Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 98-ci günü: yenilənən xəbərlər

Ukrayna. Foto: Reuters

Peskov: “Ukrayna Prezidenti Volodimir Zelenskiyə inanmırıq”

“Moskva əmin deyil ki, Kiyev ABŞ-ın uzadılan çoxmənzilli raket sistemlərini (MLRS) alacağı təqdirdə Rusiya ərazisinə hücum etmək fikrində olmayacaq. Çünki Ukrayna Prezidenti Volodimir Zelenskiyə inanmırıq”.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

“Zelenskiyə güvənmək üçün bu vədlərin yerinə yetirildiyi hallarla bağlı təcrübəyə malik olmaq lazımdır. Təəssüf ki, belə təcrübə ümumiyyətlə yoxdur”, – deyə Peskov izah edib.

Dmitri Peskov, Foto: ID1974/shutterstock

Onun sözlərinə görə, ABŞ tərəfindən MLRS-nin tədarükü Ukraynadakı yanğına səylə yağ tökür:

“Burada yeni heç nə yoxdur, biz hesab edirik ki, Birləşmiş Ştatlar məqsədyönlü və səylə odun üstünə yağ tökür”.

O əlavə edib ki, Rusiya Ukraynanın MLRS-i alacağı təqdirdə riskləri minimuma endirmək üçün tədbirlər görür.


Dünya Putinin Ukraynadakı müharibəsini necə maliyyələşdirir?

“Bloomberg”: “Rusiyanın neft-qaz gəliri bu il təxminən 285 milyard dollar olacaq”

“Bloomberg” yazır ki, Rusiya hələ də neft, qaz və digər əmtəələrin satışından milyardlarla gəlir götürür.

V.Putin. Foto: Meydan TV

Bildirilir ki, Rusiya təkcə 2022-ci ildə neft və qazdan gündə orta hesabla 800 milyon dollar qazanc götürüb.

Yalnız neft və qazdan əldə olunan gəlir Rusiyanın tək qazanc mənbəyi deyil. Bura həm də buğda, nikel, alüminium və palladium satışından gələn gəlirlər də daxildir.


Rusiyada maliyyə itkiləri yaşayan kinoteatrlara yardım ediləcək

Hökumət Ukraynadakı hərbi əməliyyatlarla əlaqədar Hollivud layihələrinin Rusiyadan geri çəkilməsi səbəbindən maliyyə itkiləri yaşayan ölkə kinoteatrlarına yardım edəcək.

Rusiya Prezidentinin mədəniyyət məsələləri üzrə müşaviri Vladimir Tolstoy deyib ki, Mədəniyyət Nazirliyi ilə Kino Fondu kinoteatrlarını böhrandan çıxarmaq istiqamətində işlər görür.

Müşavir qeyd edib ki, kinoteatrlara dəstək maddi baxımdan yox, irəli sürülən təklif və ideyalar şəklində olacaq.

Kino. Foto: Fer Gregory/shutterstock

“Biz çıxış yolları ilə bağlı təkliflərimizi vermişik. Dəstək yolları mütləq tapılacaq”, – Tolstoy bildirib.

Rusiya-Ukrayna münaqişəsi fonunda tətbiq edilən sanksiyalara görə ölkə kinoteatrları gəlirlərinin 80 fazini itirmək təhlükəsi ilə üz-üzədir.

Hollivud kino studiyaları Rusiya prokatında filmlərin nümayişini dayandırıb.

Rusiyada kinoteatrlar fərdi şəxslərə, bir çox media və reklam platformaları dövlətə məxsusdur.


Şolz: “Almaniya Ukraynaya müdafiə sistemləri verəcək”

Almaniya Ukraynaya hava hücumundan müdafiə sistemləri verəcək.

Bu barədə Almaniya Kansleri Olaf Şolz Bundestaqda bəyanatla çıxış edib.

Olaf Şols. Mənbə: Reuters

Onun sözlərinə görə, hava-hava raketlərinin köməyi ilə döyüş təyyarələri, helikopterlər, qanadlı raketlər, raket artilleriyası, pilotsuz təyyarələr və s. hücumlarını dəf etmək olar.

