Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 93-cü günü: yenilənən xəbərlər

Ukrayna. Mənbə: Reuters

Lavrov: “Qərb bütün rus dünyasına total müharibə elan edib”

Qərb Rusiyaya, bütün rus dünyasına total müharibə elan edib və bunu heç kim gizlətmir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 27-də bu bəyanatı səsləndirib.

Onun sözlərinə görə, ABŞ və müttəfiqləri Rusiyanı cilovlamaq üçün dəfələrlə səylərini artırırlar:

Sergey Lavrov
Foto: Meydan TV

“Birləşmiş Ştatlar və onun peyklərinin birtərəfli iqtisadi sanksiyalardan tutmuş qlobal media məkanında hərtərəfli yalan təbliğata qədər ən geniş alətlərdən istifadə edərək ölkəmizi cilovlamaq üçün səylərini necə ikiqat, üç dəfə, dörd dəfə artırdığını görürsünüz”.

S.Lavrov hesab edir ki, bir çox Qərb ölkələrində gündəlik rusofobiya görünməmiş xarakter alıb və bu, hökumət dairələri tərəfindən təşviq edilir:

“Rusiyanı və ölkəmizlə bağlı hər şeyi ləğv etmək artıq absurdluq həddinə çatıb. Klassiklərin qadağası davam edir, Çaykovski, Dostoyevski, Tolstoy, Puşkin. Mədəniyyət və incəsənət işçiləri də təqib olunur”.


Zelenski: “Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq edilməlidir”

“Avropa İttifaqı Rusiyaya qarşı altıncı sanksiyalar paketi üzərində razılığa gəlməyə çalışarkən Moskva hər gün enerji təchizatına görə avropalılardan bir milyard avro alır”.

Bu fikri Ukrayna Prezidenti Volodimir Zelenski mayın 27-də videomüraciətində səsləndirib.

V.Zelenski. Foto: Meydan TV

Prezidentin sözlərinə görə, Qərb Ukraynadakı mənasız savaşa son vermək üçün çalışmalıdır:

“Onun üçün də Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq edilməlidir. Avropa İttifaqı altıncı sanksiyalar paketini tətbiq etmək üçün daha neçə həftə gözləyəcək?! Rusiyaya təzyiq insanların həyatını xilas etmək deməkdir. Rusiyanı “sakitləşdirmək” üçün müxtəlif təkliflər isə, sadəcə, ukraynalıların öldürülməsinə səbəb olmaqdır”.


“Rusiya qalıb gəlsə, III Dünya müharibəsi olacaq…”

Rusiya müharibədə qalib gəlsə, III Dünya müharibəsi başlayacaq, çünki bununla rus şovinizmi güclənəcək.

Ukrayna Prezident Admintrasiyasının rəhbərinin müşaviri Mixail Podolyak mayın 27-də telemarafonun efirində belə deyib.

O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri tez bir zamanda çoxsaylı raket sistemləri almasa, müharibə daha baha başa gələcək: “Əgər bizə MLRS verilsə, o zaman Buçadakı kimi hadisələr təkrarlanmayacaq, ölən ukraynalıların sayı daha az olacaq”.

Mixail Podolyak. Foto: https://www.perild.com/

Müşavir vurğulayıb ki, Rusiya savaşda uduzmasa, rus revanşizmi, rus şovinizmi daha da qabaracaq: “Onların çox qorxduqları Üçüncü Dünya müharibəsi mütləq olacaq. Çünki Rusiya bizə daha çox nifrət edəcək. Səbəb də odur ki, biz son 3 ayda onları aşağıladıq. Sübut etdik ki, Rusiya ordusu dünyada ikinci ordu deyil, bu, bir növ tavandır. Nəticədə ruslar bizdən qisas almaq istəyəcəklər”.

Podolyakın sözlərinə görə, Rusiyanın kifayət qədər resursları var və gizli səfərbərlik zamanı cəlb edilmiş bütün silah və canlı qüvvəni Şərqdə cəmləyib: “Onlar bizim ərazimizin heç olmasa bir hissəsini ələ keçirmək istəyirlər. Ona görə də orada çox şiddətli döyüşlər gedir. Bu gün demək olmaz ki, hüquqi müstəvidə hansısa razılaşmanın nəticəsini müəyyən etmək olar. Müharibə davam edir və paralel olaraq siyasi məsləhətçilər səviyyəsində diplomatik iş gedir”.

O əlavə edib ki, hətta savaş yaxın günlərdə bitməsə belə, müharibə onsuz da Ukraynanın şərtləri ilə başa çatacaq, çünki bu, Avropa üçün əsas məsələdir: “Rusiyanın transformasiyası daxildə başlayacaq. Bu, heç Ukrayna məsələsi də deyil. Bu, Avropanın təhlükəsizliyi və qlobal təhlükəsizlik məsələsidir. Əgər Rusiya siyasi sisteminin transformasiyası başlasa, bu da yalnız Kremlin uduzduğu halda başlaya bilər”.


“ABŞ dünya əhalisinin əksəriyyətinin dəstəyini itirib”

BMT-dəki son səsvermələr göstərir ki, ABŞ dünya əhalisinin əksəriyyətinin dəstəyini itirib.

Bunu mayın 27-də Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin “Telegram” kanalında yazıb.

Spiker fikrini əsaslandırmaq üçün əlavə edib ki, martın əvvəlində BMT Baş Assambleyası Ukraynadakı xüsusi hərbi əməliyyatın pislənməsi məsələsinə baxıb:

Vyaçeslav Volodin. Mənbə: Azərtac

“Qırx ölkə Rusiyaya qarşı çıxmaqdan imtina edib, o cümlədən Çin, Hindistan, İran, İraq, Vyetnam, Cənubi Afrika, Əlcəzair, Pakistan və başqaları. Bu dövlətlərin əhalisi 4,47 milyard nəfər – dünya əhalisinin 57,3 faizini təşkil edir. Yaxud aprel ayında Rusiyanın BMT-nin İnsan Hüquqları Şurasında üzvlüyünün dayandırılması məsələsinə baxılıb”.

“Rusiyanın əleyhinə səs verməyən 82 ölkə (Çin, Hindistan, Braziliya, Misir, İndoneziya, Pakistan, İran, İraq, BƏƏ, Meksika, Cənubi Afrika, Malayziya, Vyetnam, Səudiyyə Ərəbistanı, Sinqapur, Keniya və s.) var. Bu isə 5,93 milyard insan – dünya əhalisinin 76,2%-ni təşkil edir”, – deyə o bildirib.


Xatırlatma

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

Ana səhifəRedaktor seçimiRusiyanın Ukraynaya hərbi müdaxiləsinin 93-cü günü: yenilənən xəbərlər