“Toplum TV işi” üzrə həbsdə olan III Respublika Platformasının qurucu heyət üzvü Ruslan İzzətli saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında həkim olmamasından şikayətçidir.
Bu barədə Ruslan İzzətlinin “Facebook” səhifəsində yazılıb.
İzzətli yazıb ki, uzun müddətdir ödündə ağrılar var.
“Təxminən bir aydan çoxdur ki, ödümdə kəskin ağrılar var. Artıq ağrılardan gecə ağrıkəsici vurmaq məcburiyyətində qalıram. Ən böyük narahatlığım ödümdə hər hansısa bir dəyişikliyin olub olmamasıdır. Çünki öd funksiyasını itirib, cərrahi əməliyyatla götürülməlidir. Həbsxana şəraitinə görə cərrahi əməliyyata girmirəm”, – deyə o yazır.
Ruslan İzzətli deyir ki, bundan öncə təcridxanada Orxan adlı həkim olub amma o da işdən çıxıb. Bundan sonra müəssisəyə onu əvəz edəcək həkim gəlməyib.
“Son həftələr ağrıların intensivləşməsi USM müayinəsindən keçməyimi tələb edir. Penitensiar Xidmətin USM həkimi görünür ki, yoxdur. Əvvəllər Orxan adlı həkim gəlib müayinə edirdi. O da işdən çıxandan sonra insanlar qalıb Allahın ümidinə. Ədliyyə Nazirliyinin tibbi xidməti bərbad vəziyyətdədir. Peşəkar və ixtisaslı həkimlər demək olar ki, yox səviyyəsindədir. Səbəb də aydındır. Çünki maaşın və sosial təminatın aşağı olduğu yerdə heç kim gəlib işləmək istəmir. Nəticədə minlərlə vətəndaşımız həbsxanalarda lupa ilə həkim axtarırlar”, – İzzətli bildirib.
Ruslan İzzətli 2024-cü il martında “Toplum TV işi” ilə bağlı həbs olunub.
Ümumilikdə bu iş üzrə 10 nəfərə cinayət işi açılıb.
Onlar əvvəlcə qaçaqmalçılıqda ittiham olunublar, sonradan ittihamlar daha da ağırlaşdırılıb.