Yermak: “Rusiyanı “xoşagəlməz sürprizlər” gözləyir”
Vaşinqtonla Ukraynaya yeni yardım paketi və gələcək məsələlər müzakirə olunub. Rusiya üçün “xoşagəlməz sürprizlər” gözlənilir.
Bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib.
Onun sözlərinə görə, iyunun 2-də Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı ilə birlikdə ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceykob Sallivan və Birləşmiş Ştatlar Rəisləri Komitəsinin rəhbəri general Mark Milley ilə telefon danışığı aparıblar.

“Biz ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketini müzakirə etdik. Bu paketə HIMARS MLRS və döyüş sursatları, Mi-17 helikopterləri, Javelin raketləri, taktiki maşınlar, radarlar və digər döyüş sursatları daxildir”, – deyə Yermak bildirib.
A.Yermak bunun ABŞ-ın son yardımı olmayacağını deyib: “Onlar Ukrayna ordusunun Rusiyanı məğlub etmək ehtiyaclarını dilə gətiriblər. Həmçinin “düşmənin mütləq bəyənməyəcəyi gələcək sürprizləri” müzakirə ediblər”.
“Ukraynaya dəstək verən muzdlular öldürülüb”
Rusiya Qüvvələri Ukraynaya gələn yüzlərlə əcnəbi muzdlu əsgəri uzaqmənzilli silahlarla öldürüb.
Bu açıqlamanı Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov yayıb.

Onun sözlərinə görə, muzdluların əksəriyyətinin real döyüş təcrübəsi yoxdur.
“Ukrayna silahlı qüvvələrinin bölmələrinin və Milli Qvardiyanın komandirləri öz hərbçilərinin itkilərini azaltmaq üçün muzdlulara aman vermirlər. Əsir düşən muzdlular dindirmələr zamanı deyirlər ki, ilk növbədə onları qurban edirlər”, – İqor Konaşenkov belə deyib.
Polşa hökuməti Ukrayna qaçqınlarlna müavinəti dayandırır
İyulun 1-dən Polşa hökuməti Ukraynadan olan qaçqınlar üçün yemək və yaşayış üçün gündə 40 zlota (təxminən 300 qriven) məbləğində müavinətin ödənilməsini dayandırmağa hazırlaşır.
Bu barədə Polşanın “Rzeczpospolita” saytı daxili işlər nazirinin müavini və hökumətin qaçqınlar üzrə nümayəndəsi Pavel Bossernakera istinadən məlumat yayıb.

Amma nazir müavini istisnaların olacağını da əlavə edib:
“Bəzi kateqoriyalar, məsələn, əlillər, hamilə qadınlar və ya çoxuşaqlı ailələr üçün müavinətlər qalacaq. Hökumət Ukraynadan olan qaçqınlara yardım haqqında xüsusi aktda ilkin olaraq ilk 60 gün ərzində müavinətlərə zəmanət verdi. Bir ay əvvəl bu müddət daha 60 gün uzadıldı”.
“Rusiya Donbasın şərqini atəşə tutur”
Rusiya qüvvələri iyunun 2-də səhər saatlarından Donbasın şərqində strateji əhəmiyyətli Sloviansk şəhəri yaxınlığında yerləşən Mykolaivka kəndini atəşə tutur.
Ukrayna hökumətinin müşaviri Serhiy Leşçenko bildirib ki, artilleriya atəşi yaşayış məntəqəsini “7/24” vurur.
Leşçenko deyib ki, Rusiyanın irəliləyişinə qarşı Slovianskın şimalındakı ərazilərdəki insanlara ərzaq və geyim ləvazimatları çatdırılıb.

Donetskin hərbi qubernatoru Pavlo Kyrylenko bildirib ki, bu gün 3500 mülki şəxsin qaldığı Sloviansk, Baxmit və Avdiyivka da daxil olmaqla, “bütün təmas xətti” boyunca atəş açılıb.
İşğaldan əvvəl bölgədə yaşayan 340,000 insanın çox az hissəsinin evlərində qaldığı bildirilir.
Britaniya Ukraynaya M270 buraxılış sistemlərini göndərəcək
Böyük Britaniya Ukraynaya 80 kilometrə qədər məsafədəki hədəfləri vura bilən M270 buraxılış sistemlərini göndərəcək.
Bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles CNN-ə deyib.

Nazir əlavə edib ki, bu sistemlər Ukrayna hərbi qüvvələrinin həyat qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq: “Böyük Britaniya Ukraynanın yanındadır və müdafiə üçün lazım olan həyati silahlarla təmin etməkdə liderlik edir”.
“Rusiyanın taktikası dəyişdikcə, Ukraynaya dəstəyimiz də dəyişməlidir. Bu çoxsaylı buraxılış raket sistemləri ukraynalı dostlarımıza Rusiyanın uzaq artilleriyadan vəhşicəsinə istifadə etməsindən özlərini daha yaxşı təcrid etməyə imkan verəcək “, – deyə nazir vurğulayıb.
Zelenski: “İndiyədək müharibədə 243 uşaq həlak olub”
Ukrayna prezidenti Volodimir Zelenski indiyədək müharibədə 243 uşaq həlak olduğunu söyləyib.
Prezident iddia edib ki, daha 200 min uşaq zorla Rusiyaya aparılıb.
Zelenski iyunun 1-də xalqa gecə videomüraciəti zamanı müharibə zamanı 446 uşağın yaralandığını, 139-nun isə itkin düşdüyünü bildirib.

O, zorla Rusiyaya aparıldığı güman edilən 200 min uşaqla bağlı danışarkən deyib:
“Bu cinayət siyasətinin məqsədi təkcə insanları oğurlamaq deyil, deportasiya olunanlara Ukraynanı unutdurmaqdır. Yalnız onlar Ukraynanı işğal edə bilməyəcəklər. Eyni zamanda, bizim uşaqlarımız işğalçıların mülkü olmayacaq”.
Merkel Rusiya ordusunun əməliyyatını barbar adlandırıb
Almaniyanın sabiq kansleri Angela Merkel Rusiyanın Ukraynadakı əməliyyatını barbar müharibə adlandırıb.
Bu barədə “Reuters” məlumat yayıb.
Keçmiş kansler Angela Merkelin fevralın sonundan bəri ilk dəfə Ukraynanı dəstəklədiyi, Rusiya ordusunun hərəkətlərini pislədiyi qeyd olunub.

A.Merkel Almaniyanın indiki hökumətinə məsləhət vermək fikrində olmadığını da bildirib.
Xanım Merkel əlavə edib ki, Rusiya rəhbərliyinin seçdiyi xarici siyasətə baxmayaraq, Qərb liderləri Vladimir Putinlə dialoqu davam etdirməlidirlər.
Slovakiya müdafiə naziri: 8 “Zuzana 2” özü yeriyən haubitsa Ukraynaya çatdırılacaq
Ukrayna və Slovakiya səkkiz “Zuzana 2” özü yeriyən haubitsasının tədarükünə dair müqavilə imzalayıb.
“European Pravda” Slovakiyanın müdafiə naziri Yaroslav Nağıyə istinadən bu barədə məlumat yayıb

“Mən şadam ki, Ukrayna üçün “Zuzana 2” haubitsaları üçün müqavilə imzalanıb – səkkiz ədəd Ukraynaya çatdırılacaq”, – nazir belə yazıb.
İyunun 1-də Ukraynaya səfər edən Slovakiya Prezidenti Zuzana Çaputova İrpen və Borodiankaya şəhərlərinə baş çəkib.
Xatırlatma
Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.
Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.