Sabiq icra başçısının həbs müddəti uzadıldı

Source: Trend

Baş Prokurorluğun təqdimatı təmin edilib

Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədovun həbsindən 1 il 1 ay keçsə də, onunla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan istintaq araşdırmaları hələ yekunlaşmayıb. Bu səbəbdən onun istintaq dövründə həbsdə saxlanma müddətinin uzadılması üçün yenidən məhkəməyə müraciət olunub.

Baş Prokurorluqdan verilən təqdimata Səbail Rayon Məhkəməsində baxılıb. Təqdimat təmin edilib və sabiq icra başçısının barəsində həbs qətimkan tədbirinin müddəti daha 5 ay uzadılıb.

Alimpaşa Məmmədov 2021-ci il aprelin 26-da DTX əməkdaşlarının Şəmkir Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində şübhəli şəxs qismində saxlanılaraq, Bakıya gətirilib. Bir gün sonra – aprelin 27-də prezident onun icra başçısı vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb. Aprelin 28-də isə ona bir neçə maddə ilə ittiham elan edilib və həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılıb.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 193-1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) və 311-ci (rüşvət alma) maddələrilə ittihamlar irəli sürülüb.

Alimpaşa Məmmədov 2014-cü ilin oktyabrından həbs olunana qədər Şəmkirin icra başçısı vəzifəsində çalışıb. Bundan əvvəl isə o, vergi orqanlarında müxtəlif vəzifələrdə işləyib.

İcra başçılarının həbs dalğası 2019-cu ilin dekabrında Yevlax və Ağstafada başlayıb. Daha sonra Neftçala, Biləsuvar, İmişli, Kürdəmir, Cəlilabad rayonlarında davam edib.

Ana səhifəXəbərlərSabiq icra başçısının həbs müddəti uzadıldı