Saatlı sakini: Baş həkim məni hədələyir

Deyir ki, öz dərmanlarını almağa imkan tapmır, pensiyasının bir hissəsini həyat yoldaşının dərmanlarına, bir hissəsini dolanışığa xərcləyir.

Source: Foto: Meydan TV


Elvin İsayev deyir, talassemiya xəstəsi olan həyat yoldaşının şikayətinin Meydan TV-də dərc olunması baş həkimi qəzəbləndirib

“Baş həkim deyir, niyə Meydan TV-yə şikayət eləmisiz? İndi ki, belə oldu, nə qədər mən burda baş həkiməm, sənin arvadına əlillik təyin olunmasına imkan verməyəcəm”.

Mayın 30-da Meydan TV Saatlı sakini, 27 yaşlı

Fəridə İsayeva

nın şikayətini dərc etmişdi. Fəridə xanım yeniyetmə yaşlarından talassemiyadan əziyyət çəkir. Hazırda iki azyaşlı övladı var. Şikayətində bildirmişdi ki, əlillik təyin olunması üçün müracirət etsə də, Saatlı Rayon Mərkəzi Xəstəxanası onun xəstəliyi ilə bağlı məlumatları (Forma 88) Tibbi-Sosial Ekspert Komissiyasına yarımçıq göndərdiyinə görə Komissiya əlillik təyin etmir. Xanım iddia edir ki, xəstəxana rəhbərliyi bunu rüşvətsiz etmir, elə rüşvət vermədiyi üçün sənədləri hər dəfə yarımçıq doldurub göndərir. Komissiya da hər dəfə “sənədlər natamam doldurulub” yazaraq sənədlərə baxmaqdan imtina edir. Meydan TV Fəridə İsayevanın şikayətini işıqlandırdıqdan sonra Komissiya tərəfindən eyni səbəb qeyd edilməklə növbəti imtina göndərilib. Fəridə xanımın həyat yoldaşı Elvin İsayev Meydan TV-yə deyir ki, material dərc olunduqdan sonra gələn imtina cavabını aydınlaşdırmaq üçün xəstəxananın baş həkiminin yanına gedib.


“Deyir, Qaralovun qohumuyam, səni rayondan didərgin salaram”

“Baş həkim deyir, darıxma, sənin başına oyun açacam. Məni hədələyir, deyir, səni rayondan didərgin salacam. Elə əvvəldən də həmişə hədələyirdi ki, baş prokuror Zakir Qaralovun qohumuyam, get, hara istəyirsən şikayət elə. Zakir Qaralov gedib, qohum-əqrəbası hələ də vətəndaşları onun adından istifadə etməklə hədə altında saxlayır. Deyir, nə qədər ki, mən burda baş həkiməm, arvadına əlillik təyin olunmasına imkan verməyəcəm. Min dəfə də müraciət etsə, əngəlləyəcəm. Mən hara, kimə müracirət edim ki, bu özbaşınalığın qarşısı alınsın? Adam özünü həkim kimi aparmır, həkim belə olmur. Talassemiyalı xəstəylə belə davranana həkim deyilməz. Dövlət belə xəstələrə əlillik təyin edir, pensiya kəsir, bu baş həkim özünü elə aparır ki, sanki xəstəyə pensiya bunun cibindən ödəniləcək. Özüm də əlil adamam, bütün əsəblərimizi pozub, həyat yoldaşım da hər dəfə imtina cavabı gələndə məyus olur, əsəb keçirir. Biz görmüşük həkim xəstənin qeydinə qalar, bizdə tərsinədir, baş həkimimiz əlillərin, xəstələrin ömrünə qənim kəsilib sanki…”, – şikayətçi deyir.


“Hansı xoşbəxt günümüzə ”şirinlik” verək bunlara?..”

Elvin İsayev əlil kimi 250 manat pensiya alır. Deyir ki, öz dərmanlarını almağa imkan tapmır, pensiyasının bir hissəsini həyat yoldaşının dərmanlarına, bir hissəsini dolanışığa xərcləyir. Düşünür ki, həyat yoldaşına əlillik təyin olunsa, 130 manat pensiya ala bilər, bu da öz dərmanlarını almasına maddi dəstək olar:

“Əlildən, talassemiya xəstəsindən necə “şirinlik” ummaq olar axı? Adam heç cür ağlına sığışdırmır. Bunlar günah etməkdən qorxmurlar. Çox xoşbəxt gündəyik ki, hələ pul da paylayaq? Apteklərdən dərmanı, mağazalardan çörəyi nisyə alıb yeyən adamlarıq. Hansı günümüzə sevincək olub “şirinlik” paylayaq bunlara?”


Baş həkim: “Mən xuliqanam”

Baş həkim Səidə Şahpələngova isə Elvin İsayevin dediklərini yalanlayır:

“Mən xuliqanam adam hədələyim? Səsimi yazıb, əlində hansı sübut var ki, gedib belə məlumat yayır? Mən onu bu sözlərə görə məhkəməyə verəcəm. İndi nə edək ki, onun həyat yoldaşına pensiya kəsmirlər? Tibbi-Sosial Ekspert Komissiyası hamıya şablon cavab göndərir. Halbuki biz lazım olan sənədləri vermişik, indi nə edək ki, onlara belə cavab verilir? Bizim bu məsələdə heç bir rolumuz yoxdur. Mənim də nə Zakir Qaralovla əlaqəm var, nə də hansısa xəstəni hədələmişəm”.

Hüquqşünas Namizəd Səfərov deyir ki, əgər Tibbi-Sosial Ekspert Komissiyası sənədlərin yarımçıq olduğunu deyirsə, o zaman xəstəxana da sorğu göndərib hansı sənədlərin tələb olunduğunu dəqiqləşdirməlidir:

“Bu, xəstəxana ilə komissiya arasında həll olunmalı məsələdir, onun əlilliyi olan şəxsə aidiyyatı yoxdur”.

Ana səhifəBölgəSaatlı sakini: Baş həkim məni hədələyir