Rüstəm İbrahimbəyov filminə görə tənqid olundu

Filmdə baş verənlərin mənası kobud və qərəzli şəkildə təhrif edilib

Source:
Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov


Filmdə baş verənlərin mənası kobud və qərəzli şəkildə təhrif edilib

Rüstəm İbrahimbəyovun ssenari müəllifi və prodüseri olduğu «Qafqaz triosu»adlı filmi Azərbaycan gündəminin əsas mövzularından birinə çevrilib. 3 il əvvəl çəkilmiş filmlə bağlı tənqidçi Ayaz Salayevin yazdığı fikirlər sonra müzakirə predmetinə çevrilib.


Ayaz Salayev

iddia edir ki, Rüstəm İbrahimbəyov Azərbaycan xalqına nifrət edir:

“Filmdə ssenari müəllifinin öz doğulduğu ölkəyə olan nifrəti, milli köklərinə etdiyi xəyanəti açıq şəkildə öz əksini tapıb. Hətta heç bir azərbaycanlı filmdə çəkilmək istəmədiyinə görə bu obrazı da rusiyalı aktyorlar öz üzərinə götürüb. Aydın məsələdir ki, bu filmin maliyyəsinin ermənilərə gedib çıxdığı şübhəsizdir”.

Kinorejissor deyir ki, filmdə lentə alınanlar bir filmdən daha çox siyasi məqsədlə çəkilən kadr yığınıdır. Sanki Rüstəm İbrahimbəyov bu ssenarini bircə azərbaycanlının yaşamadığı Ermənistanın yerinə, 30 min erməninin Azərbaycanda yaşadığından xəbərsiz olaraq yazıb. Rüstəm İbrahimbəyovun maliyyə aldığı dairələrə özünü humanist insan kimi qələmə vermək cəhdini isə yalnız öz milli kökünə xəyanət adlandırmaq olar.

Məqaləni öz “Facebook” səhifəsində paylaşan prezidentin köməkçisi Əli Həsənov hər kəsi filmə, onun müəllifinə münasibət bildirməyə çağırıb. Bununla da müzakirələr başlayıb.


“Turan”

İnformasiya Agentliyi Rüstəm İbrahimbəyovun məsələyə münasibətini dərc edib:

“Qarabağ faciəsinə dəfələrlə münasibətimi bildirmişəm. Əksər azərbaycanlılar kimi, hesab edirəm ki, Ermənistanın ərazi iddiaları milyonlarla insanın taleyində əksini tapmış dəhşətli nəticələrə gətirib çıxarıb. Xalqımın acısını hiss edirəm və əminəm ki, gec və ya tez Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq.

Bununla belə, Ermənistan rəhbərliyini və təcavüzkar milliyyətçi qrularını ölkəmizə qarşı cinayətlərdə ittiham etsəm də, baş verən hadisələrdə bütün erməni xalqını təqsirli hesab etmirəm və hər bir ermənini düşmən kimi qəbul etmirəm. Bu, uzun illərdir davam edir və məhz buna görə məni “ermənipərəstlikdə” ittiham edirlər. Bəziləri bunu bu təcavüzün xalqımızı düçar etdiyi iztirablara görə ədalətli qəzəblə edirlər. Digərləri yaranmış vəziyyətdən öz şəxsi məqsədləri üçün istifadə etməyə çalışır, pafoslu-vətənpərvər bəyanatlarının hakimiyyətdəkilərin diqqətini cəlb edəcəyinə və təqdir ediləcəyinə ümid edirlər”.

Rüstəm İbrahimbəyov hesab edir ki, Ayaz Salayev həmin yazını sifarişlə yazıb:

“”Qafqaz triosu” filmi 2015-ci ildə çəkilib və çətin ki, kinoşünas Ayaz Salayev ona bu qədər gec baxıb. Filmin səthi-siyasiləşdirilmiş təhlili və mənim ünvanıma filmdə bəhs edilən tarixdən çox-çox kənara çıxan ittihamlar Salayevin məqaləsinin ya “sifarişli” olduğu, ya da məhz bu gün üzərinə diqqət çəkmək üçün ona lazım olduğu barədə qənaət yaradır. Filmdə baş verənlərin mənası kobud və qərəzli şəkildə təhrif edilib; faktları dəyişdirən və diqqəti ikinci dərəcəli hadisələrə çəkən coşğun tənqidçi əsas şeyi görməyib: baş qəhrəman azərbaycanlı Fərhadın xeyirxah davranışı onun uşaqlıq dostunun, Bakı ermənisinin yanlış baxışlarını dəyişdirir.

