Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 97-ci günü: yenilənən xəbərlər

Ukrayna

Ali Rada Ombudsmanı istefaya göndərdi

Ukraynanın Ali Radası Lyudmila Denisovanın İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsindən istefasına səs verib. 234 deputatın istefa qərarına səs verdiyini deyilir.

Bu barədə məlumatı deputat Yaroslav Jeleznyak “Teleqram”ında paylaşıb. Deputatın sözlərinə görə, heç kim Denisovanın təyinatına səs verməyəcək.

Lyudmila Denisova. Mənbə: “Unian”

Mayın 30-da Denisova bəyan edib ki, Ukrayna Prezidentinin Aparatı adından onun mayın 31-də vəzifəsindən azad edilməsi üçün imzaların toplanmasına başlanılıb. Ombudsmanın sözlərinə görə, onun işdən çıxarılması üçün Ukrayna Konstitusiyasına zidd olan mexanizmdən istifadə olunacaq.

L.Denisova 2018-ci ildən İnsan Hüquqları üzrə Müvəkkilidir. Bundan əvvəl o, Yuliya Timoşenko (2007-2010) və Arseni Yatsenyuk (2014) hökumətlərində sosial siyasət naziri olub.

2022-ci il aprelin 27-də keçmiş uşaq ombudsmanı Nikolay Kuleba Lyudmila Denisovanı Xersonda 58 uşağın harada gizləndiyi barədə məlumatı Rusiya ordusuna verməkdə ittiham edib.


“ABŞ Ukraynaya yaylım atəşli raket sistemləri verəcək”

“Ukrayna və ukraynalılar demokratiya uğrunda mübarizədə ön cəbhədədir. Onların mübarizəsi demokratiya və mütləqiyyət, azadlıq və repressiyalar, çoxlarının həyatlarına və azadlıqlarına hakim olmağa can atanların iştahları və ambisiyaları arasında mübarizənin bir hissəsidir”.

Bu açıqlamanı mayın 30-da ABŞ prezidenti Co Bayden verib.

Co Bayden, Mənbə: lev radin/shutterstock

C.Bayden ABŞ-ın Ukraynaya Rusiyaya zərbə endirə biləcək raket kompleksləri göndərmək niyyətində olmadığını vurğulayıb.

Ağ Evin nümayəndəsi isə “Turan”a bildirib ki, ABŞ Ukraynaya yaylım atəşli raket sistemləri verəcək: “Ancaq bu sistemlər Rusiya ərazilərini vura bilməyən sistemlər olacaq”.


“Severodonetsk ətrafında küçə döyüşləri gedir”

Ukrayna hökuməti Rusiya ordusunun Severodonetsk yaxınlığındakı Toşkivka kəndindən çıxarıldığını açıqlayıb.

Bildirilir ki, bu addım Rusiya ordusunun ərazini mühasirəyə almaq cəhdlərini əngəlləməyə hesablanıb.

Mayın 31-də Britaniya kəşfiyyatı Severodonetsk şəhərinin atəşə tutulduğu xəbərini verib.

Ukrayna, foto: Reuters

Şəhər ətrafında küçə döyüşlərinin getdiyi bildirilir.

Məlumatda qeyd edilir ki, proses lənğ, lakin uğurlu gedir.

Britaniya kəşfiyyatı bildirir ki, Moskvanın siyasi məqsədi Donetsk və Luqansk vilayətlərini nəzarətdə saxlamaq və tam tutmaqdır: “Moskvanın uğurları nisbətən kiçik ərazidədir. Onu da nəhəng qüvvələr və silahla əldə edə bilir”.


Zelenski: “Şərqi Donbasda vəziyyət çətindir”

Ukrayna Prezidenti Volodimir Zelenski Şərqi Donbas regionunda vəziyyətin çətin olduğunu deyib.

Onun sözlərinə görə, bu ərazi həftələrdir ki, bombardman edilir: “Üstəlik, Rusiya ordusu oraya maksimum döyüş qüvvəsi cəmləyib”.

Volodimir Zelenski. Foto: Dmytro Larin/shutterstock

“Donbasda vəziyyət həddindən artıq çətindir. Rusiya ordusu müdafiəçilərimizə təzyiqi artırmaq üçün müəyyən ərazilərə böyük qüvvələr yığırlar. Donbasa isə Rusiya ordusunun maksimum döyüş qüvvəsi cəmləşib”, – Zelenski mayın 30-da gecə çıxışında deyib.

Ukraynanın Şərqi Luqansk vilayətinin separatçı lideri Leonid Paseçnik TASS agentliyinə deyib ki, Severodonetskin üçdə biri artıq onların nəzarətindədir.


Rusiya neftinə ilk embarqo dəniz yolu ilə olacaq

Avropa İttifaqı liderləri Rusiya neftinə qismən qadağalar qoymağa qərar veriblər.

Bildirilir ki, ilk addım dəniz yolu ilə daşınan neftə embarqo ilə başlayacaq.

Rusiyaya “neft embarqosu”. Foto: Mykhaylo_Kozelko/shutterstock

“Bloomberg” yazır ki, Avropa İttifaqının bu addımı Rusiya və onun prezidenti Vladimir Putini Ukraynaya müdaxiləyə görə cəzalandırmaqdır.

Bu istiqamətdə planlaşdırılan altıncı sanksiyalar paketində Rusiya neftinə qismən qadağa qoymaq razılaşdırılıb.


Medvedev: “Sanksiyalar iyrənc nəticəsini göstərir”

Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev bildirib ki, Rusiyaya qarşı sanksiyalar sadə vətəndaşlara qarşı yönəlib və nifrətdən qaynaqlanır.

Vladimir Putinə milli təhlükəsizlik məsələlərində məsləhət verən Medvedev bu barədə mayın 31-də “Telegram”da yazıb.

Dmitri Medvedev. Foto: Max kolomychenko/shutterstock

“Sonsuz iqtisadi sanksiyalar siyasi elitaya toxunmayacaq, lakin böyük biznes üçün itkilərə səbəb olacaq”, – deyə o bildirib.

Medvedev bu fikirləri mayın 30-da Aİ liderlərinin Rusiyadan neft idxalının üçdə ikisindən çoxunu və ilin sonuna qədər 90 faizini azaltmaqla bağlı razılığa gəldikdən sonra açıqlayıb.

O deyib ki, neft və qaz sanksiyaları vergi ödəyicisinə qarşı yönəlib və hökuməti büdcəni azaltmağa məcbur edir: “Nəticə özünü iyrənc göstərir – bu sanksiyalar məhz Rusiya xalqına qarşı yönəlib”.


Xatırlatma

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

Ana səhifəDünyaRusiyanın Ukraynaya hərbi müdaxiləsinin 97-ci günü: yenilənən xəbərlər