Amma Rüfət Səfərov barəsində istintaq hələ davam edir
Zərdab Rayon Prokurorloğunun sabiq müstəntiqi Rüfət Səfərov yanvarın 22-də ev dustaqlığına buraxıldı.
Bu barədə Meydan TV-yə məlumatı vəkil Bəhruz Bayramov verib.
Vəkil bildirib ki, qərar onun üçün sevindirici və gözlənilməz olub.
Bəhruz Bayramov deyib ki, Rüfət Səfərovun ev dustaqlığına buraxılması haqqında Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdilər. Eyni zamanda, həbs-qətimkan tədbirinin dəyişdirilməsi haqda apellyasiya şikayəti vermişdilər: “Binəqədi Rayon Məhkəməsi şikayətimizə baxaraq, Səfərovun ev dustaqlığına buraxılması haqqında qərar çıxardı. Onun buraxılmasına tam əsas var idi. Amma istintaq hələ davam edir”.
Yanvarın 15-də Zərdab Rayon Prokurorluğunun sabiq müstəntiqi R.Səfərov haqda Binəqədi rayon Məhkəməsinin qərarına əsasən Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi.
R.Sədərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlunun oğludur.