Zelenski Macarıstanı tənqid etdi
Ukrayna Prezident Volodimir Zelenski Rusiyaya qarşı neft embarqosunu dəstəkləməkdən imtina etdiyinə görə Macarıstanı tənqid edib.
Bu barədə V.Zelenski Davosda danışıb.
Onun sözlərinə görə, Budapeşt mövqeyini Rusiya neftindən imtina etmək üçün əhəmiyyətli vəsaitə ehtiyacı olması ilə əsaslandırır: “Macarıstana deyirlər ki, Ukraynada insanlar ölür, uşaqlar ölür, öldürülürlər. Deməli, burada Rusiyadan 18 yaşlı əsgərlər gəlib, uşaqlara işgəncə veriblər. Onlarsa deyir ki, bəs neft? Pulu haradan ala bilərik?”.
Macarıstanın Baş naziri Viktor Orban isə gələn həftə liderlərin sammitində Aİ-nin Rusiyaya qarşı təklif etdiyi neft embarqosunun müzakirəsi mümkünlüyünü istisna edib.
“Marks & Spencer” şirkəti Rusiya bazarını tərk edir
Britaniyanın geyim istehsalçısı “Marks & Spencer” şirkəti Ukrayna hadisələri ilə əlaqədar Rusiya bazarını tamamilə tərk edəcək.
Bu barədə şirkət mayın 25-də məlumat yayıb.
Qeyd olunur ki, iri pərakəndə satış şirkəti mart ayında Rusiyaya malların çatdırılmasını dayandırıb: “Lakin işin hüquqi xüsusiyyətlərinə görə “Françayzi” Rusiya bazarından tam çıxa bilməyib. Beləliklə, Rusiya Federasiyasında təxminən 50 “Marks & Spencer” mağazası açıq qalırdı”.
“Rusiya xarici borclarını rublla həyata keçirəcək”
“Rusiya xarici borclarını rublla həyata keçirəcək, ölkədə bütün lazımi vəsait var”.
Bunu Dövlət Dumasının spikeri Vyaçeslav Volodin “”Telegram” kanalında yazıb.
Onun sözlərinə görə, Rusiyanın ödənişlər üçün lazımi vəsaitləri var:
“İkincisi, biz rublla ödəyəcəyik. Bu, ABŞ-ın mənalı seçimidir. Onlar özləri dollarla ödənişləri qadağan ediblər. Bu gün rubl xeyli möhkəmlənib və bu mənada, bazar vəziyyətimiz yaxşıdır”.
Rusiyanın dondurulmuş aktivləri müsadirə edilə bilər
Avropa Komissiyası mayın 25-də Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsinə icazə verən qanun layihəsini təqdim etməyi planlaşdırır.
Bu barədə Rusiya mediası DPA-ya istinadən məlumat yayıb.
Bildirilir ki, Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyalar çərçivəsində rusiyalı iş adamlarının təxminən 10 milyard avro məbləğində aktivlərini dondurub.
Avropa Komissiyası isə rusiyalı sahibkarların dəyəri 10 milyard avrodan bir qədər az olan dəbdəbəli yaxtalara, daşınmaz əmlaka və digər aktivlərə çıxışını qapadıb.
Aprelin 8-də bu rəqəm cəmi 6,7 milyard avro idi.
Dünən komissiyanın prezidenti Ursula von der Leyen deyib ki, Avropa İttifaqı bunun üçün hər daşı çevirməlidir, mümkünsə, hətta ittifaqda dondurulmuş Rusiya aktivlərindən istifadə etməlidir.
Xatırlatma
Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.
Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.