Təşkilat jurnalistlərin akkreditasiyasının dərhal bərpa olunmasını tələb edib
Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) Azərbaycan hakimiyyətini bu ölkədə fəaliyyət göstərən xarici KİV-lərin akkreditasiyasının ləğvinə görə tənqid edib.
RSF avtoritar rejimin mətbuat azadlığına təzyiqlərini gücləndirən bu özbaşına qərarı pisləyib və jurnalistlərin akkreditasiyasının dərhal bərpa olunmasını tələb edib.
“Son bir aydır ki, xarici KİV-lərdə çalışan jurnalistlərə Azərbaycanda xəbərləri işıqlandırmaq qadağan edilib, çünki ölkə hakimiyyəti akkreditasiyalarını geri götürməyə başlayıb və bu, onların reportajlarını davam etdirmələrini hüquqi cəhətdən qeyri-mümkün edir”.
“1994-cü ildən Azərbaycandan reportajlar yayımlayan Britaniya Yayım Şirkəti (BBC) 2025-ci il fevralın 13-də Bakı ofisini bağlamaq məcburiyyətində qalıb. Amerikanın biznes xəbər saytı “Bloomberg” və “Amerikanın Səsi” dövlət mediasının media işçiləri də akkreditasiyalarının ləğv edildiyini gördülər. “Reuters”in nümayəndəsi də RSF-yə təsdiqləyib ki, bu agentlik üçün işləyən iki müstəqil jurnalistin daha Azərbaycanda akkreditasiyası yoxdur. Çünki hökumətin yeni siyasətinə görə, hər bir xarici media orqanına yalnız bir akkreditə verilir”,- RSF-nin bəyanatında deyilir.
Bəyanatda deyilir ki, jurnalistlərdən diplomatik münaqişələrdə, xüsusən də saxta “qarşılıqlıq” bəhanəsi ilə “piyada” kimi istifadə oluna bilməz.
“Bu özbaşına qərarlar mətbuat azadlığına növbəti ağır zərbədir və Azərbaycanı kənar nəzarətdən daha da təcrid etmək məqsədi daşıyır. Biz hakimiyyət orqanlarını ləğv edilmiş akkreditasiyaları dərhal bərpa etməyə və xarici medianın tam redaksiya müstəqilliyi ilə işləmək azadlığına zəmanət verməyə çağırırıq”, – RSF-nin Şərqi Avropa və Orta Asiya bölməsinin başçısı Janna Kavelye deyib.
Bəyanatda həmçinin bildirilir ki, Azərbaycanda təzyiqlərlə təkcə xarici media üzləşmir. “Turan” informasiya agentliyi də 2025-ci il fevralın 13-də iqtisadi səbəbləri əsas gətirərək fəaliyyətini dayandırıb.
“Vaxtaşırı kiberhücumlara və hökumət mediasında qarayaxma kampaniyasına tuş gələn “Turan”ın bağlanması rejimin müstəqil xəbər işini boğmaq qətiyyətini göstərir. Bütün bunlar 2023-cü ilin noyabrında “AbzasMedia” araşdırma saytının baş redaktoru Sevinc Vaqifqızının həbsindən sonra Azərbaycanda jurnalistlərə qarşı repressiyaların güclənməsi fonunda baş verir. Hazırda ölkədə ümumilikdə 24 jurnalist özbaşına saxlanılır ki, bu da İlham Əliyevin 2003-cü ildə hakimiyyətə gəlişindən bəri ən yüksək rəqəmdir”,- RSF bildirir.
2024-cü il dekabrın 18-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın bir neçə mətbu və media orqanına müsahibəsində demişdi ki, Azərbaycan mediası xaricdən hətta 1 faiz belə maliyyələşə bilməz.
“Biz ABŞ-də media maliyyələşdirmirik. Niyə onlar bizim medianı maliyyələşdirməlidirlər?! Lazım deyil. Onlar “Amerikanın səsi” və “Azadlıq” radiosu kimi əlaltı resursları vasitəsilə gecə-gündüz xalqımıza, ölkəmizə qara yaxırlar, Ermənistan üzərində qələbəmizə kölgə salırlar”, – İlham Əliyev qeyd edib.
2025-ci ilin əvvəlindən başlayaraq müxtəlif tarixlərdə Azərbaycanda “BBC News”, “Sputnik”, “Amerikanın səsi”, “Bloomberg”in müxbir akkreditasiyaları ləğv edilib.
Azərbaycan Xarici İşlər Nazirliyi bu addımları “qarşılıqlıq” prinsipi ilə əsaslandırır. Yəni Azərbaycandakı xarici jurnalistlərin sayını xaricdəki azərbaycanlı jurnalistlərin sayı ilə balanslaşdırmaq istədiyini bildirir.