Ruslar “Suriya bataqlığı”nda çıxa biləcəkmi?

Yaxın Şərqdə daha dağıdıcı dövr başlayır

Source:


Yaxın Şərqdə daha dağıdıcı dövr başlayır

Rusiya Suriyaya hərbi müdaxilə etdi. Bununla da bölgədə situasiya daha dramatik çalar aldı. Rus qoşunları tarix boyunca işğal etdikləri ərazilərdən asanlıqla çıxmayıblar. Bu dəfə də Kreml buna iddia edir. Rusların Suriyaya hərbi müdaxiləsi Türkiyənin, Səudiyyə Ərəbistanının, İranın proseslərdə daha açıq iştirakına yol açır. Bu isə artıq bölgə xəritəsinin dəyişdirilməsi deməkdir. Problemin həlli ola biləcək “Əsədsiz Suriya” modeli rusların hərbi müdaxiləsindən sonra öz aktuallığını itirir.

İmpulsiv, irrasional bir sima olan Putin yenə də problemi bir qrup hərbiçisi ilə həll etmək niyyətindədir.  Bir sözlə, Rusiya “ikinci Əfqanıstan” problemi ilə üz-üzədir.

Lakin Kreml yalnız Yaxın Şərqə nəzarəti bərpa etmək niyyətində deyil. Moskva, ilk növbədə, MDB məkanını tam təsir dairəsinə salmaq istəyir. Problemə daha dərindən yanaşsaq, onu vurğulaya bilərik ki,  Qərbin “məxməri inqilab”larına qarşı rusların hərbi güc layihəsindən istifadə etməsi yeganə çıxış yolu kimi dəyərləndirilir. Belə ki, “yumşaq qüvvə” ilə hakimiyyətləri devirməyi nəzərdə tutub. Birləşmiş Ştatların məqsədi əslində Rusiyanın geosiyasi mövqeyini darmadağın etməyə yönəlib. Bu layihənin əsas seqmentini ictimai rəydə iqtidarlar barəsində mənfi rəy formalaşdırmaq, son nəticədə Rusiya ilə sıx münasibətləri olan rejimləri istefaya göndərməyi təşkil edir.

Rusiyanın Yaxın Şərq və MDB məkanından qovulması, demokratiya uğrunda mübarizədən daha çox Qərb-Rusiya qarşıdurmasının təzahürüdür. Ukrayna slavyan birliyinin ən əsas oyunçusu idi və amerikalılara bu zənciri dağıtmaq üçün “narıncı inqilab” vacib idi. Gürcüstan və Azərbaycanda möhkəmlənmək isə İrana strateji giriş əldə etmək, beləliklə, Hind okeanına və “isti dənizlərə” Rusiyanın çıxışını kəsmək, bununla da Moskvanın geosiyasi güc olmasına son qoymaq planına xidmət edir. Bu müstəvidə Suriyanın nəzarətə götürülməsi Moskva üçün vacibdir.

Rusiya isə bunun qarşısını almaq üçün bir yol tanıyır – hərbi müdaxilə. Suriyada dünyaya güc nümayiş etdirən Kreml eyni zamanda Azərbaycanı ələ keçirmək, Gürcüstanda itirilmiş mövqelərini bərpa etmək arzusundadır. Moskva, ilk növbədə, Suriyada üstünlüyə malik olmaq istəyir.

Rusiyaya Cənubi Qafqaza və İrana çıxışı əldə etmək də son dərəcə vacibdir. Bu baxımdan, Rusiya bu bölgədə “məxməri inqilab”lar perspektivindən sığortalanmaq istəyir.

MDB ölkələri inkişafını Avropa Birliyi və Qərblə əməkdaşlıqda gördü. Bir sözlə, Moskvanın hakimiyyət dəyişikliyi həyata keçirilməsi son nəticədə özü üçün qazılmış tələ oldu. Elə bir bu amil kifayət edirdi ki, Kreml MDB məkanında hakimiyyət dəyişikliklərinə böyük çaba göstərməsin.

Lakin Kreml hərbi gücdən istifadə edərək, nüfuzu bərpa etmək niyyətindədir. Suriyada baş verənlər də bu prosesin xəbərçisidir. Suriyaya qoşun yeritməklə ruslar diqqəti Ukraynadan yayındırırlar. Lakin Moskvanın əsas məqsədi MDB məkanında möhkəmlənməkdir.

Rusiya perspektiv planda bütövlükdə keçmiş SSRİ məkanında mövqelərini itirməkdədir və əlavə canfəşanlıq rusları daha da çətin duruma salır. Odur ki, ruslar yalnız hərbi müdaxiləyə bel bağlayır. Bu baxımdan, Kreml artıq hərbi gücdən açıq şəkildə istifadə etməyə başlayıb.

MDB məkanında Moskva üçün əsas məsələ ABŞ layihəsi olan “məxməri inqilab”ların qarşısını almaqdadır. Əgər Rusiyanın Azərbaycan və yaxud hansısa bir ölkədə hakimiyyət dəyişikliyi etmək planı olsa idi, bunun üçün Qərbin istifadə etdiyi “şəbəkə layihəsi”ndən daha sürətli olan “güc olan yerdə ağla ehtiyac yoxdur” texnologiyasından istifadə edilə bilərdi. Rusiya əmin olmaq istəyir ki, Qərbin Azərbaycanla bağlı “məxməri inqilab” planı mövcud deyil. Vurğulamaq lazım gəlir ki, Moskvanın istər kəşfiyyatı, istər elektoratı, istər ordu və təhlükəsizlik sistemlərinə çıxışı daha genişdir.

ABŞ-la açıq münaqişə də Rusiyaya uğur gətirə bilməyəcək. Dünyanın tək super gücü ilə danışmağın dalaşmaqdan daha yaxşı olduğunu Putin də dərk edir. Lakin irrasionallıq ona soyuqqanlı olmamağı tövsiyə edir. İqtisadi baxımdan əziyyət çəkən təbəqənin gələcəkdə Putinin əleyhinə təşkil olunacaq “məxməri inqilabda” iştiraka üstünlük verəcəyi gözlənilir. Lakin Putin bundan narahat olmur. Beləliklə də, “millətçilik əclafların son sığınacağıdır”, deyimi Rusiya üçün yenə də aktuallaşır.

Rusiyanın Suriyaya birbaşa və genişmiqyaslı müdaxiləsini ağlasığmaz hesab etmək mümkündür. Suriya keçmiş SSRİ-nin Əfqanıstana müdaxiləsini xatırladır.  Rusiya qoşunlarının Suriyaya müdaxiləsi yerli əhali tərəfindən də müsbət  qarşılanmayacaq. Rusiyanın  Suriyanı özü üçün ikinci Əfqanıstan olaraq seçəcəyi də istisna edilmir.

Amma bu halda Yaxın Şərqdə daha dəhşətli və dağıdıcı dövrün başlanacağı şübhəsizdir. Suriya bataqlığı rusların başını uzun müddətə qata bilər. Geniş mənada, rusları bu tələyə elə Qərb özü saldı. Odur ki, pafoslu çıxışlarına baxmayaraq, rusların məğlubiyyətini hər kəs anlayır…

Ana səhifəXəbərlərRuslar “Suriya bataqlığı”nda çıxa biləcəkmi?