadlığa buraxılıb.
Arif Əsgərovun digər baldızı oğlu Rahib Hüseynov da dələduzluqda təqsirli bilinərək həbs edilmiş, daha sonra azadlığa buraxılmışdı. Rahib Hüseynovun adı 48 milyon manatlıq mənimsəmə işində hallanır.
Arif Əsgərov 2004-2015-ci illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışıb. O, 2015-ci ildə prezidentin fərmanı ilə tutduğu vəzifədən azad edildi. Başqa bir fərmanla o, nəqliyyat nazirinin müavini təyin edilib.
Bu dələduzluq işlərində A.Əsgərovun oğlu, “Liman Group” şirkətinin rəhbəri Elnar Əsgərovun da adı hallanır.