Sabiq icra başçısı və AXCP funksionerlərinin məhkəməsi başlayır

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil

Source:
Saleh Rüstəmov
Saleh Rüstəmov


Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil

Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmli, qardaşı oğlu Vidadi Rüstəmli və onlarla eyni cinayət işi üzrə təqsirləndirilən AXCP funksionerləri – partiyanın Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli və Nərimanov şöbəsinin sədri, Qarabağ döyüşçüsü Babək Həsənovun işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu barədə B.Həsənovun vəkili Cavad Cavadov məlumat yayıb.

Bu cinayət işinə hansı hakimin baxacağı, məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Cəbhəçilərin yaxınlarının Meydan TV-yə bildirdiyinə görə, onların ailə üzvlərilə görüşmək və telefonla danışmaq hüququna qoyulan qadağa hələ də aradan qaldırılmayıb: “Deyirdilər ki, istintaq sirrinin yayılmasına görə bu qadağanı tətbiq ediblər. Artıq istintaq bitib, amma yenə də bu hüquq pozuntusu davam edir. Deməli, istintaq sirri məsələsi bəhanə idi. Məqsəd bu cür üsullarla adamlara daha çox əziyyət verməkdir”.

A.Məhərrəmli, R.Nəsirli və B.Həsənov mayın 25-də həbs olunub. Onların həbsi barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə açıqlama yayaraq, AXCP funksionerlərini onlardan təxminən iki həftə öncə həbs olunmuş Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmli ilə birlikdə çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham edib.

Uzun illərdir Moskvada biznes fəaliyyətilə məşğul olan S.Rüstəmli DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunmuşdu. Ona əvvəlcə narkotik saxlama ittihamı verilmişdi. S.Rüstəmlinin vəkili ilə görüşünə, ailə üzvlərilə əlaqə saxlamasına imkan verilmirdi. Daha sonra onun qardaşı oğlu V.Rüstəmlini həmin idarənin əməkdaşları həbs elədi. Ona da eyni ittiham verildi.

Onların yaxınları narkotik ittihamının saxta olduğunu bildirirdilər. Elə həmin ərəfədə eyni gündə AXCP-nin üç funksioneri həbs olundu. Bundan sonra Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayaraq, onları cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılmasında ittiham etdi. İddia olunurdu ki, S.Rüstəmli Rusiyadan AXCP-yə pul göndərib, həbs edilmiş cəbhəçilər də həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırıblar. İttihamda söhbət 412 min dollardan gedir.

Lakin S.Rüstəmli də, cəbhəçilər də ittihamı rədd edir. AXCP üzvləri həbs olunduqdan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını bildirib, bununla əlaqədar prokurorluğa, məhkəməyə şikayətlər göndəriblər. Yerli məhkəmələr şikayətləri təmin etmədiyindən onlar Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediblər.

AXCP sədri Əli Kərimli də cinayət işinin və həbslərin AXCP-yə qarşı növbəti repressiya dalğası olduğunu bildirib. Deyib ki, S.Rüstəmli ilə uzun illərdir dostdular. Rusiyada biznes fəaliyyətilə məşğul olan dostu bir neçə dəfə ona yardım edib. Ümumilikdə ona göstərilən maddi yardımın məbləği isə 5-6 min manatdan çox deyil.

Ana səhifəXəbərlərSabiq icra başçısı və AXCP funksionerlərinin məhkəməsi başlayır