Bundan əlavə, Kiyev Berlindən Rusiyanın haubitsalarını, minaatanlarını və raket artilleriyasını aşkar edə bilən izləmə radarları alacaq.


Zelenski: “Hər gün 100-ə qədər ukraynalı əsgər ölür”

Rusiya ordusu ilə döyüş meydanında hər gün 60-dan 100-ə qədər ukraynalı əsgər ölür, daha 500-ü yaralanır.

Bu açıqlamanı Ukrayna Prezidenti Volodimir Zelenski Amerikanın “Newsmax” telekanalına müsahibəsində deyib.

“Vəziyyət çox çətindir. Biz hər gün döyüş meydanında 60-100 əsgər itiririk, 500-ə yaxın insan döyüşdə yaralanır. Beləliklə, biz müdafiə perimetrlərimizi saxlayırıq”.

V.Zelenski hazırda ən çətin vəziyyətin Ukraynanın şərqində və Donetsk və Luqanskın cənubunda olduğunu bildirib.

Ukrayna-Rusiya. Foto: Tomasz Makowski/shutterstock

Prezidentin sözlərinə görə, Putin Ukraynanı məğlub edə bilməz: “Ancaq dünya Rusiya qoşunlarının son vəhşiliklərini nəzərə alaraq onu müdafiə etməyi dayandırmalıdır”.

“İndi Putin, demək olar ki, təcrid olunub. Dünya ona daim şans verir, çünki sanksiyalar tam həyata keçirilmir. Rusiya liderinə vəziyyətdən çıxış yolu təklif edilməli olduğunu iddia edən bəzi liderlərin bəyanatlarında boşluqlar var”, – Zelenski belə deyib.

Ukrayna lideri həmçinin qeyd edib ki, Putin və Rusiyanın zəifliyi təkcə onların Ukraynanı tamamilə işğal edə bilməmələrində deyil, həm də onu ölkə prezidentliyindən uzaqlaşdırmaq cəhdlərindədir.


Rusiya Luqansk və Donetskdə 21 yaşayış məntəqəsini atəşə tutub

Rusiya ordusunun Slavyansk, Severodonetsk və Rayqorodok şəhərlərini atəşə tutması nəticəsində 4 nəfər həlak olub.

Bu barədə Birləşmiş Qüvvələr qrupu “Facebook” səhifəsində məlumat yayıb.

Ukrayna. Foto: Reuters

Bildirilir ki, mayın 31-də Rusiya hərbçiləri Luqansk və Donetsk vilayətlərində 21 yaşayış məntəqəsini atəşə tutub.

“46 mülki obyekt, o cümlədən, 40 çoxmərtəbəli və fərdi yaşayış evi, incəsənət məktəbi (Qorskoye), uşaq bağçası (Yarovaya kəndi), Proletar zavodunun (Lısiçansk) yardımçı tikililərini dağıdılıb”, – deyə qeyd olunub.

Xilasedicilərin 13 907 nəfəri döyüş əməliyyatları aparılan rayonlardan təxliyə etdiyi bildirilir.


Rusiya Danimarka şirkətlərinə qaz tədarükünü dayandırıb

İyunun 1-də Rusiyanın “Qazprom” şirkəti Danimarkanın enerji şirkəti “Rsted” və “Shell Energy Europe”a (Shell-in Avropadakı törəməsi) qazın tədarükünün tamamilə dayandırıb.

Səbəb kimi rublla ödəniş edilməməsi göstərilib.

“Qazprom” şirkəti. Foto: Maksim Konstantinov/shutterstock

Bu barədə Rusiya mediası məlumat yayıb.

“Rusiya Prezidentinin 31 mart 2022-ci il tarixli 172 saylı fərmanına əsasən, “Qazprom” şirkəti mayın 31-də iş gününün sonuna kimi “Orsted Salg & Service” şirkətindən aprel ayı üzrə qaz tədarükü üçün ödəniş almayıb”, – deyə məlumatda bildirilir.


Xatırlatma

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

Ana səhifəRedaktor seçimiRusiyanın Ukraynaya hərbi müdaxiləsinin 98-ci günü: yenilənən xəbərlər