“Qafqaz triosu” filminin müdafiəyə ehtiyacı yoxdur. Mən filmi görməyənlər üçün öz müəllif fikrimi açıqladım. Yeri gəlmişkən, çoxunu inandıra bilməsəm, təəccüblənmərəm. Mənim yaradıcılıq həyatım belə alınıb ki, ssenarim əsasında çəkilmiş ilk film, “Bir cənub şəhərində” Azərbaycan xalqına böhtan elan edilib və orada bəhs edilən hekayənin geniş tamaşaçı kütləsi tərəfindən təqdir olunması üçün illər tələb olunub. Azərbaycanın hüdudlarından kənarda şöhrət qazanmış digər nəsr və kino-teatr əsərlərim də ciddi tənqidə məruz qoyulub.

Ölkəmizdə Azərbaycan Demokratik Respublikasının faciəvi taleyinə həsr olunmuş ilk tamaşa – 1982-ci ildə mənim pyesim əsasında qoyulmuş “Ultimatum” tamaşası Azərbaycanın qabaqcıl tarixçiləri tərəfindən hamılıqla pislənib və bağlanıb.

Bizdə hakimiyyətin ideoloji məqsədləri ilə üst-üstə düşməyən istənilən fikir düşmən fikir hesab olunurdu və olunur. Amma zaman keçir və kəskin tənqidə məruz qalan şeylərin çoxu artıq qəbul olur. Məsələn, yaxın keçmişdən bəri respublika mətbuatında ermənilərin Azərbaycana sıxlaşan səfərləri razılıqla qarşılanır. Bu, nəhayət, nə vaxtsa Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanmasına nail olacağımızın, beynəlxalq normalara uyğun olaraq, Qarabağ ermənilərin də Azərbaycan vətəndaşı kimi qayıdacağının dərk edilməyə başladığını göstərir. Və istənilən ermənini düşmən elan edənlər istər-istəməz yerli əhalinin düşmən münasibəti ilə əlaqədar Azərbaycan ərazisində ermənilərin yaşamasının qeyri-mümkün olduğunu iddia edən ideoloji düşmənimizə kömək edirlər. “Qafqaz triosu” filmi bu dəlilə etiraz edir, düşmən ölkələrin nümayəndələri arasında normal insani münasibətlərin mümkün olduğundan bəhs edir. Və mən inanıram ki, bu gün müxtəlif səbəblərdən bu açıq-aşkar həqiqəti qəbul etməyənlər gec və ya tez onu dərk edəcəklər”.

Ayaz Salayev isə

Azadlıq Radiosuna

verdiyi müsahibəsində məqaləni sifarişlə yazmadığını deyir:

“Bəli, özüm də bu yazının belə reaksiya doğuracağını gözləmirdim. Bu da onu təsdiqləyir ki, bizdə çox böyük inciklik var və belə şeylərə toxunmaq olmaz. Düşmən tərəfdən bunu görəndə normal qəbul edirsən, amma öz tərəfimizdən xəyanəti görəndə hamı çox inciyir. Burda başqa bir şey axtarmaq yanlışdır. Sifarişlə də yazmamışam. Mənim addımımda çirkin, iyrənc bir şey axtarmaq bilmirəm nə dərəcədə düzgündür, nə dərəcədə mənəvi baxımdan sağlamdır?”

Ayaz Salayev
Ayaz Salayev

“Mən elə bir dahi sənətkar görməmişəm ki, xalqının maraqlarının fövqündə dayansın, öz xalqı haqqında hər şeyi desin, vəhşiliyini göstərsin. Olar, o başqa şeydir, bəli, ürək ağrısı ilə göstərsin… Məncə, hökumət haqlı nəsə deyəndə bunu cəsarət tapıb söyləmək lazımdır. Rüstəm İbrahimbəyovu müxalif, azadlıq uğrunda, Azərbaycanda demokratiya uğrunda vuruşan adam kimi görmək yanlış olardı. Bu filmi Azərbaycanda kim görübsə qəlbinə toxunub” – tənqidçi fikrini tamamlayıb.

Ana səhifəXəbərlərRüstəm İbrahimbəyov filminə görə tənqid olundu